İlin sonuna Cəbrayıl və Füzuli rayonlarında yaşıllıqlar salınacaq

İlin sonuna Cəbrayıl və Füzuli rayonlarında yaşıllıqların salınması nəzərdə tutulur.

"Report"un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Nazir müavini bildirib ki, Zəngilan rayonu ərazisində 55, Ağdam rayonu ərazisində 11, Cəbrayıl rayonu ərazisində isə 20 hektar (ha) yeni yaşıllıq sahəsi salınıb.

Onun sözlərinə görə, hazırda Cəbrayıl rayonu ərazisində 30 ha və Füzuli rayonu ərazisində 16,7 ha yeni yaşıllıq sahəsinin salınması ilə bağlı torpaq hazırlığı işləri aparılır və ilin sonunadək həmin ərazilərdə yaşıllıqların salınması nəzərdə tutulur.