“Bəzi istedadlı dostlarımız “modern”, “postmodern” şerin təsirinə düşüblər” “Bəzi istedadlı dostlarımız “modern”, “postmodern” şerin təsirinə düşüblər”
  • Hadisə
  • 31 Yanvar 2019 12:52
  •  15 679

“Molla Nəsrəddin” mətbuat tariximizin üz qarasıdır” - Əvəz Qurbanlı ilə “Cümlə axşamı”nda

“Bəzi istedadlı dostlarımız “modern”, “postmodern” şerin təsirinə düşüblər”

AzNews.az “Cümlə axşamı” layihəsində şair Əvəz Qurbanlı ilə müsahibəni təqdim edir.

- Sizcə, qəzəl janrı müasir həyatın nəbzini tuta bilirmi? Qəzəlin dövranı keçməyib?

- Yox, keçib-eləməyib, elə əsil vaxtıdı (gülür). Bilirsiz, qəzəl sadəcə, bir janrdır; əruz sadəcə, bir vəzndir, ölçüdür. Ölçünün dövranı necə keçə bilər? Tutaq ki, 1000 il əvvəl dəniz səyyahları məsafə ölçüsü kimi dəniz milindən istifadə edirdilər, bu gün də həmin ölçüdən istifadə olunur. 2000 il əvvəl kiçik məsafələri addımla, gözəyarı ölçürdülər, bu gün də belədir. Bilirsiz, bir var məzmun, bir də var forma. Şerin janrından, qəlibindən asılı olmayaraq, əgər onun ifadə etdiyi fikir bu gün üçün aktualdırsa, bu günün sözünü deyə bilirsə, demək, həmin şer, eləcə də onun forması köhnə sayıla bilməz. Demək, əruzda, heca şerində, konkret olaraq, qəzəldə, qoşmada və ümumilikdə digər şer formalarında yazılmasından asılı olmayaraq, zamanın nəbzini tuta bilən söz heç vaxt köhnələ bilməz.

Sadəcə, söhbət ondan gedə bilər ki, bəli, qəzəl janrı son 200 ildə qismən arxa plana keçdi. Bunun da müəyyən səbəbləri vardı ki, bunlar barədə danışmaq çox vaxt alar. Təkcə bunu qeyd etməliyəm ki, bu tendensiya heç də ədəbi inkişafın nəticəsi kimi ortaya çıxmayıb. Bu, daha çox siyasi cərəyanların təsiri ilə, dini görüşlərə qarşı hələ 16-cı əsrin ikinci yarısında Avropadan başladılmış hücumların dalğası idi. İndi soruşacaqsız ki, bunun klassik ədəbiyyata, əruza, qəzələ nə dəxli var?

- Bəli, soruşacam.

- Bilirsiz, klassik poeziyamızın özəyini təşkil edən, əruz vəznində yazılan qəzəl, Şərq insanının həyat tərzini, yaşamını, mənəvi-psixoloji durumunu idarə edən İslam dini ideyalarının təbliğatçısı idi. “Klassik ədəbiyyat” deyəndə hamı “farağat” durur, klassiklərimizin böyüklüyünü inkar etməyə heç kəsin cürəti çatmır. Niyə? Çünki onlar doğrudan da böyük şəxsiyyətlər idi. Bəs onları böyük edən nə idi? Heç bu barədə fikirləşirikmi? Əgər dərindən araşdırsaq, görərik ki, o dahilərimiz məhz İslam mənəvi dəyərlər sistemində yetişiblər. Və demək olar ki, onların yaratdığı bütün əsərlərin ideya və ilham mənbəyi Qurani-Kərim, ondan sonra qüdsi hədislər və əsasən Peyğəmbərin (s.a.v.) və imamların (ə) hədisləri idi. Nizami kimi tarixdə böyük şair olmayıb. Bunu mən demirəm, dünyanın ən böyük nizamişünas alimləri deyirlər. Bax, həmin Nizami niyə əsərlərini Allaha minacat, Peyğəmbərin nəti ilə başlayırdı? Eləcə də ondan sonra gələn böyük şairlər...

