- Qayıdış
- 7 Noyabr 14:09
- 7 741
Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılınıb - YENİLƏNİB
Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Ağdama səfər çərçivəsində Şəhidlər xiyabanını və Cümə məscidini ziyarət ediblər.
"Report"un azad olunmuş ərazilərə ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlara işğal dövründə məscid və dini abidələrə qarşı törədilən vandalizm haqqında faktlar nümayiş olunub.
Sonra Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş azan verib, daha sonra onun imamətliyi ilə camaat namazı qılınıb.
Eyni zamanda Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına Birinci Qarabağ müharibəsi, Xocalı faciəsi qurbanları və Ağdamda dəfn edilən Vətən müharibəsi şəhidləri ilə bağlı məlumat verib.
Dini liderlər şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar, Qurandan ayələr oxuyublar.
Qeyd edək ki, noyabrın 5-6-da Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri qatılmışdı. Sammit iştirakçıları bu gün Ağdam və Füzuli ilə bərabər, Xocalı, Əskəran, Xankəndi və Şuşada da işğal dövründə erməni vandalizminə məruz qalan abidələrin dağıntıları ilə tanış olacaqlar, Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq tədbirləri barədə məlumatlandırılacaqlar.
Bu gün Ağdam Cümə məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə camaat namazı qılınacaq.
"Report"un azad olunmuş ərazilərə ezam olunmuş əməkdaşı xəbər verir ki, dini ayin 31 ildən sonra Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri çərçivəsində baş tutacaq.
Məlumata görə, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş Ağdam Cümə məscidində azan verəcək, daha sonra camaat namazı qılınacaq.