- Köhnə - Siyasət
- 2 Sentyabr 2014 07:28
- 5 141
Mehdiyevin KİV rəhbərlərilə görüşündəki çıxışı - Tam mətn (VİDEO)
AzNews.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev geniş məruzə ilə çıxış edib.
Ramiz Mehdiyev qeyd edib ki, son 10 ildə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib, ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb, cəmiyyət həyatının bütün sahələri müasirləşib: "Dövlətimiz ümumdünya səciyyəli proseslərin fəal iştirakçısına çevrilib, mühüm siyasi, iqtisadi və humanitar təşəbbüslərin müəllifi və təkanverici qüvvəsi kimi beynəlxalq arenada böyük nüfuz qazanıb. Qarşıda duran bütün əsas vəzifələr düşünülmüş və məqsədyönlü, elmi əsaslara malik dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uğurla icra olunub, respublikamız "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan strateji hədəflərə doğru inamla irəliləməkdə davam edib. Son 10 ilin statistikası bir daha təsdiq edir ki, Azərbaycanda qısa dövr ərzində dünyanın aparıcı maliyyə və iqtisadi qurumlarının, beyin mərkəzlərinin diqqətini cəlb edən yüksək nəticələr əldə olunub. Təsadüfi deyil ki, 2013-cü ilin aprelində Davos Dünya İqtisadi Forumu məhz Bakıda keçirilib. Sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlər isə həqiqətən də heyrətamizdir. 2004-cü ildən sonra ötən dövr ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 5,5 faizə, işsizlik isə 4,8 faizə enib. Azərbaycanda müasir sosial-iqtisadi infrastruktur yaradılıb, respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunub. Minlərlə istehsal obyekti yaradılıb, müasir texnologiyalara əsaslanan zavod və fabriklər, texnoparklar fəaliyyətə başlayıb. Nəhəng infrastruktur layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Cənubi Qafqazın və Xəzər dənizi hövzəsinin nəqliyyat-logistika mərkəzinə çevrilib. Regional inkişaf proqramlarının davamlı olaraq həyata keçirilməsi bölgələrin simasını əsaslı şəkildə dəyişdirib və müasirləşdirib. Prezident İlham Əliyev bəyan edib ki, "bizim bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəlib və yerlərdə dəstəklənir. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Məhz buna görə də enerji resurslarının ixracından əldə olunan milli gəlirin böyük qismi mühüm sosial proqramların həyata keçirilməsinə, ölkədə insan kapitalının formalaşdırılmasına, elmin inkişafına, təhsilin səviyyəsinin yüksəldilməsinə, cəmiyyət həyatının bütün sahələrində müasir standartların, innovasiyaların tətbiqinə yönəldilir".
PA rəhbərinin qeyd etdiyinə görə, güclü iqtisadi potensial, həyata keçirilən siyasətə xalqın hərtərəfli dəstəyi imkan verir ki, Azərbaycan iqtidarı milli maraqlara hesablanmış tam müstəqil daxili və xarici siyasət yürütsün, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzi olmaqla, həm də qlobal siyasətdə fəal iştirak etsin: "Bunun bariz nümunəsi kimi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və dünyanın nəhəng dövlətləri ilə birlikdə beynəlxalq münasibətlər sistemində yaxından iştirak etmək hüququ qazanmasını göstərmək olar.Azərbaycan həm də dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq Humanitar Foruma və digər mötəbər tədbirlərə ev sahibliyi edir. Hesab edirik ki, 2015-ci ildə birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə, Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha təqdim edəcək. Bütün bunlarla yanaşı, dövlətimizin hərbi qüdrəti artmaqda davam edir".
Ramız Mehdiyev Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq, nizam-intizam, silah-sursat, texniki təchizat və döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusu olduğunu bildirib: "Dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan vəsaitin məbləği 3 milyard manatdan çoxdur ki, bu da Ermənistanın dövlət büdcəsini 1,5 dəfə üstələyir. Son illər Azərbaycanda müdafiə sənayesi inkişaf etdirilib, buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. İnamla deyə bilərəm ki, Azərbaycan Ordusu ərazilərimizin işğaldan azad edilməsi də daxil olmaqla qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirmək iqtidarındadır. Son illər Azərbaycanda demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, korrupsiya və digər mənfi hallara qarşı mübarizənin gücləndirilməsi sahəsində də mühüm nailiyyətlər əldə olunub. Ölkədə demokratik inkişafın vacib tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində məqsədyönlü addımlar atılıb, institusional və qanunvericilik islahatları həyata keçirilib. Senzuranın ləğvindən və kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən dövlət orqanının fəaliyyətinə xitam verildikdən sonra KİV-lərin inkişafında yeni mərhələ başlanıbdır. Azərbaycan Respublikasının Konstitusiyası, "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya əldə etmək haqqında" və digər qanunlar KİV-lərin maneəsiz informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Qanuna görə, KİV-lərin və jurnalistlərin qanuni fəaliyyətinə hər hansı müdaxilə inzibati və cinayət məsuliyyəti doğuran hal hesab edilir.Kütləvi informasiya vasitələrinin əməkdaşları yaxşı bilirlər ki, Azərbaycan dövləti milli informasiya resurslarının inkişafına hərtərəfli dəstək göstərir. Bu məqsədlə 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi" Konsepsiyası təsdiq olunub, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edilib. Bu günədək media layihələrinin maliyyələşdirilməsi üçün Fonda dövlət büdcəsindən 17 milyon manatdan artıq vəsait ayrılıb. Azərbaycanda milli mətbuatın, milli televiziya və radionun yubileyləri dövlət səviyyəsində qeyd olunur, KİV əməkdaşlarına fəxri adlar və mükafatlar verilir, redaksiyalara birdəfəlik maddi yardımlar göstərilir. Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlərin mənzil-məişət problemləri dövlət vəsaiti hesabına həll edilir. Məlum olduğu kimi, 2013-cü ildə 156 KİV əməkdaşı yeni mənzillə təmin edilib, həmçinin 250 mənzilli daha bir binanın təməli qoyulub və inşası davam etdirilir".
