- Köhnə - Siyasət
- 26 Sentyabr 2018 17:22
- 6 593
“Putin sabah Qarabağla bağlı...” – Politoloq
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri sentyabrın 27-də səhər saatlarında başlayacaq.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, V.Putin Bakıda Rusiya-Azərbaycan regionlararası forumda iştirak edəcək: “Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək”.
Qeyd edək ki, V.Putin 8-ci dan qara kəmər sahibi və eyni zamanda Beynəlxalq Cüdo Federasiyasının prezidentidir.
Bəs, Putin Bakıda, necə deyərlər, bağlı qapılar arxasında nələr müzakirə edəcək?
Politoloq Qabil Hüseynli AzNews.az-a bildirib ki, səfərin əsas məqsədi regionda yaranmış gərgin vəziyətin aradan qaldırılmasıdır:
“Putin idmanın bu növü ilə indi də məşğul olduğu üçün cüdo çempionatını izləmək məqsədilə Bakıya səfər edib. Dünya çempionatıdır və Azərbaycanda keçirilir. Bu çempionatda iştirak etmək bəlkə də onun arzularından biridir. Amma səfərin əsas məqsədi bölgədə yaranmış gərgin vəziyyəti aradan qaldırmağa cəhd etməkdir. Söhbət Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən və Azərbaycanın isə bu işğal faktını aradan qaldırmaq üçün əlində olan hərbi potensialdan istifadə edərək Ermənistanı işğal etdiyi ərazilərdən çıxarmaq istəməsindən gedir. Azərbaycan sülh danışıqlarının bir nəticə vermədiyini görüb, bu fikirə gəlib. Hər halda Putin bölgəyə əlində müəyyən təkliflərlə gəlib. Təkliflər içərisində sözsüz ki, beş rayonun geri qaytarılması məsələsi üstünlük təşkil edəcək.”
Pərvanə AĞAZADƏ
AzNews.az