AMİP sədri: “Yeni siyasi birliyin yaradılmasına çalışırıq”-MÜSAHİBƏ

"Balanslaşdırılmış siyasətin dövrü bitib"



Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin AzNews.az-a müsahibəsi:

- Yusif bəy, bələdiyyə seçkilərində iştirak edəcəksiz?
- Bələdiyyə seçkilərində iştirakın tərəfdarıyıq. Seçkidən öncə də demişdik ki, bələdiyyə və parlament seçkilərinə hazırlaşırıq. Bu bəyanatımız siyasi qüvvələr tərəfindən birmənalı qarşılanmadı. Mərkəzi Şuranın iclasında seçki məsələsini müzakirə etdik, müxtəlif fikirlər səsləndirildi. Bilirsiz ki, biz Demokratik Qüvvələrin Birliyində (DQB) təmsil olunuruq. Seçkidə ya DQB-nin tərkibində, ya da ayrı iştirak edəcəyik. Bələdiyyə seçkiləri spesifik olduğuna görə çox güman ki, AMİP seçkidə təkbaşına iştirak edəcək. Bələdiyyə seçkilərində iştirak etməyən partiyanın prezident və parlament seçkilərində iştirakının heç bir mənası yoxdur. Parlament seçkilərində isə blok şəklində iştirak etməyə çalışırıq. Yəqin ki, yaxın zamanda bununla bağlı DQB-nin daxilində danışıqlar aparılacaq. AMİP-də 1995-ci ildən daimi fəaliyyət göstərən seçki qərargahı var. Parlamentdə boş qalan yerlərə də seçkilər keçirilərsə, iştirak etməyə hazırıq. Əfsuslar olsun, həmin yerlərə seçki keçirilmir. Bu da konstitusion hüququn pozulması deməkdir.

- Bələdiyyə seçkilərinə təxminən nə qədər namizəd təklif etmək fikriniz var?
- Azərbaycanın bütün regionlarından təşkilatlarımız var və onlar seçkiyə hazır vəziyyətdədir. Ciddi seçki kampaniyası keçirmək fikrimiz var. İndidən sayla bağlı fikir bildirə bilmərəm. Amma 2004 –də keçirilən bələdiyyə seçkilərində AMİP YAP-dan sonra ən çox yer qazanan təşkilat olub. Düşünürəm, bu seçkilərdə də kifayət qədər uğur qazanacağıq.

- Bütövlükdə DQB bələdiyyə seçkilərinə hansı formatda gedəcək?
- Vaxt məhdud olduğuna görə, ola bilər, partiyalar seçkilərdə ayrı-ayrı iştirak etsinlər. Amma Parlament seçkilərinə birlikdə getmək ehtimalı var.

- AMİP qurultayını niyə keçirmir?
- Parlament seçkilərinə yaxın qurultayımızı keçirəcəyik. Bu məsələ nizamnamədə də öz əksini tapıb. Ölkədə elə partiyalar var ki, 10 ildir qurultayını keçirmir. Biz demokratik dəyərlərə malik təşkilatıq. Partiyada sədrliyə iddialı şəxslər də var.

- Siyasi səhnədə durğunluq hökm sürür. Belə vəziyyətdə sizcə nə etmək lazımdır?
- Bir az çətin məsələdir. Bilirsiz, siyasi təşkilata hökumət tərəfindən münasibət dəyişməlidir. Siyasi partiyalar ölkənin siyasi həyatında aktiv iştirak etməlidirlər, bu aktivliyə də hökumət dəstək verməlidir. Siyasi səhnədə boşluğun yaranması təhlükəlidir. Belə olanda xarici ölkələrin diqtəsini yerinə yetirən cərəyanlar meydana çıxır. "Nurçu"ların məsələsi buna misal ola bilər. Narazı qüvvələr siyasi partiyaların ətrafında olmalıdır. Hökumət də onların narazılığını nəzərə alıb, dialoqa getməlidir. Siyasi təşkilatlara basqı etmək olmaz, basqı olanda cəmiyyət boşluq yaranır. Təklif edirəm ki, geopolitikanın çətin vəziyyətində Azərbaycandakı siyasi təşkilatlar arasında dialoq təşkil edilsin.