PA rəhbəri deyib ki, bu gün Azərbaycan Cənubi Qafqazda və MDB məkanında KİV-lərin kəmiyyəti və keyfiyyəti baxımından öncül yerlərdən birini tutur: "Bu gün Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq aktiv internet informasiya resursu, onlarla jurnalist təşkilatı fəaliyyət göstərir. Göründüyü kimi, Azərbaycan hakimiyyəti dövlətin uzunmüddətli inkişaf strategiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq güclü vətəndaş cəmiyyəti quruculuğu sahəsində üzərinə düşən vəzifələri uğurla icra edir. Prezident İlham Əliyev hesab edir ki, cəmiyyətin hazırkı inkişaf dinamikası yaxın gələcəkdə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olması üçün kifayət qədər ciddi əsaslar yaradır. Hakimiyyətin siyasi iradəsi də bu strateji hədəfə çatmaq üçün bütün milli resursların səfərbər olunmasına və onların səmərəli şəkildə idarə edilməsinə yönəlib".
Ramiz Mehdiyev qeyd edib ki, qlobal kataklizmlərin, mürəkkəb geosiyasi proseslərin müşahidə olunduğu, ikili standartlar siyasətinin hökm sürdüyü bir şəraitdə Azərbaycan öz strateji hədəflərinə doğru inamla irəliləməyi bacarır: "Əminliklə deyə bilərəm ki, müxtəlif xarici antiazərbaycan dairələrin və onların nəzarətində olan daxili antimilli qrupların təxribatçı fəaliyyəti Azərbaycan hakimiyyətini öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır. Azərbaycanın sürətli inkişafı, güclü, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, ölkəmizin regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində fəallığı müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmin edən ayrı-ayrı dairələri ciddi narahat edir. Son bir neçə ildə ölkəmizə qarşı aparılan davamlı kampaniyanın əsasında da məhz bu amil durur. Etiraf etməliyik ki, Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr ayırdıqları maliyyə hesabına ölkəmizin daxilində müxtəlif qeyri-hökumət təşkilatlarından və KİV-lərdən ibarət öz dayaq nöqtələrini, "5-ci kolon"unu formalaşdırmağa nail olublar. Sxem çox sadədir. Həmin QHT-lər və KİV-lər müvafiq tapşırıq əsasında Azərbaycanın daxili və xarici siyasətini ləkələmək məqsədi güdən, əsassız, subyektiv mülahizələrdən ibarət, bir çox hallarda isə iftira xarakterli donoslar hazırlayır və ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilən xarici təşkilatlara göndərir, onların əsasında da həmin qurumların bəyanatları hazırlanır və yayılır. Növbəti mərhələdə bu yalanlar müxtəlif rəsmi dairələrin tribunalarından səsləndirilir və hesabatlara daxil edilir. Absurd "siyasi məhbus" siyahıları, guya insan hüquqlarının pozulması, vətəndaş cəmiyyəti institutlarına və KİV-lərə, jurnalistlərə "təzyiqlər" barədə uydurmalar, bütün dünyada mövcud olan korrupsiya probleminin məhz Azərbaycanda əsassız şəkildə şişirdilməsi və digər məsələlər bu məqsədyönlü, təxribat xarakterli fəaliyyətin, işbirliyinin nəticəsidir.Azərbaycan dövlətini gözdən salmaq, əldə olunmuş böyük nailiyyətlərə qara yaxmaq, əsassız, uydurma məsələləri qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq "Azadlıq" qəzeti, "Azadlıq" radiosu və digər bir çox müxalifət mediasının fəaliyyətinin başlıca qayəsini təşkil edir. Nə qədər absurd olsa da, onların məntiqindən belə çıxır ki, bu günə kimi Azərbaycanda müasirliyə doğru, demokratiya yolunda heç bir müsbət iş görülməyib. Onların əsas hədəfi Azərbaycanı ölkə və dünya ictimaiyyətinə "dəhşətli obraz"da təqdim etməkdir. Təsadüfi deyil ki, belə media orqanlarının fəaliyyəti hətta tanınmış xarici jurnalistlərin də kəskin etirazı ilə qarşılanır.Bu günlərdə tanınmış amerikalı publisist Maayan Yaffe məqalə ilə çıxış edərək bildirib ki, ABŞ administrasiyası tərəfindən "Azadlıq" radiosu və "Amerikanın səsi" layihələrinə hər il 750 milyon dollar xərclənir. Lakin onlar obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar münasibətləri barədə danışmaq əvəzinə, bu dəyərləri bölüşən, qəbul edən müttəfiq dövlətlərə hücum edirlər. Jurnalist müstəqillik illərində Azərbaycanın demokratiya yolu ilə inamlı inkişafına, əldə etdiyi mühüm nailiyyətlərə toxunaraq bildirir ki, "Azadlıq" radiosunun layihələri bu ölkə haqda qərəzli mövqe formalaşdırır. Təkcə iyulun 1-dən avqustun 5-dək "Azadlıq" radiosunun saytında Azərbaycan haqda 30 məqalə və video yerləşdirilib. Onlardan heç biri Azərbaycanın nailiyyətlərindən bəhs etmir. Nə qədər ki, Konqres "Azadlıq" radiosuna istədiyini dərc etməyə imkan verir, Yaxın Şərqdə hava hücumlarına cəlb olunmuş və Orta Şərqdə münasibətləri pisləşən ABŞ-dan müttəfiq ölkələr də uzaqlaşacaq. Buna görə də ABŞ Konqresi vergi ödəyicilərinin pullarının müttəfiq xalqlara hücum üçün istifadə edilməsini dayandırmalıdır. Bu, Amerikanın tanınmış jurnalistinin mövqeyidir".