Demək, dini dəyərlər sisteminə qarşı açılmış savaş, təbii ki, öncə həmin sistemin güclü silahı olan qəzəl ədəbiyyatını sıradan çıxarmalı idi. Buna da demək olar ki, müəyyən qədər nail oldular. Bolşeviklərin Azərbaycanı rəsmən işğal etməsindən sonra ateist sistem klassik poeziyamıza, əruz şerinə qarşı savaşı repressiya həddinə qədər yüksəltdi. Əvvəlcə əlifba dəyişikliyindən başladılar. Klassik poeziyamızın inciləri də bilirsiniz ki, yalnız ərəb qrafikalı əlifba ilə yazılmışdı. İndi təsəvvür edin əlifba dəyişikliyindən sonra nələr baş verəcəkdi – bu, yeni nəslin keçmişlə əlaqə zəncirinin qırılıb atılması deməkdi...

- Bəs niyə hazırda qəzəl yazanlar azdır və ya cəmiyyətdə çox da məşhur deyillər?

- Bu, sizə elə gəlir. Əksinə, mən deyərdim ki, son 100 ildə qəzəl ədəbiyyatının hüdudları bugünkü qədər geniş miqyasda olmayıb. Bu gün qəzəl ədəbiyyatının kifayət qədər istedadlı davamçıları var və yetişməkdə davam edir.

Bəli, sualınızda həqiqət də var: qəzəl bu gün gündəmdə deyil, bunun da səbəbləri çoxdur. Bu haqda, qismət olsa, ayrıca söhbət edərik. Ümumiyyətlə, deyin görüm, bu gün Alim Qasımov istisna olmaqla, hansı böyük sənət sahibi, sənətə damla qədər xidməti olmayan Damla qədər populyardır? Populyarlıq sənətkarlığın göstəricisi deyil və ola da bilməz.

- Qəzəl janrının ustaları deyəndə, sıralama adətən belə olur: Füzuli, Seyyid Əzim, Vahid. Siz bu bölgü ilə razısınız? Necə düşünürsünüz, bu silsilənin hazırkı həlqəsi kimdir?

- Bu təyinatla razı deyiləm. Füzulidən qabaq Nəsimi var, Kişvəri var. Füzulidən Seyyid Əzimə qədər Qövsi Təbrizi, Nişat Şirvani, Saib Təbrizi var. Seyid Əzimlə eyni vaxtda yaşamış Bəhar Şirvani var. O Bəhar ki, Şamaxıdan gedib, İranda “məliküş-şüəra” (şairlər şahı) adını alıb. Həmçinin Abdulla bəy Asi, Məhəmməd Bağır Xalxali və s. Eləcə də Seyyid Əzimdən Vahidə qədər Mirzə Ələkbər Sabir, Hüseyn Cavid kimi görkəmli şairlər olub ki, onlar da qəzəldə öz sözlərini deyiblər.

“Füzuli, Seyyid Əzim, Vahid” zəncirini ona görə qeyd edirlər ki, həmin şairləri “epoxa yaratmış şairlər” hesab edirlər. Bununla müəyyən qədər razılaşmaq da olar. Doğrudan da, Füzulidən sonra türkdilli divan ədəbiyyatında yeni dövrün başladığını hesab etmək olar. Seyyid Əzim də öz dövründə qəzəlin bayrağını möhkəm saxladı. Vahid isə ateist sovet dövründə qəzəlin yaşaması üçün can qoydu.

“Füzuli, Seyyid Əzim, Vahid” zəncirinin bugünkü həlqəsinin kim olduğunu isə ədəbiyyat tarixi göstərəcək. Hələ ki, hərə bu zənciri özünə tərəf dartır. Harda qırıla-qırıla...

- Füzulinin Azərbaycan poeziyasında yeri bəllidir; bəs ümumilikdə Şərq şeirində Füzuli hardadır? Qəzəl janrının Sədi, Hafiz kimi nəhəngləri ilə yanaşı dura bilirmi?

- Füzuli elə öz yerindədir - istər Şərq şeri olsun, istər türkdilli poeziya. Füzulinin böyüklüyü ondadır ki, türkdilli poeziyada hərtərəflilik baxımından onun səviyyəsinə qalxa bilən şair olmadı. Füzuli həm də ona görə böyükdür ki, 3 dildə divanı olan azsaylı şairlərdəndir. Baxmayaraq ki, ən güclü əsərlərini elə ana dilində yazıb.

