- Köhnə - Siyasət
- 5 Sentyabr 2014 08:19
- 3 552
Ərdoğan Bakıda nə demək istədi? - Azərbaycana verilən sözlər
Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri, qısamüddətli “viza anlaşılmazlığı” nəzərə alınmasa, müsbət tonlarla yadda qaldı.
Bir sıra ekspertlər vurğulayır ki, dövlət başçılarının seçkidən sonra ilk xarici səfərlərini qardaş ölkədən başlamaları ölkələrin daxilindən çox, xaricə ötürülən mesajdır. Liderlərin son Bakı bəyanatlarına diqqət yetirdikdə, bu məqam aşkar görünür.Ərdoğana Azərbaycan dövlətinin ali mükafatının - "Heydər Əliyev Ordeni"nin təqdim edilməsi mərasimində çıxış edən prezident İlham Əliyev bildirdi ki, getdikcə inkişaf edən Türkiyə-Azərbaycan münasibətləri heç bir ölkəyə qarşı yönəlməyib: "Biz istənilən dövlətə dəstək verməyə hazırıq. Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı bütövlükdə regionun inkişafına xidmət edir".
R.T.Ərdoğanın çıxışındakı mesajlardan ən yaddaqalanı isə "Azərbaycana verilən söz tutulmalıdır" oldu. Beynəlxalq birliyə səslənən Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərində ölkəsinin səf dəyişməyəcəyini bir daha bəyan etdi: "Biz bütün məsələlərdə Azərbaycanın yanındayıq. Buradan NATO-nun zirvə toplantısına gedəcəyik. Keçmişdən bu günə qədər bir çox toplantılarda Azərbaycana yönəlik verilən sözlər var. Necə ki, digər ölkələrə verilən sözlər yerinə yetirilir, ilgili ölkələrdən Azərbaycana verilən sözləri yerinə yetirmələrini istəyəcəyik. Bu, bir ianə, lütf deyil, bir haqdır. Bu sözləri yerinə yetirmək gərəkdir. Bu məsələdə qərarlılığımızı özəlliklə ifadə etmək istəyirəm".
Göründüyü kimi, R.T. Ərdoğan kodlarla, şifrələrlə danışıb. Lakin əsas mahiyyəti ifadə edib! Azərbaycana, Türkiyə dövlətinin də iştirakı ilə sözlər verilib! Heç şübhəsiz, bu sözlər Dağlıq Qarabağla bağlıdır və cənab Ərdoğan "başqa dövlətlərə verilən sözlər yerinə yetirilir" deyərkən də, Ermənistanı nəzərdə tutur.
Vaxtilə bu barədə daha çox "Yeni Müsavat" yazmışdı. 2009-cu ildə böyük skandala səbəb olan "Sürix sazişi" şərti adı ilə ortaya çıxan beynəlxalq bir təşəbbüs deşifrə olunmuşdu. Ermənistanı blokadadan çıxartmaq və Türkiyə ilə sərhədləri açmaq üçün Azərbaycanı təkləyən böyük dövlətlər yekunda istədiklərini edə bilməmişdilər. O zaman Türkiyə ictimaiyyəti və Azərbaycan iqtidarı prosesə ciddi müqavimət göstərdi. Yekunda AKP iqtidarı gizli oyundan çıxdı; sərhədlər açılmadı; üstəlik, ortada Azərbaycan olmadan, hər hansı anlaşmanın ola biləcəyinin mümkünsüzlüyü də bəlli oldu. Məhz həmin vaxtlarda Türkiyənin də birbaşa iştirakı ilə Azərbaycana sözlər verildi.
