- Köhnə - Siyasət
- 8 Sentyabr 2014 10:10
- 2 659
Azərbaycan çox dinamik və fəal xarici siyasət yürüdür – Səfir
Azərbaycan Respublikasının Argentinadakı, eyni zamanda Çili, Uruqvay, Paraqvay və Boliviyadakı səfiri Məmməd Əhmədzadə "Siglo XXI", "Sur1810" və "Eurasia Hoy" ispandilli populyar analitik-xəbər portallarında müsahibəsi dərc olunub.
Müsahibədə Azərbaycan xalqının şanlı keçmişi, dövlət müstəqilliyinin bərpa edilməsi, ölkənin sosial-iqtisadi inkişafı və Azərbaycan ilə Argentina arasındakı ikitərəfli münasibətlərə toxunulub.
Səfir bildirib ki, Azərbaycan tarixi milli mədəniyyəti, elmi kəşfləri, uzun ədəbiyyat tarixi və əhəmiyyətli memarlıq əsərləri ilə zəngindir:
"Ölkəm tanınmış ziyalıların, filosofların, şairlərin, memarların, musiqi və incəsənət xadimlərinin beşiyidir. Azərbaycan zəngin musiqi irsinə malikdir. Azərbaycan klassik milli musiqisi olan muğam YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsi kimi tanınmışdır. Müsəlman şərqində ilk opera və teatrın əsası Azərbaycanda qoyulub və Azərbaycanın opera incəsənəti, opera-balet teatrı bütün dünyada tanınır. Qədim tarixə malik geniş və zəngin ədəbiyyatımız var. Xalçaçılıq da Azərbaycanın qədim ənənələrindən biri sayılır və Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Həmçinin, qədim memarlıq abidələrimiz və zəngin rəssamlıq incəsənətimiz mövcuddur. Beləliklə, Azərbaycan xalqının dünya bəşəriyyətinin xəzinəsinə olan töhfəsi çox böyükdür. Eyni zamanda ölkəmizin coğrafi mövqeyi müxtəlif çeşidli mədəni tərkibin formalaşmasına yol açılıb. Azərbaycan hər zaman müxtəlif dinlər, etnik qruplar və fəlsəfələrin birgə yaşadığı tolerantlıq məskəni olub. Azərbaycanın müsəlman və Avropa mədəniyyətlərinə sahib olması kimi unikallığı onun qeyri-tolerantlıq və məlumatsızlıqla mübarizədə əhəmiyyətli rol oynamasına fürsət yaradır. Ölkəm mədəniyyətlərarası dialoqun dəstəklənməsi üzrə çox fəal iş aparır".
M. Əhmədzadə qeyd edib ki, 1918-ci ilin 28 may tarixində Azərbaycan xalqı tarixə müsəlman şərqində ilk dünyəvi dövlətin, demokratik respublikanın əsasını qoymuş xalq kimi düşüb:
"Azərbaycan Demokratik Respublikası (ADR) adlanan bu dövlət önəmli fəaliyyət həyata keçirərək müsəlman şərqində ilk parlamentin yaradılması, xalqın demokratik azadlıqlarının təmin edilməsi və qadınlara seçki hüququnun verilməsi kimi bir sıra tarixi yenilikləri gerçəkləşdirib. Lakin təəssüf ki, ADR regiondakı mürəkkəb geosiyasi vəziyyət nəticəsində qurulduqdan 23 ay sonra süqut edib. Azərbaycan xalqının azadlıq mübarizəsi nəticəsində 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyi bərpa edilib. Lakin bu dəfə ölkəm suverenliyinə qarşı yönələn müxtəlif təhdidlər, daxili mübarizələr, iqtisadi çətinliklər və xüsusilə Ermənistan tərəfindən etnik təmizlənmə və hərbi təcavüz ilə üzləşib. Bunun nəticəsində, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla ölkəmin beynəlxalq tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmiş və bir milyon azərbaycanlı öz evlərini tərk etməyə məruz qalaraq qaçqın və məcburi köçkünə çevriliblər. İşğal olunan ərazilərdəki Azərbaycanın tarixi-mədəni irsi Ermənistan tərəfindən tamamilə dağıdılıb. Belə bir mürəkkəb vəziyyətdə 1993-cü ildə hakimiyyətə ümummilli lider Heydər Əliyev gəlib. Həmin andan etibarən onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müstəqillik və suverenliyini möhkəmləndirib".
