ATV-ni qoyub Laçına köçən xanım jurnalist: “Gödəkçəmdə titrəyə-titrəyə...” - MÜSAHİBƏ

Laçına köçən tanınmış telejurnalist Lalə Əliyeva Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Lalə xanım, öncə bir məqama aydınlıq gətirməyinizi istərdik. Hazırda Qarabağda çalışmaq istəyənlərin sayı çoxdur. Sizin Laçına köçməyiniz necə alındı?

- Hər şey xəyaldan başlandı. Bakı kəndlərini abadlaşdıran şirkətin rəhbəri günlərin bir günü maraqlı ideya verdi - yaradıcılığa meyli olan insanların yaşayacağı “Tamaşa şəhəri” qurmaq istədi. Mən də bir sxem cızdım. “Arzular tramvayı” ilə “Sənətkarlar məhəlləsi”ndən, “O olmasın, bu olsun” baqqal dükanından, “Sonalar gölü”ndən keçib, antik teatra qədər uzanan xəyali marşrut düşündüm.

Elə bu fikirlə əlçatmaz üfüqlərdə dolaşarkən, Bakı Abadlıq Xidmətinə işğaldan azad edilmiş Laçın şəhərini təcili yenidən qurmaq, abadlaşdırmaq tapşırığı verildi. Müharibə acılarını yaşadığımız üçün Qarabağı dirçəldənlərlə bərabər Laçına getmək xəyallarımın ən üst mərtəbəsi idi. Ona görə milli televiziya ilə əbədi vidalaşıb üzümü Laçına tutdum. Daş daşımaq da olsa, razılaşacaqdım, amma elə bacardığım işi görməli oldum.

Möcüzəli şəkildə, 8 aya qurulan gözəl, müasir şəhər haqqında reportajlar, filmlər hazırlayan həmkarlarımı, dostlarımı Laçında qarşılayıram. Şəhərin mədəni həyatını canlanlandırmağa çalışırıq – sərgilər, konsertlər keçirir, bayramları ən yüksək səviyyədə qeyd edirik. Yəni bu gün Laçında, Xocalıda, Kəlbəcərdə, Turşsuda, Malıbəylidə çalışan Bakı Abadlıq Xidmətinin ictimaiyyətlə əlaqələrinə cavabdehəm.

- Bəs “Tamaşa şəhəri” ideyası necə oldu?

- Bakı Abadlıq Xidmətinin təmir-bərpa işləri apardığı hər bölgədə “Tamaşa şəhəri”nin fraqmentlərini görə biləcəksiniz. Məşğul olduğu hər sahədə yaradıcı yanaşma şirkətə rəhbərlik edən Bünyad müəllimin özəl imzasıdır.

- Bir jurnalistin – özü də şəhərdə doğulmuş xanımın, televiziyaçının ucqarda işləməsinin çətinlikləri olmamış olmaz. Bu barədə nə deyə bilərsiz?

- Çətinlik ona deyərəm ki, 30 il eyni mövzuları, eyni istiqamətdən “işıqlandıran” televiziyalarda, reytinq qılıncı altında işləyib, hansısa qadağalarla özünü ifadə etməyə çalışanların iddiasına dözəsən. Qarabağda hər işi sıfırdan başlamaq mənə qətiyyən çətin gəlmir. Yoruluruqmu? Əlbəttə!

Günlərlə yuxusuz qaldığımız olur. Olur ki, bir saat belə dincəlməyə vaxt tapmırıq. Amma eyni məqsədə köklənmiş minlərlə insan arasında yaranan birgəlik, dostluq elə ruh yüksəkliyi yaradır ki... Yurd-yuvasına qayıdan ağsaqqalların xeyir-duasını, təzə evlərdə uşaqların gülüş səsini eşidincə, bütün əziyyətlər unudulur.

- Bu yaxınlarda Xocalıya getmişdiniz. Necə gördünüz Xocalını? Necədir Xocalı, nə hiss etdirir, özü nə hiss edir sizcə?..

- Mən Xocalıya ilk dəfə gedəndə qışın sonu idi. Şəhərdə tikinti gedirdi. Bakı Abadlıq Xidmətinin işçiləri Novruzun ilk çərşənbələrini tonqal qalamaqla qeyd edirdilər. Mənsə dağlara baxa-baxa ağlayırdım.

Bilirsiz, Xocalıda olanda faciənin miqyasını aydın dərk edirsən, sağda-solda yaxın erməni kəndlərini, şəhərin girəcəyindəki hərbi bazanı görüb, 32 il əvvəl azərbaycanlıların öz doğma torpaqlarında necə təkləndiklərini anlayırsan. Qalın gödəkçəmdə titrəyə-titrəyə hər yandan o dəhşətli gecəni yaşayanların naləsini eşidirdim... Tonqalın ətrafında əlləri bir balaca qızınan fəhlələr yenə iş başına dönürdülər. Şaxta, qar, yağış ara vermirdi, yaş torpaq sanki bataqlığa çevrilirdi.