"Yeni Müsavat" o zamanlar yazırdı ki, Azərbaycana yarımişğal edilmiş iki rayonun - Füzuli və Ağdamın qaytarılacağı vədi verilib; qarşılığında ölkəmiz sərhədlərin açılması prosesinə müqavimət göstərməyəcəkdi. Lakin məlum olduğu və Ərdoğanın da etiraf etdiyi kimi, bu günə qədər də həmin sözlər icra olunmayıb. İndi Ərdoğan bu sözləri deməklə, həm də Azərbaycanın önəmini artırır: "Bakını qane etməyincə, Ankaradan ermənilərlə bağlı yumşalma gözləməyin", deməkdir bu. Yeri gəlmişkən, düşmən ermənilərin saytı olan "PanARMENIAN.Net"in xəbərində deyilir ki, Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Dağlıq Qarabağ məsələsi NATO-nun 4-5 sentyabrda keçirilən zirvə toplantısında müzakirə olunacaq məsələlər sırasına daxil edilməlidir. Yazıda iddia olunur ki, cənab Ərdoğan Türkiyənin məsələdə qərarlı olduğunu bir daha nümayiş etdirməyə hazır olduğunu da xüsusi bəyan edib.
Hörmətli Ərdoğanın Bakı səfərini və buradakı mesajlarını "Yeni Müsavat"a şərh edən "Atlas" Arşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyir ki, Türkiyə prezidentinin səfəri simvolik olsa belə, verdiyi mesajlar önəmli idi: "Ərdoğanın andiçmə mərasiminə Ermənistan prezidentini dəvət etməsi Azərbaycanın siyasi dairələrində və ictimaiyyətində yenə eyni sualı gündəmə gətirmişdi - prezident Ərdoğan Ermənistanla münasibətləri normallaşdırmaqmı istəyir? Bu, Azərbaycan üçün sanki əbədi suala çevrilib. 2008-ci ildə İsveçrədə Türkiyənin Ermənistanla imzalanan protokollarından sonra Ərdoğanın Bakıya gələrək Milli Məclisdəki çıxışı zamanı verdiyi vədin arxa plana keçəcəyini zənn etmirdim. Belə də oldu. Ərdoğan Bakıya son səfəri zamanı yenə eyni sözləri təkrarladı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ankara Ermənistanla münasibətləri normallaşdırmayacaq. Bu açıqlama həm Azərbaycan siyasi dairələrini və cəmiyyətini növbəti dəfə rahatladı, həm də Ermənistana bir mesaj oldu ki, Ankaradan geri addım gözləməsinlər".
Elxan Şahinoğlu düşünür ki, zaman-zaman Türkiyə iqtidarının sərhədlərin açılması üçün nəbz yoxlama cəhdləri yalnız Azərbaycanın xeyrinə nəticə verib: "Ərdoğanın İrəvanın və erməni lobbisinin istəyi ilə gələn ilin aprelində İrəvana gedib "soyqrımın" yüz illiyi mərasiminə qatılması da xülyadır. Ərdoğan bu ilin aprelində onsuz da güzəştə gedərək, Birinci Dünya müharibəsi zamanı Türkiyədə ermənilərin də öldüyünü dedi. Ərdoğan bundan artığına getməz. Azərbaycanda bəzən yanlış olaraq o fikir də dolaşır ki, guya Qərb Ərdoğana təzyiq edir ki, Ankara Ermənistanla sərhədi açsın. Qərb 10 il əvvəl Türkiyə zəif olanda Ankaraya təzyiq edə bilərdi. İndi isə həm Türkiyə güclüdür və kənar təzyiqlərə baş əymir, həm də Qərb Ermənistana görə Türkiyəyə təzyiq etmək hayında deyil; daha çox Ukraynada, Suriyada, İraqdakı savaşlar, İŞİD terroru düşündürür ABŞ-ı və Avropa Birliyini. Ərdoğanın Əliyevlə görüşdə dediyi "hazırda bölgədəki problemlər iki ölkənin müştərək çözəcəyi problemlərdir" ifadəsini isə belə oxumaq lazımdır: Türkiyənin maraqları nəzərə alınmadan Cənubi Qafqazdakı problemləri həll etmək çətindir. Burda hamıya, o cümlədən Ermənistana, Rusiyaya və Qərbə də mesaj var".
musavat.com