Beynəlxalq Parlament Konfransının iştirakçıları Şuşadadırlar

Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.

Nümayəndə heyətinin Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkənin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb.

Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. 32 il köçkünlük həyatı yaşayan Şuşa sakinlərinin də doğma yurdlarına qayıdışı reallaşıb. Qonaqlara Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri barədə də məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra heykəllər əvvəlki yerlərinə qaytarılıb. Sonra Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları və Bülbülün ev muzeyi ilə tanışlıq olub.

Nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Nümayəndə heyəti sonra Xankəndi şəhərinə yola düşüb.