Səfir əlavə edib ki, həmin strategiyanı davam etdirən prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan bu gün dünya səviyyəsində yüksək iqtisadi inkişaf tempinə malik ölkəyə və regional liderə çevrilib:
"Müstəqillik illərində Azərbaycan yüksək nailiyyətlər əldə edib. Bir tərəfdən dövlətçilik möhkəmləndirilib, digər tərəfdən isə iqtisadiyyatımız ölkəmizin gələcək çiçəklənməsi və sosial-iqtisadi rifahının artmasını təmin edəcək qədər inkişaf edib. Azərbaycan önəmli strateji əhəmiyyətə malik ərazidə yerləşməklə Avropa ilə Asiya arasında körpü rolunu oynayır, habelə zəngin karbohidrogen ehtiyatlarına sahibdir. Hər iki faktorun birləşməsi və səmərəli islahatların həyata keçirilməsi strategiyası iqtisadi və sosial inkişafa təkan verib ki, nəticədə ölkə regional lider səviyyəsinə yüksəlib. Avropaya neft və qaz ixracına yönələn əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın mühüm iştirakı və ölkənin Xəzər hövzəsində infrastuktur, turizm, maliyyə və iqtisadi mərkəzinə çevrilməsi faktoru Azərbaycanın liderliyini təcəssüm etdirir. Bu gün Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80%-nə malikdir və ölkənin maliyyə resursları onun ÜDM-un 70%-nədək yüksəlmişdir. Ölkəmiz tərəfindən həyata keçirilən enerji və nəqliyyat layihələri regionda inteqrasiya və rifahın əsasını təşkil etməklə yanaşı, qlobal enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir".
Səfirin müsahibəsində bildirib ki, Hazırda Azərbaycan müxtəlif siyasi, iqtisadi, mədəniyyət və idman sahələrində beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir: "Qarşıdakı illər ərzində Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları kimi dünya miqyaslı tədbirlərə də ev sahibliyi edəcəkdir. Bütün bunlar Azərbaycanda bütün sahələrdə inkişafa nail olunması ilə yanaşı, dünya ictiamiyyətinin ölkəmizə münasibətdə inamının yüksəlməsinin göstəricisidir".
M. Əhmədzadə bu gün Azərbaycanın müstəqil, güclü və müasir bir ölkə olduğunu vurğulayıb: "Hazırda uğurla həyata keçirilməkdə olan "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası növbəti illərdə bütün sahələrdə dayanıqlı inkişafın təmin edilməsi, Azərbaycanda həyat səviyyəsinin daha da yüksəlməsi və ölkənin beynəlxalq nüfuzunun daha da güclənməsinə yönəldilib".
Azərbaycanın xarici siyasəti və Latın Amerikasında diplomatik təmsilçiliyinə gəldikdə, Buenos-Ayresdəki nümayəndəliyin rəhbəri deyib ki, Azərbaycan çox dinamik və aktiv xarici siyasət yürüdür: "Şəffaflıq, müəyyənlik və praqmatizm ölkəmizin xarici siyasətinin başlıca təməllərini təşkil edir. Həm region daxilində, həm də xaricində ölkələr arasındakı ikitərəfli və çoxtərəfli dostluq münasibətlərinin inkişafı vasitəsilə Azərbaycan sülh içində birgə yaşayışın təmin edilməsində maraqlıdır. Azərbaycanın xarici siyasətinin başlıca məqsədi Ermənistanın hərbi təcavüzünə son qoymaq və öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olmaqdır. BMT Təhlükəsizlik Şurasının və Baş Asambleyasının çoxsaylı qətnamələri Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir, Dağlıq Qarabağı ölkəmin tərkib hissəsi kimi tanıyır və Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını tələb edirlər. Bu mövqe eyni zamanda, ATƏT, Avropa Şurası, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymur və münaqişənin mövcud vəziyyətinin saxlanılmasına cəhd göstərir. Ermənistanın ölkəmizə qarşı yönəlmiş işğalçı siyəsəti regionda sülh və təhlükəsizliyə başlıca təhlükə olmaqla yanaşı, eyni zamanda regionun inkişafı və inteqrasiyası üçün maneə yaradır. Buna baxmayaraq, bu cür işğalçı siyasəti Ermənistan üçün regional izolyasiya, iqtisadi geriləmə və depopulyasiyadan başqa heç bir nəticə veməmişdir. Zaman Ermənistanın lehinə işləmir, belə ki, bu ölkə getdikcə fürsətləri itirməkdə davam edir".
