Seçkinin nəticələri rəsmən təsdiqləndi- QƏRAR

Fasilədən sonra KM sədri Fərhad Əliyev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib.

F.Əliyev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.


***
09:39

Konstitusiya Məhkəməsi Plenumunun iclasında məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər.

S.Salmanova MSK tərəfindən seçki protokolunun təsdiq olunması üçün məhkəməyə göndərildiyini bildirib. R.Qvalacı isə seçkilərin nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.

İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılmış şərait, həmçinin ödənişsiz efir vaxtının, həmçinin qəzetlərdə yer ayrılmasını qeyd edib.

MSK sədri deyib ki, seçkilərin şəffaflığının təmin edilməsi üçün MSK tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb.

M.Pənahov bildirib ki, səsvermə günü seçicilər çox mütəşəkkil şəkildə məntəqələrə gəlib və öz seçdiyi namizədə səs veriblər: "Səsvermə günü baş verən proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm veb kameraların vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb. Səsvermə günü operativ şəkildə ilkin nəticələr ictimaiyyətə çatdırılıb".

MSK sədri bildirib ki, səsvermə bitdikdən sonra MSK-ya 4 müraciət daxil olub ki, bunlar da dəqiqliklə araşdırılıb.

Bütün seçki prosesi zamanı MSK müxtəlif dövlət qurumları ilə, aşağı seçki komissiyasının üzvləri ilə müxtəlif formatlı tədbirlər həyata keçirib.
Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıblar.

Çıxışlardan sonra plenum fasiləyə ayrıldı.


***
09:15
Oktyabrın 9-da keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

AzNews.az