- Köhnə - Siyasət
- 3 Sentyabr 2018 17:44
- 4 472
Prezidentlərin görüşündən sonra Qarabağ münaqişəsi ilə bağlı addımlar atılacaq - Millət vəkili
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Vladimir Putin və İlham Əliyev arasında görüş olub. Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında baş tutan səfər çərçivəsində iqtisadi məsələlər müzakirə edilib.
AzNews.az-ın səfərlə bağlı suallarını Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azər Badamov cavablayıb.
- Azər müəllim, bildiyiniz kimi prezident İlham Əliyev və Vladimir Putinin Soçidə görüşü keçirildi. Bizə bu görüş haqqında nə deyə bilərsiniz?
- Cənab prezidentin Rusiyaya səfəri ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Rusiya prezidenti Vladimir Putin cənab İlham Əliyevi çox səmimi və dostcasına qarşıladı. Bu onu göstərir ki, ölkələrimiz arasındakı münasibətlər çox yüksək səviyyədədir. Görüşdən sonra mətbuat konfransında Vladimir Putinin dediyi kimi Azərbaycan- Rusiya arasında dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Təbii ki, bu onu deməyə imkan verir ki, Rusiya Azərbaycanı Ermənistandan fərqli olaraq tam müstəqil dövlət kimi qəbul edir və bütün münasibətlər qarşılıqlı faydaya əsaslanır. Rusiya Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac edən ölkədir. Rusiyada çoxlu soydaşlarımız yaşayır. Rusiya torpaqlarımızın işğaldan azad edilməsində həll edici rol oynaya bilər. Rusiya ilə dostluq münasibətlərimizin olması ölkəmizin transmilli layihələrdən daha effektiv gəlir götürməsinə öz töhfəsini verər. Bu baxımdan cənab prezidentin Rusiyaya səfəri və səfər çərçivəsində bir sıra sənədlərin imzalanmasını çox yüksək dəyərləndirirəm.
- Bəs, Qarabağ münaqişəsi ilə bağlı hansı razılaşmalar əldə olundu? Sizcə, bu görüş münaqişənin gələcək taleyinə necə təsir göstərəcək?
- Görüşdə prezidentlər ikitərəfli strateji əməkdaşlıq imkanların genişləndirilməsi üçün iqtisadi , humanitar və mədəni əməkdaşlıq sferalarının inkişaf etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparmaqla yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı məsələ əsas müzakirə mövzusu olmuşdur. Torpaqlarımızın işğal altında qalması, vətəndaşlarımızın ölkə daxilində qaçqın vəziyyətə düşməsi bizim üçün bir nömrəli məsələdir. Təbii ki, hər zaman olduğu kimi, Rusiyaya səfərində də cənab Prezident torpaqlarımızın uzun müddət işğal altında qalması və işğala danışıqlar yolu ilə son qoyulması istiqamətində beynəlxalq ictimaiyyətin hərəkətə keçməməsi ilə bağlı narahatlığını bildirdi. Rusiya ATƏT-in məsələnin sülh danşıqlar yolu ilə tənzimlənməsi üçün yaradılmış Minsk Qrupunun həmsədrlərindən birisidir. Təbii ki, Rusiya Dağlıq Qarabağ probleminin həlli istiqamətində həlledici rol oynaya bilər. Həm də Rusiya Ermənistanın ayaqüstə qalmasına dəstək verən yeganə ölkədir. Rusiyanın Ermənistana təsir imkanları genişdir. Düşünürəm ki, prezidentlər arasında məsələ ilə əlaqədar kifayət qədər geniş müzakirə aparılmışdır və tezliklə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müəyyən addımlar atılacaqdır.
- Azərbaycan-Rusiya arasında silah müqaviləsi bağlandı. Bu barədə nə deyə bilərsiniz?
- Rusiya dünyanın ən iri silah istehsalçılarından birisidir. Ümumiyyətlə, Rusiyanın hərbi müdafiə sənayesi çox inkişaf edib. Azərbaycan da Rusiyadan regionda ən çox silah idxal edən ölkədir. Biz müharibə şəraitindəyik. Torpaqlarımız işğal altındadır, qaçqınımız və köçkünümüz var. Münaqişənin sülh yolu ilə həll edilməsində biz beynəlxalq ictimaiyyətin dəstəyini istəyirik. Əlavə qanların axıdılmasının tərəfdarı deyilik. Eynilə uzun illərdir ki, bu problemimiz həll olunmayaraq qalmaqdadır. Ona görə də biz ordumuzu daha da gücləndirməliyik, müasir silahlarla təchiz etməliyik, daima hərbi gücümüzü artırmalıyıq ki, lazım olan anda hərəkətə keçərək işğalçıları torpaqlarımızdan qısa bir zamanda qova bilək. Ona görə də qeyd etdiyiniz müqavilənin imzalanmasını atılmış vacib addım hesab edirəm.
Sizcə, Rusiyanın Azərbaycana müsbət yöndə dəyişən münasibəti nə ilə bağlıdır?
- Rusiyanın Azərbaycana münasibətin müsbət yöndə dəyişməsinin kökündə birinci olaraq Vladimir Putinlə İlham Əliyev arasındakı şəxsi dostluq münasibətlərin səmimiliyi dayanır. Bu münasibət ölkələr arası münasibətlərə çevrilmişdir. Sonrasında isə qeyd etmək istəyirəm ki, Azərbaycan regionun ən güclü iqtisadiyyatına malik ölkəsidir. Azərbaycan heç kimdən yardım, kömək istəmir. Azərbaycan beynəlxalq səviyyədə qurduğu bütün münasibətləri tam müstəqil, heç kəsdən asılı olmayaraq, qarşılıqlı hörmət və fayda əsasında qurur. Bu da Rusiya üçün daha cəlb edici rol oynayır. Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi ümumilikdə İran, Gürcüstan və Ermənistanla olan ticarət dövriyyəsindən daha çoxdur. Azərbaycan dünya siyasətində rolu olan vacib faktora çevrilmişdir. Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri və enerji resurslarının ixrac xətləri ölkəmizin dünya üçün əhəmiyyətini artırır. Qeyd etdiyim bütün istiqamətlər düşünülmüş iqtisadi və beynəlxalq siyasət nəticəsində əldə olunmuşdur. Rusiya da yaxın qonşu olaraq bütün bu prosesləri izləyir və görür ki, bu gün Azərbaycanla dostluq və əməkdaşlıq etməsə çox şeyi itirə bilər. Rusiyanın Azərbaycana münasibəti həmişə müsbət olmuşdur və düşünürəm ki, son zamanlar bu münasibətlər qeyd etdiyim amillər də nəzərə alınaraq daha da sürətlə müsbət istiqamətdə inkişaf etdirilir. Sonda isə qeyd etmək istəyirəm ki, Azərbaycan-Rusiya münasibətlərin müsbət ruhda inkişafı ölkələrimizə daha çox fayda gətirəcəkdir.
Pərvanə AĞAZADƏ
AzNews.az