- Avropaya müntəzəm gedən partiya sədrlərindənsiniz. Siyasi partiyalara basqılarla bağlı məsələ qaldırırsınızmı?
- Biz dedik-demədik, burada beynəlxalq təşkilatın nümayəndələri var və baş verənləri detallı çatdırırlar. Əlbəttə, biz də problemlər haqqında danışırıq. Hakim partiya ilə birlikdə Avropa Xalq Partiyasında müşahidəçi qismində təmsil olunuruq. Biz onların tədbirlərində tez-tez iştirak edirik. Beynəlxalq təşkilatlar əsas diqqəti seçkilərə yönəldirlər. Hökumət bu yöndə ciddi addımlar atmalıdır. Bəzən ənənəvi siyasi partiyaları sıradan çıxarmaqla bağlı fikirlər səsləndirirlər. Bu, mümkün deyil. Unutmaq olmaz ki, Azərbaycanda 20-dən artıq siyasi təşkilat beynəlxalq qurumlarda tanınır. Demək istəyirəm ki, bu partiyaları siyasi səhnədən silmək mümkün deyil. İşğala məruz qalan bir ölkədə destibilaziya etməyin mənası yoxdur, arada dialoq olmalıdır.

- Hazırda Azərbaycan müxalifəti parçalanmış vəziyyətdədir. Sizin digər partiyalarla münasibətiniz necədir?
- Ölkənin əsas siyasi təşkilatları ilə münasibətlərimiz normaldır. Hazırda Azərbaycanda olan vəziyyət 1990-cı illərin əvvələrində olan vəziyyətdir. İndiki zamanda milli əhəmiyyət daşıyan məsələlərdə müxalifətli iqtidarlı birgə fəaliyyət göstərilməlidir. Biz sağ mərkəzçi partiyayıq. Yəni, liberal bazar, liberal düşüncələrin tərəfdarıyıq. Bununla belə hazırda heç bir partiya ilə problemimiz yoxdur. Digər siyasi partiyaların fəaliyyətindən narazı olduğum kimi, öz fəaliyyətimizdən də narazıyam.

- Nə mənada?
- Daha aktiv fəaliyyət göstərə bilərik. Biz partiyalarla sıx əməkdaşlığın tərəfdarıyıq ki, bu hələ yoxdur. Amma təəssüflər olsun, Milli Şura proyekti bizi qane etmədi. Bu, bizi proseslərdən çəkindirdi. Çünki nizamnaməsi, məramnaməsi qəbul edilmədən bütün siyasi təşkilatları bir yerə yığılıb, başqa dövlətin vətəndaşının namizədliyini irəli sürdülər. Düşünürük ki, bu, təhlükəli situasiya idi, buna görə də təmsil olunmadıq.

- Yəni, yeni birliyə ehtiyac var?
- Bəli, yeni birliyin yaradılması zəruridir. Birliyin yaradılması ilə bağlı işlər aparılır. Öncədən detallı məlumat vermək istəmirəm. Düşünürəm ki, hazırda uzunmüddətli perspektivi olan birlik yaradılmalıdır.

- Bütün partiyalara müraciət edəcəksiz?
- Xeyr. Biz sağ mərkəzçi partiyayıq, bu düşüncəyə malik adamlarla bir yerdə olmaq istəyirik. Konkret hansı partiyaların dəvət olunacağı ilə bağlı nəsə deyə bilmərəm.

- Təxminən, birliyin yaradılmasını nə vaxta planlaşdırırsız?
- Burada tək mən deyiləm, məndən də başqa da siyasətçilər var. Düşünürük, parlament seçkilərinə qədər konkret mövqe ortaya qoyaq.

- Düşüncə Mərkəzi və Milli Şura Qarabağla bağlı tez-tez tədbirlər keçirir. Amma sizi həmin tədbirlərdə də görmürük. Heç DQB-nin də bununla bağlı iclasları keçirilmir...
- Bizim DQB-də Qarabağla bağlı dinləmələrimiz olur. Bir müddət öncə Avropa Parlamentinin deputatları gəlmişdilər, onlarla da Qarabağ məsələsini müzakirə etdik. Bizim əsas işimiz Qarabağla bağlıdır. İctimai Palatada da təmsil olunanda birinci təklifimiz Qarabağla bağlı olub. Əfsuslar olsun ki, bu təklifimiz orada keçmədi və başqa təkliflər irəli sürüldü. Avropada Qarabağla bağlı qətnamələrin qəbul olunmasında AMİP-in də rolu böyük olub.