PA rəhbəri bildirib ki, bunun əksinə olaraq, Azərbaycanda bəzi siyasiləşmiş QHT-lərin xarici dairələrə agentlik kimi səciyyələndirilə biləcək fəaliyyəti də hiddət doğurmaya bilməz: "Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və bu kimi digər təşkilatlar yüksək qrantlar müqabilində, insan hüquqlarının müdafiəsi adı altında xarici təşkilatlara, dairələrə donoslar göndərməklə, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarda ölkəmizə qarşı kampaniyalar təşkil etməklə məşğuldurlar. Bu şəbəkənin əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan dövləti, hakimiyyətin siyasəti haqqında müsbət mövqedə olan və müsbət fikirlər səsləndirən ictimaiyyət nümayəndələrini, ziyalıları, habelə Azərbaycana dost münasibəti olan xarici təşkilatları, ekspertləri gözdən salmaq, onlara qarşı inamsızlıq yaratmaqdır. İctimaiyyətimiz dəfələrlə onların xaricdə Azərbaycana qarşı səsləndirilən və ya xarici mediada Azərbaycanın əleyhinə dərc olunan mənfi fikirləri, materialları necə "sevinclə" qarşıladıqlarının, yaxud da ölkəmizin beynəlxalq arenada növbəti uğurundan necə məyus hala düşdüklərinin şahidi olub. Baxın, Əkrəm Əylislinin məlum ermənipərəst "Daş yuxular" yazısı Azərbaycan ictimaiyyətinin hiddətinə, vətəndaşların kəskin etirazlarına səbəb olduğu halda, bəzi müxalif qruplar və məlum antiazərbaycan şəbəkə onun müdafiəsinə qalxmış, guya Azərbaycanda insanların öz fikirlərinə görə təzyiq və təqiblərə məruz qaldığı iddia etmiş, xarici təşkilatlara müvafiq donoslar göndərmişlər. Sülh və Demokratiya İnstitutu adlı qurumun rəhbəri Leyla Yunus erməni xüsusi xidmət orqanları ilə işbirliyində, dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə şübhəli bilinərək həbs olunur, müxalif dairələr və məlum şəbəkə isə onun müdafiəsini təşkil edirlər".
Ramiz Mehdiyev vurğulayıb ki, bütün bunlar təkcə Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycan xalqına qarşı düşmənçilik və milli xəyanətdir: "Onların bu fəaliyyəti Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı apardığı informasiya müharibəsinə əlavə nəfəs verir, düşmənin mövqeyinin güclənməsinə xidmət edir. Ən əsası, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində apardığı ardıcıl, fəal diplomatiyanı gözdən salmaq məqsədi güdür. Azərbaycan bütün resurslarını bir hədəfə yönəltməklə Ermənistan və erməni lobbisi ilə informasiya müharibəsində üstünlüyü ələ almağa nail olmuş, BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar, aparıcı dövlətlər də daxil olmaqla bir çox ölkələr Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın torpaqlarını azad etməyi tələb edən qərar və qətnamələr qəbul edib. Son illər Azərbaycanın səyləri nəticəsində ABŞ-ın bir çox ştatı, dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyıb. Lakin Ermənistanın Azərbaycana qarşı bütün resurslarının tükəndiyi, heç bir mübarizə potensialının, arqumentinin qalmadığı bir vaxtda isə daxili antimilli ünsürlər, Vətəni satanlar, müxalifətə yaxın QHT-lər və media öz xalqına, dövlətinə qarşı xəyanət yolu tutaraq düşmənlə işbirliyinə gedir və onun mövqeyini gücləndirməyə çalışır.Onlar belə satqınlıq, düşmənçilik yolundan geri çəkilməlidirlər və öz şəxsi və korporativ maraqlarını Azərbaycanın milli mənafelərindən, dövlətimizin nüfuzundan üstün tutmamalıdırlar. Əks halda cəmiyyətin kəskin qınağına məruz qalacaq, qanunları pozduqlarına, yalan məlumat yaydıqlarına, agent fəaliyyəti göstərdiklərinə görə müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar".