- Klassik ədəbiyyatımızda Azərbaycan oxucusunun tanımadığı böyük şairlər çoxdu?

- Çoxdur, həddindən çox. Təkcə “Şirvani” təxəllüsü ilə yazan 200-dən artıq şair məlumdur. Hələ yaradıcılığı bizə gəlib çatmayanları da bura əlavə etsək, bu say xeyli artar.

- Divan ədəbiyyatının tərcüməsi, təbliği sizi qane edirmi? Hansı işlərin görülməsini istəyərdiniz?

- Bizdə divan ədəbiyyatının kütləvi tərcüməsi sovet dövründə başladı. O da o dövrün tələb və maraqlarına uyğun şəkildə həyata keçirilirdi. Beləliklə, cəmiyyətə tərcümə əvəzinə təhrif olunmuş materiallar sırınırdı. Kaş biləydiniz ki, o boyda Nizamini bizə hansı formada tanıtdırıblar. Vəzn yox, qafiyədən danışmağa dəyməz, fikirdə təhrif, mənada qələt... Belə bir “Nizami”ni təqdim ediblər bizə. Elə bilirsiz əlimizdə olan tərcümələrdə oxuduğumuz Nizamidir? Xeyr! Olsa, olsa, ən yaxşı halda, Məmməd Mübariz Əlizadədir. Təəssüf doğuran hal odur ki, sovet dövründən sonra da həmin tərcümələrin kütləvi çapı davam etdirildi.

Son dövrlərdə isə tərcüməçi-şair, nizamişünas Mir Cəlal Zəkinin “Məxzənül-əsrar” (Sirlər xəzinəsi), “Xosrov və Şirin” tərcümələri meydana çıxdı. Bu çevirmələri klassik poeziyamızın tərcüməsi tarixində bir inqilab hesab etmək olar. Amma hay-küylü yox, səssiz-səmirsiz inqilab. Ona görə səssiz-səmirsiz ki, bu cür mükəmməl işlər elmi dairlərdə sükutla qarşılandı. Təəssüf...

- Dediyiniz tərcümələrin əvvəlkilərdən üstünlüyü nədir; hansı fərqlər var?

- Birincisi, o tərcümələrdə nəinki şerin forma məsələləri, vəzn və qafiyəsi, eyni zamanda bədii və məna incəlikləri orijinalda olduğu səviyyədə qorunub. Ən əsası – Nizami ruhu saxlanılıb. Amma sovet dövrü tərcümələrində isə tərcümədən danışmağa dəyməz. Sanki bir dəstə işsiz-gücsüz adama deyiblər ki, “iş istəyirdiz, alın, bu da sizin üçün iş. Götürün, Nizamini tərcümə edin, özü də bir az tezbazar”. Hələ eşitdiyimə görə, Nizami əsərlərinin dövlət sifarişi ilə tərcüməsi göstəriş veriləndə, əvvəlcə o əsərləri Şərq şerinin incəliklərindən bixəbər tərcüməçilərə nəsr şəklində çevirtdiriblər, sonra da bəlli şairlər həmin tərcümələr əsasında özlərindən Nizami kəşf ediblər...
Bilirsiz, ümumiyyətlə, mən, klassik nəzm əsərlərinin şer formasında deyil, filoloji tərcüməsini daha məqsədəuyğun hesab edirəm. Əvvəla ona görə ki, klassik şairlərimizin yüksək səviyyədə tərcüməsi müşkil məsələdir. Biz nə qədər oturub gözləməliyik ki, Mir Cəlal Zəki kimi tərcüməçi yetişsin? İkincisi, ona görə ki, filoloji tərcümə orijinal mətndə əks olunmuş fikirlərin daha aydın və dolğun şəkildə əks etdirilməsinə imkan yaradır.

Hə, bir də bugünkü tərcüməçilərdən Rüstəm Tofiqin adını qeyd etmək istərdim. Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” əsərini orijinaldan yüksək səviyyədə tərcüməsini oxudum, xoşuma gəldi.

