Əli İnsanov Cəmil Həsənli ilə partiya yaradacaq- İDDİA

Yaxın günlərdə həbsdən azad edilən keçmiş məhbuslardan biri "Axar.az"ın əməkdaşına olduqca maraqlı informasiya verib.

Sabiq Səhiyyə naziri ilə eyni cəzaçəkmə müəsisəsində cəza çəkən və bir müddət əvvəl azadlığa çıxan keçmiş məhbusun sözlərinə görə, Əli İnsanov həbsdən çıxdıqdan sonrakı fəaliyyəti barədə danışarkən, Cəmil Həsənli ilə bərabər yeni siyasi qurum yaradacağı arzusunu dilə gətirib. Hətta bu istiqamətdə müəyyən addımların atıldığını da qeyd edib.

Məsələ ilə bağlı Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə əlaqə saxladıq. Cəmil Həsənli Əli İnsanov tərəfindən ona hər hansı bir müraciət edilmədiyini və buna rəğmən Əli İnsanovla mütləq görüşəcəyini dedi:
"Əli İnsanovun həbsdən azad edilməsi ilə bağlı Avropa Məhkəməsinin qərarı var. Bu qərar indiyədək yerinə yetirilməyib. Halbuki o, çoxdan həbsdən azad edilməli idi.

Əli İnsanov azadlığa çıxanda isə - müraciət edib-etməməsindən asılı olmayaraq - onunla mütləq görüşəcəm".

Cəmil Həsənli keçmiş nazirlə birgə siyasi fəaliyyət göstərmək məsələsinə də aydınlıq gətirdi və dedi ki, bu məsələni ehtimal üzərində dəyərləndirmək düzgün olmaz və hər şeyi həyatın tələbi müəyyənləşdirəcək:

"Belə bir təklif hələ ki, mənə çatdırılmayıb və belə bir müzakirə aparılmayıb. Əli İnsanov da hələ ki həbsdədir. Həbsdən azad olunsa - inşallah ki olunacaq – onunla görüşüm insani borc istəyindəndir. Qalan məsələləri isə zaman həll edər".

AzNews.az