PA rəhbərinin qeyd etdiyinə görə, hazırda cəmiyyətimiz qarşısında duran ən ağrılı problem – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllidir: "Beynəlxalq birliyin susqunluğu, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır, BMT-nin müvafiq qətnamələrini, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri icra etməkdən boyun qaçırır. Məhz cəzasızlıq mühiti, beynəlxalq birliyin oxşar işğal faktlarına ayrı-seçkiliklə yanaşması Ermənistanı qoşunların təmas xəttində atəşkəsi pozmağa, çoxsaylı insan ölümünə səbəb olan diversiya cəhdlərinə sövq edir".
Ramiz Mehdiyev xatırladıb ki, avqustun əvvəlində erməni kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqınlar edib, nəticədə Azərbaycan Ordusunun hərbçiləri həlak olub, ermənilər isə dəfələrlə çox itki verərək geri çəkilməyə məcbur olublar: "Bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü, istənilən mürəkkəb vəzifəni müvəffəqiyyətlə icra etmək bacarığını əyani şəkildə nümayiş etdirməklə yanaşı, həm də hərbi əməliyyatların intensivləşməsi şəraitində cəmiyyətdə mövcud olan bəzi narahatedici məqamların qabarmasına şərait yaratdı. Burada söhbət konkret olaraq bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet informasiya resurslarının Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyətindən, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin yaranmış situasiyada milli maraqlara zidd, qeyri-adekvat davranışından gedir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda hərbi əməliyyatlar alovlanan zaman hakimiyyət nümayəndələrinin, ayrı-ayrı "ekspertlərin", kütləvi informasiya vasitələrinin qeyri-peşəkar, qanunlara və milli maraqlara zidd, bəzi hallarda isə bilərəkdən təxribatçı fəaliyyətinin hansı ağır fəsadlara səbəb olduğunu unutmayıb. O vaxt məhz cəmiyyətdə hökm sürən xaosun, özbaşınalığın nəticəsi idi ki, bəzən Azərbaycan silahlı birləşmələrinin əməliyyat planı əvvəlcədən qəzet səhifələrində müzakirə olunur, hərbi arsenalın həcmi, texniki göstəriciləri, hərbi hissələrin zəif və ya güclü olduğu mövqelər, düşmənlə üzbəüz dayanmış yaşayış məntəqələrində əhalinin sayı və əhval-ruhiyyəsi dəqiqliklə təsvir edilirdi. Düşmən kəşfiyyatı heç bir əziyyətə qatlaşmadan, sadəcə dövri mətbuatı, antiazərbaycan xəttini yürüdənlərin hazırladığı telesüjetləri izləməklə özünə lazım olan informasiyanı əldə edə bilirdi. Çox güman ki, düşmən kəşfiyyatına belə şəffaf olmağın hansı acı nəticələrə gətirib çıxardığını xüsusi olaraq bir daha xatırlatmağa ehtiyac yoxdur. Lakin belə halların bir daha təkrarlanmaması üçün mövcud problemlər və onların aradan qaldırılması yolları barədə açıq danışmaq zərurəti yaranmışdır".
PA rəhbəri bildirib ki, bu gün də ayrı-ayrı "ekspertlər" Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının say və texniki göstəricilərini mediada fəal müzakirə edir, KİV-lər ordunun ali komanda heyəti barədə şayiələr yayır, dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun olmayan, qərəzli məlumatlar dərc edirlər: "Məsələn, özünü "hərbi ekspert" kimi təqdim edən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, vaxtilə korpus komandiri olmuş, hazırda isə xarici ölkələrdən birində yaşayan İsa Sadıqov qərəzli, heç bir əsası olmayan iddialarla çıxış edir, silahlı qüvvələri, onun rəhbərliyini hədəfə götürür, müstəqillik dövründə milli ordu quruculuğu sahəsində görülmüş işləri gözdən salmağa çalışır və öz açıqlamaları ilə düşmənin maraqlarına xidmət edirlər. "Azadlıq" qəzeti, "Azadlıq" radiosu və bir sıra digər KİV-lər onların qərəzli iddialarına geniş yer verir və bu tipli çirkin, antimilli fəaliyyətin iştirakçısına çevrilirlər. Mən bugünkü toplantıda konkret ad çəkə bilərəm. Lakin düşünürəm ki, dəfələrlə Prezident Administrasiyasından xəbərdarlıq almış resursların rəhbərləri kimdən söhbət getdiyini başa düşəcəklər. Bəzi media qurumları Milli Orduda döyüş şəraitində həlak olmuş və ya yaralanmış hərbi qulluqçular haqqında məlumatların ictimailəşdirilməsi üzrə "ixtisaslaşıblar". Son hadisələr zamanı informasiya agentliklərindən biri Müdafiə Nazirliyinin rəsmi açıqlamasını gözləmədən şəhid olmuş hərbi qulluqçular haqqında özəl kanallarla əldə etdiyi, əsasən də yanlış məlumatlar əsasında xəbərlər yayıb. Bəzi saytlar isə bütün mümkün sərhədləri aşaraq həlak olanların sayı barədə fantastik rəqəmlər səsləndiriblər. Belə canfəşanlıq bir çox hallarda yanlış informasiyanın dövriyyəsinə və anlaşılmazlıqların