- Köhnə - Siyasət
- 2 Dekabr 2013 18:45
- 2 276
Konqreslə hökumət qarşıdurması və Azərbaycan
ANS PRESS-in Vaşinqtondakı xüsusi müxbiri Sevinc Osmanqızının araşdırması göstərir ki, erməni lobbisinin təsiri altında olan ABŞ Konqresinin Azərbaycana qarşı olan qərəzli münasibəti bu gün də davam etməkdədir. Azərbaycanın ABŞ-la strateji partnyorluğu təkcə bu günki əməkdaşlığın səviyyəsi ilə ölçülmür. Azərbaycan bölgənin az ölkələrindəndir ki, Qərblə dostluq və əməkdaşlığa can atır.
Lobbiçi Aaron Nyuman hesab edir ki, bunu qonşu İran və Rusiya barədə demək mümkün deyil: "Mən hesab edirəm ki, Azərbaycanla münasibətlər ABŞ-ın hazırda mövcud əlaqələri arasında ən vaciblərindəndir. Bu, Azərbaycanın coğrafi baxımdan strateji yerləşməsinə görədir. Bundan da vacibi isə odur ki, Azərbayan Birləşmiş Ştatlarla dost, səmərəli, güclü əməkdaşlıq münasibətlərində olmaq istəyir. Bu, hazırda dünyanın həmin hissəsində unikal haldır".
Lakin ABŞ-ın hər il bölgəyə göstərdiyi yardım bu prioritetləri əks etdirmir. Ermənistanla Gürcüstan ABŞ-dan ən çox yardım alan xarici ölkələrdəndirlər. 1992-2010-cu illər arası İrəvan və Tiflis hər birisi Amerikadan 1 milyard dollar həcmində yardım alıb. Adambaşı düşən yardımın həcminə görə də Ermənistanla Gürcüstan mütəmadi olaraq birinci yerlərdə olub. Azərbaycan isə erməni lobbisinin təsiri altında ola Konqressdən Ermənistana nisbətən bir qayda olaraq 2 dəfə az yardım alıb. Vaşinqtonlu ekspert deyir ki, ABŞ-ın Gürcüstana marağının artmasının səbəbi bu ölkənin Rusiya ilə 2008-ci ildə baş verən münaqişəsi və NATO-ya üzvlüyə can atması olub.
"Mən Rusiya ilə münaqişədən əziyyət çəkən Gürcüstanda siyasi, hərbi və demoktratik islahatlara dəstək olmaq üçün Amerikanın davamlı yardımını görmək istərdim. Azərbaycana gəldikdə isə, strateji partnyorluq təkcə enerji sektorundan ibarət deyil. Biz Azərbaycanın müstəqilliyinə, sərhədlərini qoruyub saxlamasına dəstək olmalıyıq. Ən azı İran və Rusiyanın qisasından qorxmamasından ötrü",- deyə siyasi ekspert Steven Bleyk bildirir.
ABŞ-ın Bakını adlayaraq, Dağlıq Qarabağa göstərdiyi yardım isə xüsusi söhbətin mövzusudur. 1998-ci ildə guya müharibədən əziyyət çəkən qaçqınlara yardım məqsədilə Konqres işğal olunmuş Qarabağa 8,6 milyon dollar ayırıb. Maraqlıdır ki, həmin vaxt hərbi əməliyyatlardan artıq 6 il keçmişdi. ABŞ-ın yardım agentliyi olan USAİD və digər agentliklər tərəfindən humanitar yardım adı ilə verilən yardım bu günədək də davam edir. Əslində separatçı rejimə verilən yardım ildə 2 milyon dollardan daha çoxdur. Bura 2009-cu ildə Qarabağda barışıq məqsədi ilə ayrılan 480 min dollar, 2010-cu ildə isə daha 223 minlik minaların təmizlənməsi layihələrindən düşən pay daxil deyil.
Konqresin Ermənistanla Azərbaycana fərqli münasibəti bü gün də davam edir. 2014-cü il üçün ABŞ yardımı Gürcüstan üçün 62 milyon dollar, Ermənistan üçün bunun yarısı 31 milyon, Azərbaycan üçün isə Ermənistankının da yarısı - 16 milyon dollar nəzərdə tutulub. Əlbəttə, hər il olduğu kimi administrasiya yenə də bu natarazlığı düzəltməyə çalışacaq, hökumətlərarası birbaşa proqramlar hesabına bu fərqi nisbətən azaldacaq, lakin azalmayan Konqres üzvləri arasında olan ucdantutma savadsızlıq, erməni pulundan asılılıq və 21 il sonra hələ də qüvvədə qalan 907-dir.
Deyirlər, bağışlanan atın dişlərinə baxmazlar. Lakin bu yardım ölkənin ərazi bütövlüyü prinsipinə zidd olanda, müzakirə də olunmalı, hesabat da tələb edilməlidir.(ANS PRESS)