- Köhnə - Region
- 22 Sentyabr 2014 14:34
- 4 207
Gürcüstana sel gəldi - VİDEO
Güclü yağışlar Gürcüstanın qərb bölgəsində ciddi fəsadlar törədib.
ANS TV-nin məlumatına görə, güclü leysan yağışları ən çox Gürcüstanın Batumi, Kobuleti, Poti və Qori şəhərlərində fəsadlar törədib. 10 minlərlə insanın elektrik enerjisi və içməli su ilə təchizatı dayandırılıb. Acarıstan hökumətinin rəhbəri Arçil Xabadzenin sözlərinə görə təbii fəlakət insan itkisinə səbəb olmayıb. Batumi meri Georgi Ermakov şəhərdə son 6 ildə belə güclü yağışın müşahidə edilməyini və hazırda Batumidə vəziyyətin ağır olduğunu deyib.
İki gün yağan güclü yağış Poti şəhərində də ağır fəsadlar törədib. Evlərin birinci mərtəbələri su ilə dolub. Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Mer İrakli Kakulya şəhərdə işlək vəziyyətdə olan 7 nasos stansiyasının yaranmış vəziyyəti aradan qaldırmaq üçün kifayət etmədiyini bildirib.
Qori rayonu da güclü yağış səbəbindən daşqınlara məruz qalıb. Rayonun bir neçə kəndində onlarla ev su altında qalıb. Əhali hakimiyyət orqanlarından yardım etmələrini xahiş edir. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün isə Acarıstan rəhbərliyi təcili iclas keçirib. Bütün xilasedici briqadaların, yanğınsöndürənlərin və tibbi heyətin fasiləsiz çalışması tapşırığı verilib. Qeyd olunub ki, hava şəraiti imkan verən kimi küçələrdən və zirzəmilərdən suyun kənarlaşdırılması işlərinə başlanacaq.
Sinoptiklər isə bu gündən etibarən bir neçə gün ərzində sabit hava şəraitinin hökm sürəcəyini bildiriblər.