- Azərbaycanın beynəlxalq durumunu necə şərh edərdiniz?
- Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Avrasiya İqtisadi Birliyi əsas mərkəzlər kimi fəaliyyət göstərirlər. GUAM-da olan 4 dövlətdən 3-ü Şərq Tərəfdaşlığına qoşulmağa qərar verib. Bilirsiz ki, həmin dövlətlərin hazırda problemləri var. Əlbəttə, Rusiya istəmir ki, sərhədləri yaxınlığında Avropa İttifaqına üzv dövlətlər olsun. MDB yaranmışdı, nə əldə edə bildilər?! Bu da həmin şeydi. Avrasiya İqtisadi Birliyi reanimasiyada olan qurumdur. MDB süqut etmək üzrədir, ona görə də bu qurumu yaratmağa çalışırlar. Çünki Rusiya ətrafında yeni dövlətlər yaratmağa cəhdlər var. Bunlar Abxaziya, Osetiyadır. Hələ bu fikir də var ki, Dnestryanı bölgə də Avrasiya İttifaqına qatılsın. Bu quruma həm də Türkiyənı cəlb etməyə hazırlaşırlar. Amma Azərbaycan Ermənistan olan birlikdə ola bilməz. Biz Ermənistanla necə əməkdaşlıq edə bilərik?! Həmin birliyə Ermənistanı Azərbaycana görə qəbul etmək istəmirlər. Çünki o proyektdə Azərbaycan daha cəlbedicidir, nəinki Ermənistan. Ona görə də Ermənistanın qarşısına şərtlər qoyulur. Düşünürəm, Azərbaycanı o ittifaqa qoşmaq üçün güclü təklilər olacaq. Bilirsiz ki, Sergey Narışkin və Aleksandr Roqozin də Azərbaycana gəlir. Bu da Azərbaycana təkliflərin olduğuna işarədir. Ölkəmizin Qarabağ problemini həll etmək üçün imkanları genişlənir. Bu cür imkanlar heç vaxt olmayıb. Azərbaycan hazırda ən güclü dövrünü yaşayır. Bu da bizə şans verir ki, problemimizi həll edək. Bununla belə düşünürəm ki, Azərbaycan Avropointeqrasiya istiqamətində fəaliyyətini davam etdirməlidir. Bilirsiz ki, GUAM-ın yaradılmasında mərhum prezident Heydər Əliyevin böyük rolu olub. Burada məqsəd Avropaya inteqrasiya etmək idi. Hazırki prezident də çıxışında deyir ki, Azərbaycanın yolu Avropayadır. Bu ərəfədə biz bu maneələri necə keçməyimiz başqa məsələdir. Hazırda İrana qarşı sanksiyalara ara verilib və enerji üçlüyünün-Azərbaycan, İran və Türkmənistan birlik yaradılmasına çalışırlar. İranla bağlı Avropanın mövqeyi yumşalsa, Azərbaycan enerjinin Avropaya göndərilməsində tranzit dövlətinə çevrilə bilər.

- Rusiya buna imkan verəcək?
- Rusiya süni əngəllər yaradır. Xəzərlə bağlı ekoloji təmizliyin qorunması məsələsini ortaya atıb. Bu, açıq-aşkar maneədir. Amma ABŞ-ın bununla bağlı bəyanatı oldu, bildirdilər ki, Rusiya bu prosesə əngəl ola bilməz. Bu, enerji üçlüyünün yaradılması Azərbaycan üçün olduqca əlverişlidir. Türkiyənin Rusiya ilə yaxınlaşmasının da anlamı var. Çünki Türkiyə Rusiyadan qaz məsələsinə görə asılıdır. Təbii ki, burada qazanan Rusiyadır. Rusiya ilə Türkiyə arasında Atom Elektrik Stansiyasının tikilməsi ilə bağlı momerandum imzalanıb. Bizdə isə vəziyyət fərqlidir, Azərbaycan daha çox neft və qaz müqavilələrini Qərb dövlətləri ilə bağlayıb. Belə olanda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasını doğru hesab etmirəm. Biz Rusiya ilə iqtisadi birlikdə nə edəcəyik, yalnız avtonom vəziyyətdə qalacağıq. Ona görə də bu cür məsələlərlə bağlı Azərbaycanda iqtidarla müxalifət məsləhətləşmələrə və dialoqa gəlməlidirlər.

- Türkiyə həm də Ermənistanla yaxınlaşır...
- Türkiyənin Ermənistanla yaxınlaşması ABŞ və Avropa siyasətinin prioritet modellərindən biridir. Serj Sərkisyan Avropa Xalq Partiyasının iclaslarında çıxış edəndə, deyirdi ki, Ermənistan Azərbaycan və Türkiyə tərəfindən iqtisadi blokadaya alınıb. Mənə elə gəlir ki, ABŞ-da "erməni soyqırımı" ilə bağlı məsələlər qaldırılır, dövlət departamenti də bu məsələlərdən yayınmaqdan ötrü çalışır ki, Ermənistanla Türkiyə arasında sərhədlər açılsın. İnanın, Qarabağ məsələsi Ermənistandan asılı deyil. Bu, Azərbaycanla Rusiya arasındakı münasibətlərdən asılıdır. Hazırda Qarabağ məsələsini həll etməyə çalışsaq, edəcəyik. Yox, əgər ləngisək, sonra belə bir şans olmayacaq. ABŞ da bu məsələdə Azərbaycanı dəstəkləyir.

- Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanla ABŞ arasında münasibətlərin normal olduğunu deyir. Amma səfir açıq şəkildə bəyan edir ki, ölkədə rusiyameyilli qüvvələrin olmasından narahatdır. ABŞ səfirinin mövqeyi ilə razılaşırsız?
- ABŞ Azərbaycanın stateji müttəfiqidir. Amma 70 il Rusiyanın əsarətində olmuşuq. Birdən-birə Rusiya ilə əməkdaşlığı pozmağa ehtiyac yoxdur. Hökumətin daxilində xeyli qərbyönümlü siyasətçilər var. Hesab edirəm ki, Azərbaycanın yürütdüyü balanslaşdırılmış siyasətinin müddəti bitib. Davam edə bilsəydik, çox yaxşı olardı, amma bunun dövrü başa çatıb. Konkret olaraq, hansı birlik bizə uyğundursa , orda iqtisadi ,siyasi ,hərbi təhlükəsizliyimiz qorunacaqsa biz onun yanında olmalıyıq.

- Balanslı siyasət bitibsə, deməli, biz hansısa istiqamət seçməliyik. Siz də deyirsiniz, Azərbaycana uyğun cəmiyyət Avropadır. Belə olan halda Ukraynada baş verənlər Azərbaycanda ola bilərmi?
- Mümkün deyil. Amma bütün məsələləri nəzərə alıb, ölkədə siyasi təşkilatlar arasında dialoq təşkil edilməlidir. Düşünmürəm ki, Ukraynada baş verənlər Azərbaycanda da olsun.

- Yerigəlmişkən, sizcə Ukraynanın yeni prezidenti vəziyyəti ələ ala biləcəkmi?
- Poroşenko kifayət qədər ağıllı siyasətçidir. O, həm biznes sahələrində, həm də dövlət strukturlarında özünü sınayıb və uğur qazanıb. Poroşenko birdən-birə Ukraynanın prezidenti seçilmədi. Bilirsiz ki, o, müdafiə təhlükəsizlik Şurasının katibi, İqtisadi İnkişaf naziri olub. Ukrayna həmişə Azərbaycana yaxın olub. Biz də Ukraynanın ağır vəziyyətində ona dəstək olmuşuq. AMİP olaraq Dublində konfransda Ukraynanın ərazi bütövlüyünü dəstəklədik.

- Ukraynada baş verənlərin sonunu necə görürsünüz? Rusiya ilə dialoq mümkün olacaq?
- Rusiyanın Krımdan başqa əraziləri zəbt etməsi mümkün deyil. İnanıram ki, Ukrayna ərazi bütövlüyünü təsdiq edəcək, hətta Krımı da geri alacaq. Rusiya ilə Ukrayna arasında dialoq olacaq, başqa cür mümkün deyil. Rusiya Ukraynanın digər ərazilərində qeyri-müəyyən vəziyyəti ona görə yaratdı ki, Krımın işğalı yaddan çıxsın. Rusiya, artıq Donestk, Luqansk, Xarkov kimi şəhərləri tutmaqda maraqlı deyil. Rusiya Krımı əlində saxlamağa çalışır, çünki Krım strateji yerdir. Rusiya bu cür addımlarla dövlətlərə təzyiq edir.

- Ukraynada inaqurasiya mərasiminə ölkə başçısı İlham Əliyev dəvət olunsa da, getmədi. Onun əvəzinə ölkənin 3-cü şəxsi-Oqtay Əsədov iştirak etdi. Bunun səbəbi nədir?
- İlham Əliyevin orada iştirak etməsi şərt deyil. Kifayət qədər böyük statusu olan parlament sədri orada ölkəni təmsil etdi. Biz Viktor Yuşenkonun, Viktor Yanukoviçin vaxtında da Ukraynaya dəstək olmuşuq, ərazi bütövlüyünü tanımışıq. Onlar da həmçinin Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

- Axı Ukrayna Ermənistan məsələsində heç vaxt Azərbaycana tərəf olmayıb, bərabər mövqe sərgiləyib...
- O, başqa məsələdir. Ukraynada baş verənləri dəstəkləməklə biz Avropa yolunu tutmuş oluruq. Biz bu məsələdə Ukraynaya xeyli dəstək olmuşuq. Bu işləri bundan sonra da davam etdirməliyik.

- AMİP Mərkəzi Şurasının üzvü, jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı hansı addımları atırsınız?
- Rauf Mirqədirovun suçlu olmasına inanmırıq. Biz bununla bağlı ölkə prezidentə müraciət etmişik ki, ölkədə tanınmış əməkdar jurnalistin , Qarabağ üzrə araşdırmaçı ekspertin günahlandırılan iş üzrə istintaqına şəxsən nəzarət etsin. Mirqədirovun təqsirli olub-olmaması məhkəmənin qərarından sonra bilinəcək. Biz hesab edirik ki, o, günahsızdır və ümid edirik ki sonda istintaqın gələcəyi nəticə də belə olacaq.

İlkin PİRƏLİ
AzNews.az