- Rusiya və İran
- 27 Avqust 2019 09:50
- 20 498
Elvin İsayevi erməni kəşfiyyatı ilə nə bağlayır?
Sankt-Peterburq şəhər polisində ifadə verən E.İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib
Xəbər verildiyi kimi, azərbaycanlı bloqer kimi təqdim edilən Elvin İsayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Əslən Azərbaycanın Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.
Sankt-Peterburq şəhər polisində ifadə verən E.İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun Azərbaycanın Baş Prokurorluğunun tələbi ilə saxlanılması deyilsə də, bu, hələ təsdiqini tapmayıb.
Məlumat üçün bildirək ki, Elvin İsayev yalnız son aylar bloqer kimi fəaliyyət göstərib.
Bəs bu vaxta qədər E. İsayev nə işlə məşğul olub və birdən-birə onun Qurban Məmmədovun Rusiyadakı pulyığanı kimi fəallaşması nə ilə bağlıdır. Redaksiyamızın əldə etdiyi məlumata görə, E. İsayev həmkəndlisi erməni xüsusi xidmət orqanları tərəfindən yönləndirilən və İrəvandan yayımlanan OTV adlı internet kanalına rəhbərlik edən Zabil Məhərrəmov (Madoj) ilə yaxındır. Onun göstərişi ilə Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarına qarşı fəaliyyətə başlayan E. İsayev mənəvi lideri Fəxrəddin Abbasovun fəaliyyəti ifşa edilərək həbs olunduqdan sonra xüsusi olaraq fəallaşmışdı. Sosial şəbəkələrdəki səhifələrində özünü bloqer kimi təqdim edən E. İsayev yalnız Qurban Məmmədov və Laçın Məmişov kimi marginal, hamıya qarşı kin-küdurət püskürən şəxslərlə yaxınlıq edir, onların səhifələrinin, internet kanallarının imkanlarından da istifadə edərək Azərbaycan siyasətinin üzdə olan bütün simalarına qarşı ən ağır, qeyri-etik ifadələrdən istifadə edərək təhqirlər yağdırırdı.
Ənənəvi müxalifəti, iqtidarı sərt təhqir edən E. İsayev öz səhifəsində Ələkrəm Hümbətovun tərəfdarlarının fəallığına meydan verir, Azərbaycan xalqı, Azərbaycan-Türkiyə dostluğu ələ salınır, əksinə Ermənistan hakimiyyəti, erməni dövlətçiliyi, erməni ordusunun uğurları təbliğ olunurdu. Yəni E. İsayevin fəaliyyəti ilə Z. Məhərrəmovun fəaliyyəti tam sinxronluq təşkil edirdi, sadəcə olaraq Z. Məhərrəmovdan fərqli olaraq o özünü Q. Məmmədovlar, L. Məmişovlar vasitəsilə legitimləşdirməyə çalışırdı.
Mühacirətdə olan AXCP-çi Fikrət Hüseynov məlumat verir ki, Elvin İsayevin həbs olunması səbəblərindən biri Rusiya yox, de fakto Rusiya tərkibindəki Axbaziyanın vətəndaşlığını almasıdır.
Xatırladaq ki, “Abxaziya Respublikası” Gürcüstanın ərazisi sayılan tanınmamış separatçı respublika sayılır. Hazırda bu respublikada ermənilərin sayı yerli abxazların sayını üstələməkdədir, Rusiyada da hüquqi problemlər yaşayan Abbasov-Şabanov cütlüyünün tərəfdarları hazırda Gürcüstan separatçı respublikalara üz tutur, onların mediasından ermənilərin sifarişi ilə Azərbaycan əleyhinə təbliğat aparırlar
Xatırladaq ki, Elvin İsayev iqtidar və müxalifətin aparıcı simalarını söyməklə yadda qalıb.
E. İsayevin Londonda yaşayan Qurban Məmmədov üçün Rusiyada pulyığma marafonları keçirdiyi də məlum olub. İddia edilir ki, bu marafonlar gözdən pərdə asmaq üçün olub. Əslində E. İsayev ona iddia edilən xüsusi xidmətlər tərəfindən verilmiş pulun bir qismini Q. Məmmədova ötürməkdə məqsədi öz ideoloji diversion fəaliyyətinə yeni üzvlər cəlb etmək və daha böyük auditoriya əldə etmək üçün tribuna istəməsi olub.
Eldar