“Arif Hacılı və Pənah Hüseyn Milli Şuranı dağıtmağa çalışıblar“- Asəf Quliyev

AzNews.az xəbər verir ki, Asəf Quliyev Milli Şuradan və AXCP-dən istefa verməsi ilə bağlı mətbuat konfransı keçirib.


A. Quliyev istefa verdiyinə görə peşiman olmadığını və bunu doğru qərar hesab etdiyini bildirib: "Partiyanın məclislərindəki çıxışımda təklif edirdim ki, AXCP 2011-ci ildən prosesləri təkbaşına idarə etsin və heç bir bloka qoşulmasın. Çünki partiya rəhbərliyinin cəmiyyətdə kifayət qədər nüfuzu vardı. Lakin belə qərara gəlindi ki, biz digər partiyalarla blok yaradaraq fəaliyyət göstərək. Sözsüz ki, mən də partiya rəhbərliyinin bu qərarını qəbul etməli oldum. Həmçinin Milli Şura cəmiyyəti öz ətrafında vahid namizədlə birləşdirə bilmədi. Qurumun apardığı xətt səhv idi və mən buna etiraz etdim. Təşkilat yaranan gündən, haqqında müxtəlif fikirlər formalaşdı. Eyni zamanda qurumun qarşısına qoyduğu məqsədlər, bir çox komitə və komissiyaların yaradılması işini başa çatdırmaması məndə inamsızlıq yaratdı".

Qurumun sabiq üzvü qeyd edib ki, Milli Şura yarananda onun əleyhinə olanların quruma cəlb olunması və həmin şəxslərin Cəmil Həsənlinin vəkili təyin olunması səhv qərar idi:

"Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar. Bu, onların müsahibələrində də öz əksini tapıb. Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda Milli Şuranın özündə rəhbərliyində Cəmil Həsənlinin namizədliyi verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki, bu cür hədəf, komanda ilə seçkiyə gedilməsi elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikirayrılığı yaratdı".

A. Quliyev qeyd edib ki, seçkidən sonra istefanın effekti olmayacaqdı: "Əgər seçkidən sonra istefa versəydim, bu cəmiyyətdə ajiotaj doğurmayacaqdı və düşünürəm ki, arxadan atılmış daş kimi qiymətləndirəcəkdi".

AzNews.az xəbər verir ki, A.Quliyev "Xalq arzusu" adlı yeni təşkilat yaradacağını da deyib: "Burada əsas məqsəd milli ideologiyanın təbliği istiqamətində fəaliyyət göstərməkdir. Təşkilat qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak etmək niyyətində deyil".

O deyib ki, təşkilat heç bir bloka qoşulmayacaq, lakin hansısa partiya ilə milli ideologiya istiqamətində əməkdaşlıq etməyə hazırdır.

Elnur
AzNews.az