yaranmasına səbəb olur. Digər tərəfdən isə Azərbaycan Ordusunu nüfuzdan salır, cəmiyyətdə ona inamsızlıq yaradır. Biz görməmişik ki, ermənilər bu yolla getsinlər, belə halları geniş yaysınlar. Əksinə, onlar hər vəchlə ordunun nüfuzunu qaldırırlar, hətta itkilərini belə gizlədirlər. Avqustun 7-də Tovuz rayonunda ermənilərin kəşfiyyat-diversiya qrupunun zərərsizləşdirilməsi və Karen Petrosyan adlı diversantın yaxalanması ilə bağlı agentliklərin və Müdafiə Nazirliyinin yaydıqları məlumatlar arasında yaranmış ziddiyyətləri buna misal kimi göstərmək olar. Lakin rəsmi orqanların müvafiq xəbərdarlıqlarından heç bir nəticənin çıxarılmaması KİV əməkdaşlarının məsuliyyətsizliyindən kifayət qədər ciddi xəbər verir. Yeni bir fakt: digər bir sayt Müdafiə Nazirliyinin açıqlamasını gözləmədən avqustun 26-da Qazax rayonunun Kəmərli kəndində növbəti erməni diversantının saxlanması haqqında düzgün olmayan, səhv məlumat yayıb. Onun ardınca başqa saytlar dərhal bu məlumatı səhifələrinə yerləşdiriblər. Prezident Administrasiyasının müdaxiləsindən sonra həmin məlumat saytlardan çıxarılıbdır. Lakin bir neçə saat keçdikdən sonra həmin məlumat yenidən saytların birində yerləşdirilib və digər resurslar da, hətta xəbərdarlıq olunmuş saytlar da onu təkrar veriblər. Bu məsələ bizim tərəfimizdən araşdırılıb və rayon icra hakimiyyətinin Kəmərli kəndi üzrə nümayəndəsi bu məlumatı yaydığına görə vəzifəsindən azad olunub. O, məlumatı diversantın verdiyi informasiya həcmində yayıb və bununla da, faktiki olaraq, erməni tərəfinə müəyyən sirləri çatdırıb".
Ramiz Mehdiyev bəyan edib ki, bundan sonra belə faktların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək: "Açıq deməliyəm, bir sıra informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə "töhfə" verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar. Məsələn, avqustun əvvəllərində bəzi saytlar Ermənistanla sərhəd zonalarında azərbaycanlıların yaşayış yerlərini tərk etdiyi barədə yanlış informasiya yaydılar və bununla da əhali arasında çaşqınlıq yaranmasına xidmət etdilər. Nəşrlərdən biri isə sərhədyanı zonalarda yaşayan əhalini ruhlandırmaq əvəzinə, süni şəkildə sosial problemləri, təhlükəsizlik məsələlərini qabardaraq, əhalinin həmin əraziləri tərk etməsi üçün təbliğat aparıb".
PA rəhbərinin qeyd etdiyinə görə, bu yolu tutanlar bilməlidirlər ki, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərlər: "Təəssüf ki, yalnız Facebook, Tvitter, Youtube kimi beynəlxalq şəbəkələr, BBC, "Amerikanın səsi", "Azadlıq" radiosu kimi bəzi beynəlxalq media brendlərinin yerli nümayəndəlikləri deyil, hətta bir sıra hallarda Azərbaycan KİV-ləri də xalqımıza qarşı necə amansız psixoloji müharibə aparıldığını unudaraq, düşmən mediasının təxribat xarakterli məlumatlarını olduğu kimi tirajlayırlar. Bəzi informasiya resurslarının belə məlumatları olduğu kimi yayması qəbuledilməzdir və düşmən erməni təbliğatının düşünülmüş qaydada Azərbaycan ictimai rəyinə yeridilməsindən başqa bir şey deyildir. Qəzəbləndirici hal ondan ibarətdir ki, bir sıra KİV-lər isə düşmən kəşfiyyatı üçün açıq informasiya mənbəyi rolu oynayırlar. Məsələn, bir neçə gün əvvəl Ağstafada-sərhəd bölgəsində Azərbaycanın hərbi texnikasının hərəkəti ilə bağlı qeyri-peşəkar mülki şəxs tərəfindən çəkilmiş şəkillər və videosüjet ölkənin aparıcı KİV-lərinə göndərilmiş və dərhal da onlar tərəfindən tirajlanmışdır. Yaxud da mülki şəxslərin öz təşəbbüsləri ilə qoşunların təmas xəttini keçərək işğal altında olan doğma torpaqlarına getmələri və yaxalanmaları ətrafında Ermənistan KİV-lərinin qaldırdığı ajiotajı xatırlamaq kifayətdir. Azərbaycanın bəzi internet resursları erməni mənbələrinə istinadən həmin şəxsləri "diversiya qrupu" kimi təqdim etdi. Bütün bunların məntiqini anlamaq olduqca çətindir. Bu, yumşaq desək, qeyri-peşəkarlıqdır, hüquqi məsuliyyətsizlikdir, mənəvi baxımdan isə düşmən dəyirmanına su tökməkdir. Biz düşmənə "can yandıran" "hüquq müdafiəçilərinin" fəaliyyətinin məqsədləri və nəticələri haqda hüquq mühafizə orqanlarının ilkin açıqlamalarından məlumatlıyıq. Bəs bəzi KİV-lərin son hadisələr zamanı nümayiş etdirdiyi davranışa necə qiymət verilməlidir? Bunun səbəb və məqsədləri nədir? Bunlar ilk növbədə Azərbaycanın jurnalist ictimaiyyətini narahat etməli, bu sualların cavabları tapılmalı, prinsipial qiymət verilməli və belə məsuliyyətsiz əməllərin aradan qaldırılması üçüm ciddi tədbirlər görülməlidir".