- Bildiyimiz kimi, 2019-cu il “Nəsimi ili” elan edilib. Bununla bağlı sizin hansı tövsiyələriniz var?

- “Nəsimi ili”nin elan olunmasını klassik irsimizə diqqətin artırılması baxımından mühüm hadisə hesab etmək olar. Mühüm olduğu qədər də məsuliyyətli məsələdir. Çünki tarixdə Nəsimi kimi şairlər çox azdır. Biz dünyaya öz dühalarımızı lazımi şəkildə tanıtdırmağı, onları haqq etdikləri şəkildə təbliğ etməyi bacarmalıyıq. Kaş bu işin icrası ilə klassik ədəbiyyatı duya bilən şəxslər məşğul olaydı. Bu yaxınlarda sosial şəbəkədə bu barədə status da yazmışdım ki, Nəsimi qəzəlini şərh etməyi demirəm, hətta orijinaldan oxuya bilməyən xeyli nəsimişünas tanıyacaqsınız, azca səbr edin…

- Siz daha çox satirik şeirlərinizlə məşhursunuz. Satiranı zərərli janr hesab edənlər də var. Siz bu barədə nə düşünürsünüz?

- Əgər satira “Molla Nəsrəddin” kimi milli düşüncə sistemimizə zərbə vuracaqsa, əlbəttə, ziyanlı olacaq…

- Bu fikirdəsiniz ki, “Molla Nəsrəddin” milli düşüncə sistemimizə zərbə vurub?

("Molla Nəsrəddin"də Məhəmməd Peyğəmbəri (s) təhqir edən karikaturalardan biri...)

- Buna şübhə edənlər varsa, görünür, onlar “Molla Nəsrəddin”lə lazımi qədər tanış deyillər. Əlbəttə, Mirzə Cəlilin rəhbəri olduğu bu dərgidə maarifçilik məsələləri müntəzəm olaraq əks olunub, bunu inkar etmək olmaz. Dövrün dəyərli ziyalıları “Molla Nəsrəddin” səhifələrində cəhalətlə, xurafatla, sosial ədalətsizliklə mübarizə aparıblar.

Lakin elə məqalələr, elə karikaturalar da var ki, onları görəndə düşünürsən ki, “Molla Nəsrəddin” Azərbaycan mətbuat tarixinin üz qarasıdır... Açığı, mən də bu mətbu orqanın bütün saylarını gözdən keçirə bilməmişdim. Gənc dostumuz, yazar Miri Rəsulzadə mənə bu jurnaldan bir neçə karikatura göstərdi. Əvvəlcə çaşıb qaldım. Sonra mənbəyə baxanda hər şey aydın oldu.

Dərginin saylarını ardıcıl olaraq izləyəndə belə qənaətə gəlirsən ki, sanki hansısa qüvvə “Molla Nəsrəddin”in üzərinə Allahı, Peyğəmbəri çox biabırçı şəkildə təhqir etməyi, bununla da İslam dinini gözdən salmağı, müsəlman cəmiyyətinin fundamental dəyərlərini məhv etməyi bir vəzifə kimi qoyubmuş…

"Molla Nəsrəddin"in müsəlman dünyasına bu münasibəti ilə müqayisədə, bu gün Avropada İslam peyğəmbərini hədəfə alan karikaturaçıları adam "toya göndərmək" istəyir.

- Sizcə, əsil satira necə olmalıdır?

- Ümumiyyətlə, tənqid olduqca həssas məsələdir. Bu, hər kəsin məşğul ola biləcəyi yaradıcılıq sahəsi deyil. Bir şəxs doğrudan da başqasının nöqsanlarını aradan qaldırmaq istəyirsə, mütləq bunları nəzərə almalıdır:

- əvvəlcə öz nöqsanlarını aradan qaldırmalıdır;
- tənqiddə səmimi olmalıdır;
- mənfi cəhətlərlə bərabər, müsbət cəhətləri də göstərməlidir;
- mənfi cəhətləri göstərdikdən sonra bu nöqsanların aradan qaldırılması yollarını da təklif etməlidir;
- özü də başqaları tərəfindən tənqid edilməyə hazır olmalıdır.

