Qərbi Azərbaycan mühacir hökuməti yaradılsınmı? - SORĞU

Respondentlərin əksəriyyəti Qərbi Azərbaycanlıların könüllü və ləyaqətli qaydada öz torpaqlarına qayıtması üçün Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasını dəstəkləyir.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) Qərbi Azərbaycan mühacir hökumətinin yaradılması barədə rəy sorğusunun nəticələrində qeyd edilib.

Belə ki, “Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 85.5%-i “bəli, dəstəkləyirəm”, 4,4%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. Sorğuda iştirak edənlərin 10,1%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Qeyd edilib ki, 1905-1907, 1918-1920, 1948-1953, 1959-1979 və 1987-1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi aparılıb. 1987-1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqəsindən 40.928 ailə) 350 mindən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb, bir hissəsi qətlə yetirilib, yaralanıb və yollarda qar çovğununa düşərək həlak olublar. Qərbi Azərbaycanlılar hələ də qaçqınlıq həyatı yaşayır.

"44 günlük Vətən müharibəsində əldə olunan qələbə son 30 illə yanaşı, bütün tarixi dövrlərdə köçə məcbur edilən soydaşlarımızın öz əcdadlarına, köklərinə, milli-dini varlığına, maddi və mədəni irsinə dönüş fürsəti yaradıb. Cəmiyyət soydaşlarımızın Qarabağa böyük qayıdış yolu ilə qayıtdığı kimi, 8 noyabr Zəfərinin bütün dövrlərin deportasiyalarına son qoyaraq Qərbi Azərbaycanlıların tarixi yurdlarına qayıdış yollarını da açacağına inanır", - STM-in nəticələrində qeyd olunub.

Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.