Ramiz Mehdiyevin sözlərinə görə, bütün kəskinliyi ilə müşahidə olunan bu problemin başlıca səbəblərindən biri də KİV-lər arasında olan rəqabət mühitinin mövcudluğudur: "Əlbəttə, KİV-lər də sahibkarlıq subyektləridir, onların istehsal etdiyi məhsul isə informasiyadır. Bazar iqtisadiyyatı şəraitində bütün sahələrdə olduğu kimi, KİV-lər arasında da sağlam rəqabət təqdirəlayiq haldır. Ancaq bu rəqabət keyfiyyətsiz, qeyri-obyektiv, müxtəlif mənbələrdən dəqiqləşdirilməmiş, qərəzli, qanunların tələblərinə, milli maraqlara zidd məhsulun istehsalı və yayımı hesabına aparılmamalıdır. Son vaxtlar dövri mətbuatda, xüsusilə də elektron mediada bu tipli materialların sayı artıb və dözülməz səviyyəyə çatıb. Əsası olmayan, plagiat, ilkin mənbənin göstərilməməsi, "etibarlı", "məlumatlı mənbə"lərə istinad da bu problemdən qaynaqlanır. Bu qərəzli işdə əsasən də müxalifət qəzetləri və saytları seçilirlər. Birincilik uğrunda mübarizə peşəkarlıq, operativlik, dəqiqlik, obyektivlik, qərəzsizlik, qanunlara hörmət və dövlətə, milli maraqlara sadiqlik prinsipləri üzərində qurulmalıdır.
Son hadisələr də nəzərə alınmaqla kütləvi informasiya vasitələrinin yaydıqları qanunazidd məlumatları aşağıdakı kimi təsnifləşdirmək olar:
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, onların döyüş və səfərbərlik hazırlığı haqqında məlumatların yayılması;
- silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları haqqında məlumatların yayılması;
- milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi haqqında məlumatların yayılması;
- qoşunların dislokasiyası, hərəkəti, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatların yayılması;
- Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında məlumatların yayılması;
- kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatların yayılması;
- rəsmi instansiyaların açıqlamalarını gözləmədən cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılması;
- həlak olmuş və yaralanmış hərbi qulluqçular haqqında şişirdilmiş məlumatların təqdim olunması;
- həlak olmuş hərbi qulluqçuların adları və soyadları, rütbələri, həlak olma şəraiti haqqında məlumatların yayılması;
- sərhəddə və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri haqqında məlumatların yayılması;
- hərbi hissələrin komandirləri, rəhbər vəzifəli şəxsləri haqqında məlumatların açıqlanması və s.".
PA rəhbəri qeyd edib ki, bu məlumatların tam əksəriyyəti "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanunu ilə mühafizə olunur və həmin qanunun 5-ci maddəsinə əsasən onların yayılması qadağandır: "Qanunun tələbinə əsasən dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir. Həmin qanun dövlət sirrini mühafizə etməyə məsul şəxsləri və icra strukturlarını, hərbi sirr təşkil edən məlumatları sadalayır, eyni zamanda, milli qanunvericiliyimiz bu sirrin açılmasına görə məsuliyyət müəyyən edir. Sual olunur: belə halların təkrarlanmaması üçün hansı əməli addımlar atılmalıdır? Beynəlxalq praktikaya müraciət etsək, görərik ki, hətta inkişaf etmiş demokratik ölkələrdə belə hərbi əməliyyatlar, sosial gərginlik və digər oxşar hallarda hakimiyyət medianın informasiyaya çıxışını, informasiya əldə etmək və yaymaq hüququnu sərt şəkildə məhdudlaşdırır. 2013-cü il oktyabrın 30-da Böyük Britaniya Kraliçası II Elizabet Birləşmiş Krallıqda medianın əxlaq kodeksinə əməl edilməsi mexanizmini müəyyənləşdirən Kral Xartiyasını imzalayıb. Yeni qaydalara görə, Britaniya KİV-ləri jurnalistlərin etik normalara riayət etməsini tənzimləyən qurum yaratmalıdır. Həmin tənzimləyici qurum etik normaların pozulması faktını aşkarladığı media orqanını 1 milyon funt sterlinq məbləğində cərimələyə bilər. Üstəlik, bu tənzimləyici qurumun işinə nəzarət edən xüsusi rəsmi dövlət orqanı da formalaşdırılır. Türkiyədə "Gəzi hadisələri"ndən və "İmralı protokolları" olduğu iddia edilən sənədlərin mətbuata sızdırılmasından sonra keçirlimiş toplantılarda KİV-lərin fəaliyyətinə nəzarət edəcək tənzimləyici qurumun yaradılması haqda təkliflər səsləndiyi məlumdur. II Körfəz müharibəsi zamanı ABŞ-ın dövlət katibi Kolin Pauell Qətər dövlətindən "Əl-Cəzirə" telekanalının müharibə haqqında informasiyalarına nəzarət edilməsini xahiş etmişdi. Bu il avqustun 9-da ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində polisin qaradərili gənci öldürməsi geniş etirazlara səbəb oldu. ABŞ hakimiyyətinin həyata keçirdiyi tədbirlər göstərdi ki, bu ölkədə sosial narazılığı artıran materiallardan söhbət getdikdə, media əməkdaşlarının informasiya əldə etmək və yaymaq hüququ daha sərt şəkildə məhdudlaşdırılır, jurnalistlər təzyiqlərə, həbslərə məruz qalırlar".
