- Rusiya və İran
- 17 Sentyabr 14:52
- 4 406
İran prezidenti: Türkiyə bizim dostumuz və qardaşımızdır
İran prezidenti Məsud Pezeşkian vəzifəsinin icrasına başladıqdan sonra paytaxt Tehranda keçirdiyi ilk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Pezeşkian İranın Financial Action Task Force (FATF) üzvlüyünə dair qanunla bağlı sualı cavablandırıb.
Bizim sanksiyaları ləğv etmək üçün FATF məsələsini həll etməkdən başqa yolumuz yoxdur. Mümkünsə, FATF məsələsini yenidən gündəmə gətirmək üçün Quruluş Şurasına mütləq məktub yazacağam.
Pezeşkian sanksiyalarla bağlı bir başqa suala da “FATF məsələsini və nüvə razılaşması da daxil olmaqla dünya ilə əlaqələrimizi həll etməliyik. Ölkəmizdə məşğulluq və investisiya imkanları yaradılmalıdır" ,- deyə cavab verib.
İran prezidenti Məsud Pezeşkian İranın Yəməndəki husilərə raket göndərib-göndərməməsi ilə bağlı suala sərt cavab verib:
İsrail dünyanın gözü qarşısında soyqırım törədərkən, heç kim səsini çıxarmır. Qərb İsrailin təhlükəsizliyindən narahatdır, bəs niyə Qəzza və Fələstinə eyni qayğını göstərmir? Bəli, bizim raket gücümüz var, amma biz Yəmənə raket göndərmirik. Müharibə başlamazdan əvvəl Yəmən raket istehsalı texnologiyasını öyrənmiş və onu istehsal etməyə başlamışdı.
Pezeşkian həmçinin bildirib ki, İran Səudiyyə Ərəbistanı, Misir və İordaniya kimi ərəb ölkələri ilə əlaqələrini gücləndirməyə çalışacaq. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın Tehrana mümkün səfəri ilə bağlı o, “Bizi bir-birimizə yaxınlaşdıracaq hər hansı təşəbbüsü şəxsən alqışlayaram” dedi.
İran prezidenti Məsud Pezeşkian AA müxbirinin Türkiyə-İran münasibətləri ilə bağlı sualını cavablandırarkən deyib:
Türkiyə bizim dostumuz, qardaşımızdır. Biz sadəcə qonşu deyilik, bizim dərin qohumluq əlaqələrimiz var. Sərhəd çəkilə bilər, lakin bu sərhədin hər iki tərəfi bir bütövdür. İnanclarımız və mədəniyyətimiz bir-biri ilə sıx bağlıdır. Türkiyə ilə əlaqələrimizi mütləq gücləndirməliyik
Pezeşkian, əvvəlki hökumətin qonşularla yaxşı münasibətlərə əsaslanan siyasətini davam etdirəcəklərini vurğulayaraq, Türkiyə ilə İran arasında 30 milyard dollarlıq hədəf xarici ticarət həcminə dair planlarını açıqlayıb. Ortaq sərmayələrin əhəmiyyətinə toxunan Pezeşkian deyib:
Türkiyə və İranın təkcə bu iki ölkədə deyil, Pakistan, Əfqanıstan və digər region ölkələrində də birgə sərmayələr qoymasını arzu edirik. Biz asanlıqla Türkiyəyə gələ biləcəyimiz və İran üzərindən Türkmənistan, Pakistan və Əfqanıstana rahatlıqla gedə biləcəyimiz bir nəqliyyat şəbəkəsi yarada bilərik.
“MÜTLƏQ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏYƏM”
Prezident Məsud Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər etməyi planlaşdırdığını bildirib və deyib:
Türkiyəyə mütləq gedəcəyik. Bu səfərə siyasətçiləri, alimləri və investorları da dəvət edəcəyik. Biz Türkiyə və digər İslam ölkələri ilə əlaqələrimizdən çox ümidliyik.
“ABŞ DÜŞMƏN OLMADIĞINI SÜBUT ETMƏLİDİR”
Çıxışının bir hissəsində İranın Rusiya və Çinlə strateji əlaqələri olduğunu vurğulayan Pezeşkian ABŞ prezidenti ilə mümkün görüşlə bağlı suala belə cavab verib:
"Amerikalılar bizim düşmənimiz olmadıqlarını sübut etməlidirlər. Biz onların ətrafında hərbi baza yaratmamışıq və ya embarqo tətbiq etməmişik”.
O, şərtlər yarandıqda ABŞ ilə dialoqa açıq olduğunu bildirib.
Mövsüm
AzNews.az