- Qayıdış
- 5 Oktyabr 17:29
- 9 665
Zəngilanda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - FOTO
Zəngilanda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasını istifadəyə verilib.
Aznews.az xəbər verir ki, “Sarıqışlaq” SES Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq tikilən “Sarıqışlaq” SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib.
“AzərEnerji” ASC –“Yaşıl Enerji” MMC-nin direktoru Ramiz Vəliyev jurnalistlər verdiyi açıqlamada bildirib ki, flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib:
""Sarıqışlaq" SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçuçayın ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir. su elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki “Sarıqışlaq” SES-də, eyni zamanda “Şayıflı” SES-də istehsal olunan yaşıl enerjinin sistemə ötürülməsi funksiyasını icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su elektrik stansiyası rəqəmsal avadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilə təmin olunub"
“Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.
Qeyd edək ki, “Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir. Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə, tam yeni tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunun enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerjisisteminə yönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.