PA rəhbərinin qeyd etdiyinə görə, başqa bir problem kimi beynəlxalq miqyasda fəaliyyət göstərən sosial şəbəkələrdə qeyri-obyektiv, qanunazidd informasiyaların yayılmasını göstərmək olar: "Məlumdur ki, bir sıra hallarda sosial şəbəkələr yayılması qanunla qadağan olunmuş informasiyanın mənbəyi rolunda çıxış edir, sonra isə həmin məlumatlar internet media tərəfindən tirajlanır. Artıq Fransa, Böyük Britaniya, son illər isə Türkiyə nümunəsindən bəlli olduğu kimi Youtube, Google, Tvitter, Facebook kimi sosial şəbəkələrin ölkə qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə məhkəmə prosesləri keçirilib və bu məhkəmələr qanunlara uyğun hökmlər çıxarıblar. Eyni zamanda, həmin şəbəkələrə cəmiyyətin təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq xəbərdarlıq edilib. Həmçinin kəşfiyyat xarakterli, cəmiyyətdə gərginlik yarada biləcək məlumatların sızmasını önləmək məqsədilə həmin ölkələrdə sosial şəbəkələrə qarşı daha sərt addımların atılması faktları da mövcuddur. Məsələn, 2011-ci ildə Böyük Britaniyada iğtişaşlar zamanı Facebook və Tvitter sosial şəbəkələrinə giriş məhdudlaşdırıldı. 2013-cü ildə İstanbulda baş vermiş kütləvi qarşıdurma ilə əlaqədar Türkiyə hökuməti Tvitterə qarşı analoji məhdudiyyətin tətbiq olunması ilə bağlı qərar çıxardı".
Ramiz Mehdiyev xatırladıb ki, Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilib: "Bununla hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 1992-ci il 16 aprel tarixli Fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 1993-cü il 15 aprel tarixli Sərəncamı qüvvəsini itirib. Eyni zamanda, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilib. Əlbəttə, Azərbaycan hakimiyyəti indiki mərhələdə keçmişə qayıtmaq, həmin orqanların fəaliyyətini bu və ya digər formada bərpa etmək niyyətində deyil. Eyni zamanda, internet mediada, sosial şəbəkələrdə Azərbaycan haqqında, tanınmış ictimaiyyət nümayəndələri barədə yanlış məlumatların, habelə hərbi hissələrimizin dislokasiyası, əsgər postları, cəbhə bölgəsindəki yaşayış məntəqələri, silahlı qüvvələrimizin texniki göstəriciləri, eləcə də hərbi sirri özündə ehtiva edən və cəbhə bölgəsində dəqiqləşdirilməmiş materialların yayılmasına da laqeyd qala bilmərik. 2007-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir. Buna görə də, formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşısı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, atılacaqdır".
Ramiz Mehdiyev vurğulayıb ki, müasir dövrdə vahid informasiya məkanının mövcud olduğu şəraitdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir: "KİV-lər Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir. Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin kök salmasına çalışmalıdırlar. Acınacaqlı haldır ki, milli KİV-lərimiz bu vacib məsələyə diqqət ayırmır və maraq göstərmirlər. Mətbuat işıqlı simaların timsalında insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz dəyərli töhfəsini verməlidir. Hesab edirəm ki, bu amal onların fəaliyyətinin əsasını təşkil etməlidir. Eyni zamanda, Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".
PA rəhbəri bildirib ki, son 11 ildə ölkəmiz hər bir xalqın fəxr edə biləcəyi inkişaf yolu keçib: "Azərbaycanın inkişaf modeli dünyanın aparıcı iqtisadi, siyasi mərkəzləri, ölkəmizə səfər edən xarici dövlət və hökumət başçıları, rəsmi şəxslər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Əlbəttə, bütün bunlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və onun komandasının məqsədyönlü, milli maraqlara hesablanmış praqmatik siyasətinin nəticəsində mümkün olub. Hesab edirəm ki, Azərbaycanın kütləvi informasiya vasitələri ölkədə görülən işləri, cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar. Məsələnin digər tərəfi dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyətində müşahidə olunan çatışmazlıqlardır".
