- Qayıdış
- 16:27
- 1 561
Ballıcaya köç edən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün Xocalının Ballıca kəndinə köçürülən 98 nəfərdən ibarət 24 ailə evlərinə yerləşiblər.
Ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iştirakı ilə onlara evlərinin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bu günədək Xocalı rayonunun Ballıca kəndinə, ümumilikdə, 136 ailə, 660 nəfər köçürülüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Kəndə köç edən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur, şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.
Ballıca kəndinə köç bundan sonra da mərhələli şəkildə davam edəcək. Bunun üçün kənddə təmir və bərpa tikinti işləri davam etdirilir.
13:19
Martın 14-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Bu gün Ballıca kəndində 24 ailə olmaqla, 98 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin olunub və orada məskunlaşıb.
11:53
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Martın 14-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.
Bu mərhələdə Ballıca kəndinə 24 ailə - 98 nəfər köçürülür. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.






