- Köhnə - Siyasət
- 17 May 2017 18:10
- 5 056
“Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir” - Fazil Mustafa
“Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiyanın Azərbaycana münasibətinin sonuncu göstəricilərindən biridir. Azərbaycan nə qədər Rusiya ilə yaxın qonşuluq münasibətlər qurmaq istəsə də, belə münasibətlər qursa da, Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir, Azərbaycana qarşı ən sərt addımlar atmaqdan belə çəkinmir”.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirən millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa belə deyib.
F. Mustafa bildirib ki, bu qüvvələr, ümumiyyətlə, Azərbaycanın maraqlarına xidmət edən hər hansı qurumun Rusiyada fəaliyyət göstərməsini istəmir: "ÜAK-ı birbaşa Kremldən idarə olunan, Kremlin istəyini həyata keçirən bir qurum kimi görmək istəyirlər. Təbii ki, ÜAK onsuz da həmişə Rusiyada mövcud hakimiyyəti dəstəkləyib, Kremlə konflikt yaradacaq hər hansı addım atmayıb. Amma belə görünür ki, onlar daha çox özlərinə bağlı, birbaşa Azərbaycan qarşı danışa biləcək qurum istəyirlər. Yəni baxışlarda ziddiyyət var. Belə bir addımı atmaqla birbaşa Azərbaycan dövlətinə qarşı münasibətlərini ortaya qoyublar. Bu münasibətlər də hər halda yaxşı istiqamətdə inkişaf etməyəcək. Azərbaycan hakimiyyəti Rusiya tərəfinə narazı olduğunu çatdırır, Azərbaycan ictimaiyyəti ÜAK-ın qeydiyyatının ləğvinə kifayət qədər həssas yanaşır. Ola bilsin ki, yaxın zamanlarda bu narazılıq ifadəsi Rusiyanın müəyyən dərəcədə yenidən düşünməsinə səbəb ola bilər və onlar bu mövqedən geri çəkilə bilərlər”.
Millət vəkili ÜAK-ın qeydiyyatının ləğvinin hüquqi yox, siyasi addım olduğunu vurğulayıb:
“Bu qərar siyasi qərar olmasaydı, Rusiyada yaşayan bir etnik toplumu təmsil edən təşkilatın bu dərəcədə incidilməsinə yol verilməzdi. Çünki hər bir qüvvə, ölkədəki etnik komponentlə müəyyən dərəcədə danışıq, davranış üslubu var. Həmin etnik toplumu incidəcək addımı atmaq heç bir halda hakimiyyətin xeyrinə deyil. Milyondan artıq azərbaycanlının yaşadığı bir yerdə hakimiyyətin bu addımı atması ən azı özünə xeyirli deyil. Belə bir siyasi qərarı həyata keçirmək əslində dar düşüncənin məhsuludur”.