- Rusiya və İran
- 13:35
- 1 085
İran: Biz sanksiyaların ləğvi üçün danışıqlara hazırıq
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi iqtisadi sanksiyaların aradan qaldırılması üçün danışıqlara hazır olduqlarını və digər tərəflərin də bu iradəsi olarsa, nəticə əldə edilə biləcəyini deyib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Qəribabadi Cenevrə Konvensiyasının qəbul edilməsinin 75-ci ildönümü mərasimində mətbuata açıqlama verib.
Qəribabadi, "İran keçmişdə olduğu kimi sanksiyaların aradan qaldırılması üçün danışıqlara yenidən başlamağa hazırdır. Bizdə həmişə bu iradə olub. Əgər digər tərəflər də bu iradəyə malik olsalar, danışıqlar baş tutacaq və yekunlaşacaq",- deyə qeyd edib.
Danışıqların bərpası və kompromis əldə etmək üçün uyğun zəmin və imkanların olduğunu bildirən Qəribabadi iqtisadi sanksiyaların xalqa mənfi təsir göstərdiyini, lakin məqsədlərinə çatmadığını iddia edib.
İran rəsmisi bu yaxınlarda 3 Avropa ölkəsi (Almaniya, İngiltərə və Fransa) ilə keçirilən görüşlərə toxunaraq bildirib ki, onlar Avropa ilə danışıqların yeni mərhələsini təşkil etmək və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Qəribabadi, "Yeni turun tarixini ortaq məsləhətləşmələr yolu ilə müəyyən edəcəyik, lakin danışıqların davam etdirilməsi üçün razılıq əldə olunub", - deyə vurğulayıb.
Yanvarın 13-də Cenevrədə İran və Almaniya, İngiltərə və Fransa arasında danışıqların üçüncü raundu keçirilib.
Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlanan nüvə sazişi 2015-ci il iyulun 14-də İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri, ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (5+1) arasında imzalanıb.
Lakin 2017-ci ildə ilk müddətinə prezident olan Donald Tramp 2018-ci ilin mayında ABŞ-nin birtərəfli qaydada sazişdən çıxdığını açıqlamışdı.
Nüvə danışıqlarına yenidən başlamaq cəhdləri nəticə vermədi və İran uranı 60 faizə qədər zənginləşdirdi.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi 2024-cü ilin dekabrında verdiyi bəyanatda Tehrana səfəri zamanı İran prezidenti Məsud Pezeşkiyan və xarici işlər naziri Abbas Erakçi ilə görüşdüyünü bildirmişdi.
Mövsüm
Aznews.az