Ramiz Mehdiyev xatırladıb ki, 2005-ci ildə Avropa Şurası və ATƏT ekspertlərinin, yerli QHT-lərin yaxından iştirakı ilə hazırlanmış və qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" Qanun hazırda Avropada ən mütərəqqi qanunvericilik nümunələrindən biri hesab olunur: "Qanun Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirir. Bununla yanaşı, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaradır, habelə informasiyanın əldə edilməsinin əsas prinsiplərini, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin vəzifələri və funksiyalarını, fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Ötən müddət ərzində müvafiq qanunun implementasiyası məqsədilə ciddi addımlar atılmış, dövlət orqanlarının informasiyanın verilməsi funksiyasını yerinə yetirən struktur bölmələrinin və məsul şəxslərinin fəaliyyəti təşkil olunub və təkmilləşdirilib. Dövlət orqanlarının internet informasiya resurslarında qanunda nəzərdə tutulmuş məlumatların və operativ informasiyaların yerləşdirilməsi onların fəaliyyətini daha da şəffaflaşdırıb, cəmiyyət və KİV-lərin informasiya əldə etmək imkanlarını genişləndirib.Müstəqil təşkilatların apardığı monitorinqlərin nəticələri göstərir ki, 2005-ci illə müqayisədə dövlət orqanlarının informasiya sahəsində fəaliyyətində ciddi irəliləyiş baş verib, bəzi strukturların internet saytlarının zəruri və operativ informasiya təminatı 70-80 faizədək yüksəlib, mətbuat xidmətləri ilə KİV-lər arasında sıx əməkdaşlıq əlaqələri yaranıb. Lakin etiraf etməliyik ki, bəzi dövlət orqanları hələ də bu sahədə fəaliyyətini qanunun tələblərinə uyğun qura bilməmişlər. Bir çox mətbuat xidmətləri qarşıda duran vəzifələri düzgün dərk etmir, təmsil etdiyi strukturun fəaliyyətini ictimaiyyətə lazımınca çatdırmağa səy göstərmir, KİV-lə işi səmərəli qura bilmirlər. Nəticə etibarilə haqqında söhbət açdığımız son hadisələri də nəzərə almaqla, deyə bilərik ki, dövlət orqanı ictimai maraq kəsb edən hadisəyə dövlətin marağına uyğun, operativ, dolğun reaksiya verməyəndə müxtəlif şayiələrin yaranması və dövriyyəsi üçün əlverişli şərait yaranır. Bu isə ümumilikdə cəmiyyəti çaşdırır, dövlətin imicinə mənfi təsir edir, fantastik və ağlasığmaz iddiaların meydana gəlməsinə imkan yaradır".
PA rəhbəri qeyd edib ki, 2006-cı ildə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin rəhbərləri ilə görüş keçirilib, onların fəaliyyəti təhlil olunub, mövcud nöqsanlar müəyyənləşdirilib və problemlərin aradan qaldırılması üçün tapşırıqlar, tövsiyələr verilib, sirkulyar hazırlanaraq paylanıb: "Buna görə də mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı məsələlərdə xüsusi dayanmağa ehtiyac yoxdur. Bununla yanaşı, xatırlatmaq istərdim ki, dövlət orqanlarının fəaliyyəti, baş vermiş hadisələrlə bağlı cəmiyyətin doğru-dürüst və operativ məlumatlandırılması və digər vacib vəzifələrin həyata keçirilməsi üçün informasiya sahiblərinin, konkret olaraq mətbuat xidmətlərinin və ictimaiyyətlə əlaqə idarələrinin üzərinə ciddi məsuliyyət düşür. Onlar səlahiyyətlərinə aid məsələlər üzrə dövlət siyasətini müntəzəm izah etməli, qəbul edilən və hazırlanan qərarların mahiyyəti üzrə açıqlamalar verməli, qeyri-obyektiv, qərəzli və dezinformasiya xarakterli iddiaları tutarlı cavablandırmalı, öz fəaliyyətlərini operativlik, sistemlilik, müntəzəmlik, dəqiqlik, dolğunluq və əlaqəlilik prinsipləri üzərində qurmalıdırlar".
Ramiz Mehdiyev ümidvar olduğunu bildirib ki, vəziyyətin təhlili, nöqsanların müəyyənləşdirilməsi, onların aradan qaldırılması üçün verilən tövsiyələr qarşıdan gələn dövrdə həm informasiya sahiblərinin, həm də KİV-lərin qanunauyğun və səmərəli fəaliyyətinin tənzimlənməsinə öz müsbət təsirini göstərəcəkdir: "Unutmaq lazım deyil ki, vəzifəsindən, mövqeyindən, sosial statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı vahid amal uğrunda – Azərbaycanın inkişafı, ümummilli problemlərin həlli, dövlət və milli maraqların təmin olunması üçün bütün qüvvəsini səfərbər etməyə və var gücü ilə çalışmağa borcludur".
AzNews.az