Demək istəyirəm, Xocalıda hamı bir nəfər kimi fədakarlığa hazır idi... Mayın 27-də gecəyarı mən Xocalıdan çıxanda hələ də texnikanın səsindən qulaq batırdı. İlk sakinlərə açarlar təhvil veriləndən dərhal sonra ora bir də qayıtdım. Tək-tənha abad küçələri, gözəl bulvarı dolaşdım, suyu dumduru, tərtəmiz Qarqar çayının sahili ilə gəzdim. Rahat, hüzur dolu məkan gördüm. Və hiss elədim ki, yaddaşımıza dağ basmış Xocalının da yavaş-yavaş eyni açılır.

- İşğaldan sonrakı Qarabağda gedən quruculuq işlərini necə qiymətləndirirsiniz?

- Bu, 44 günlük müharibədə zəfər qazanmış, 24 saat ərzində terrorçuların kökünü kəsmiş Ordunun rəşadətinə və belə bir Ordunu hərəkətə gətirən Dövlətin qüdrətinə yaraşan quruculuq prosesidir. Qarabağın sürətli dirçəlişi Azərbaycanın nəyə qadir olduğunu isbat edir. İndi ən əsası, 32 il sonra öz evinə qayıtmış insanlara hər mənada dəstək olmaqdır. Bir ömürdə iki dəfə köç etmək asan deyil.

- Yeri gəlmişkən, həyat yoldaşınız Abdul Qəni rejissor, aktyordur. O da sənətindən ayrılaraq Qarabağa köçübmü?

- Sosial şəbəkələrdə Laçını o qədər vəsf eləmişəm ki, hamı məni laçınlı zənn edir. Yaxşı ki, həyat yoldaşım bəzən uzun çəkən ezamiyyətlərimə görə hətta evdə olanda da telefonum susmaq bilmir deyə, acıqlanmır. Tamaşalar, çəkilişlərlə bağlı Bakıda qalmalı deyilsə, həyat yoldaşım mənə həm də yol yoldaşı olur.

- Deyəsən, Qarabağ naminə efirlə, mətbuatdakı imzanızla vidalaşdınız?

- Əksinə, indi böyük şirkətin mətbuat xidməti kimi efirdə daha çox görünməli oluram. Mən axı həmişə kadr arxasında gizlənən müəlliflərdən idim. Hazırda fəaliyyətimiz genişləndiyi üçün bir neçə məşhur kolleqamla abadlıq.az saytını yeniləyirik, tezliklə YouTube kanalımız açılacaq.

Bir azdan Bakı kəndlərindən maraqlı reportajları, abadlaşan Qarabağdan eksklüziv paylaşımları saytımızdan izləyəcəksiniz. Dəvətimizi qəbul edib təqdimata gəlsəniz, sizə laçınlı Yusif dayının dağlardan dərdiyi kəklikotu, yarpız, çaşır, şoşan və başqa şəfalı bitkilərdən özəl qablaşdırılmış hədiyyələrimizi də verərik.

- Bəs övladlarınız Laçında yaşamaq istəyərlərmi?

- Laçına kim gəldisə, hamısından eyni fikri eşitmişik: “mən burada yaşamaq istərdim”. Həkəri bulvarında keçirdiyimiz son sərgiyə - “Xalça belə yarandı” layihəsinə dəvət etdiyimiz dostlarla söhbətdə də bunu dedim, hamı razılaşdı: “Dumana bürünmüş Şuşadan, fikirli Xocalıdan, dağıntılar içindən aramla baş qaldıran Ağdamdan sonra, Laçın – dərdini dilə gətirməyən baməzə müdrikə bənzəyir. Qəribədir, Laçın postunu keçən kimi uzun, dolanbac aşırımlardan sonra adamın elə bil yorğunluğu keçir, kefi açılır.

Bəlkə ona görə ki, quruluşuna görə amfiteatrı xatırladan Laçında, qayalar üstündə xüsusi zövqlə tikilmiş hər evin pəncərəsindən üfüqə, səmaya, Günəşə təkrarsız panoram açılır... Eynən vaxtilə xəyalımızda qurduğumuz “Tamaşa şəhəri”ndəki kimi. Ona görə, sualınıza cavab verərərk demək istəyirəm: bəli, mənim də, sizin də - hamımızın övladı bu torpaqlarda yaşamaq istəyəcək. Çünki torpağı yaşamalı hala gətirən – nəsillərin bir-birinə qiymətli əmanət kimi ötürdüyü sevgidir.