Satira da tənqidin bədii formada təqdimatının ən uğurlu formalarından biri sayılır. Lakin satira həcv və məsxərə şəklində olmamalıdır. Hədəfi təhqir etməməlidir, əksinə, islaha dəvət etməyin yolunu tapmalıdır. Həkimin xəstəyə münasibəti necədirsə, satirikin də öz hədəfinə münasibəti o cür olmalıdır.

- Meyxana yarışlarında münsif olmusunuz. Meyxanaya münasibətiniz necədir? İndiki meyxanalar sizi qane edir?

- Bədahətən söz demək hər şairin hünəri deyil. Amma bu, o demək deyil ki, mütaliəsiz və istedadsız ola-ola, ağlına və ağzına gələn hər şeyi “sapa düzməlisən”. Meyxananın kütləviləşməsindən qabaq folklorumuzda da bədahətən söz demək yarışı mövcud olub. Belə söz yarışları ustad dərsi almış ozan-aşıqlar tərəfindən aparılırdı. Təsəvvür edin, bədahətən deyişmələrdə elmi mətləblər müzakirə edilirdi. Qıfılbəndləri nəzərdə tuturam. Yəni demək istəyirəm ki, bədahətən yüksək səviyyədə deyən söz adamları həmişə olub. Bu gün də var. Meyxananı bu baxımdan folklor nümunəsi hesab etmək olar. Folklor nədir? Xalq yaradıcılığı. Meyxananı da xalq yaradıcılığı hesab etmək yanlış olmaz.

Lakin söhbət, bu gün bayağı şou meydanlarına ayaq açmış meyxanadan getmir. Kütləvi şəkildə sənət olar? Olmaz. Fitri istedad bu qədər adama verilə bilər? Mümkün deyil. Yerindən duran meyxana deyir. Bu, artıq sənətin vərdiş halını almış improvizasiyasıdır.

Meyxanaçılar içərisində bədahətən sözün layiqli təmsilçiləri var, amma onlar barmaqla sayılacaq qədərdir.

- Yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif meyxana, şeir janrlarında münsif olmusunuz. Ümumilikdə Azərbaycan poeziyasına qiymət verəsi olsanız, neçə qiymət yazarsınız?

- Ümumilikdə qiymət verəsi olsaq, çox aşağıdır. Minillik xəzinəmizin yadigarı olan şerimiz bu gün tək-tük, yarımçıq şairlərin çiyinlərində dəfnə aparılır. Bu gün Azərbaycan poeziyası sanki qardaşlıq qəbiristanlığını xatırladır; hər millətin, hər dinin nümayəndəsinin məzarına rast gəlmək olar burda...
Bayaq dedik ki, həqiqi köklər üzərində qurulmuş divan ədəbiyyatı bu gün gündəmdə deyil. Bəs gəlin görək gündəmdə olan nədir? Təəssüf ki, bu gün əksər qələm sahibi, hətta bəzi istedadlı dostlarımız da - yalnız Qərb poetik sisteminin, konkret desək, “modern”, “postmodern” şerin təsirinə düşüblər, əgər bunlara şer demək mümkünsə. Bu tip yazı nümunələri heç bir çərçivə tanımır. Nə bir forma, nə bir ölçü, nə bir dəyər... Adını “modern şer” qoy, ağzına gələni yaz... Bu nə qaydadır? Bu nə qaydasızlıqdır?
Ümumiyyətlə, postmodernizm adlandırılan tendensiya, bir toplumun tarix boyu yaratdığı bütün dəyərlərin bünövrəsinə qoyulmuş bombalardan biridir. Aqressiv, hay-küyçü, inkaredici, “cəsarətli” fikirlər ilk baxışdan cəlbedici görünür; bu, topluma sanki bir yenilik kimi sırınır. Bir görün iş nə yerə çatıb ki, bir adam məşhurlaşmaq istəyirsə, başlayır Allahı inkar etməyə, cürbəcür hədyanlar yağdırmağa...
Nəcib Fazil rəhmətlik demişkən, “Arsızlığa “cəsarət”, zinaya “eşq” dedilər, Bir nəslin əxlaqını iştə böylə yedilər...”

İfadəmə görə üzr istəyirəm, amma bunu deməliyəm: çağdaş poeziyamız “it günündə”dir.

Mirmehdi
AzNews.az