Onun sözlərinə görə, artıq 20 ildən artıq bir müddətdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün çalışır və bu da ölkəm üçün sülhün böyük əhəmiyyət kəsb etməsinin göstəricisidir: "Azərbaycan heç bir zaman ərazilərinin işğalı ilə barışmayacaq və öz ərazi bütövlüyü və suverenliyinin bərpası yolunda heç nəyi əsirgəməyəcəkdir. Son illər ərzində Azərbaycanın beynəlxal nüfuzu daha da yüksəlmişdir. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ilk dəfə məhz Azərbaycan 2012-2013-cü illər üçün BMT TŞ-nın qeyri-daimi üzvü seçilmişdir. Hazırda isə Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə rotasiya qaydasında sədrlik etməkdədir. Son illərdə ölkəmizin diplomatik təmsilçiliyi dünyanın müxtəlif qitələrinədək şaxələnmişdir. Həmçinin Latın Amerikasında, hal hazırda Argentina, Braziliya, Meksika, Kolumbiya, Uruqvay, Kubada diplomatik nümayəndəliklərimiz fəaliyyət göstərir və bu regionun digər ölkələrində yeni nümayəndəliklərimizin açılması da gözlənilir. Eyni zamanda, Azərbaycanda diplomatik nümayəndəliyə malik olan Latın Amerikası ölkələri sırasında Argentina, Braziliya, Kolumbiya və Kuba var. Bu region ölkələri ilə münasibətlərimiz böyük perspektivə malikdir və yeni latınamerikan tərəfdaşlarımız ilə siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində qarşılıqlı mübadilə ilbəil artmaqdadır".
Azərbaycan-Argentina arasındakı ikitərəfli münasibətlərə də toxunan səfir bildirib ki, qarşılıqlı şəkildə səfirliklərin açılması münasibətlərdə çox böyük nailiyyətdir və ümidverici yeni bir başlanğıcın təməli olaraq hər iki ölkə arasında qarşılıqlı anlaşma və yaxınlığı möhkəmləndirəcək bir amildir: "Beynəlxalq məsələlərə münasibətdə bizim maraqlarımız üst-üstə düşür. Azərbaycan və Argentina dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət, beynəlxalq hüququn aliliyi, beynəlxalq təşkilatların qərarlarının, xüsusən də, BMT tərəfindən qəbul olunmuş qərarlarının icrasının əhəmiyyətini təsdiq edirlər. BMT Təhlükəsizlik Şurasında hər iki ölkənin qeyri-daimi üzv olmasının 2013-cü ilə - ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümü ilə üst-üstə düşməsi tarixi əhəmiyyətə malik idi. Azərbaycan və Argentina prezidentlərinin müvafiq olaraq 2012 və 2013 illərdə Təhlükəsizlik Şurasına sədrlik etdikləri iclaslarda qarşılıqlı olaraq hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir. Çoxsaylı rəsmi səfərlərin həyata keçirilməsi hər iki xalqın yaxınlaşmasına və əlaqələrin inkişafına təkan vermiş və əməkdaşlığımızın genişlənməsinin bünövrəsini qoyub. Bu illər ərzində siyasi məsləhətləşmələr, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, vergi, kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi, elm və texnologiya, təhsil və sair sahələrdə çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Həm Argentina Konqresinin istər Senat, istərsə də Deputatlar Palatasında, həm də Azərbaycan Milli Məclisində yaradılmış dostluq qrupları parlamentlərarası əlaqələrin və hər iki ölkə ictimaiyyətləri arasında münasibətlərin inkişafına zəmin yaradıb".
İqtisadi əlaqələrdən də danışan səfirin sözlərinə görə, Azərbaycan və Argentina bir-birini tamamlayan iqtisadiyyata malikdirlər ki, bu da genişlənməkdə olan əməkdaşlığa yeni bir təkan verir: "2012-ci il ərzində hər iki ölkə paytaxtında Azərbaycan-Argentina iqtisadi forumları keçirilib. Yaxın zamanlarda Azərbaycan və Argentina ticarət və iqtisadi əməkdaşlığı üzrə hökümətlərarası Birgə İşçi Qrupun ilk iclasının keçirilməsi gözlənilir ki, bu da öz növbəsində müxtəlif iqtisadi platformalarda tərəfdaşlığın təşəbbüsü üçün mühüm bir mexanizmdir. Azərbaycanda həyata keçirilməkdə olan sənayeləşmə və texnoloji inkişaf İKT, infrastruktur, yüksək texnologiyalar, aerokosmik, enerji və kənd təsərrüfatı sahələri üzrə fəaliyyət göstərən argentinalı şirkətlər üçün ölkəmizdə geniş fürsətlər yaratmaqdadır. Habelə, Azərbaycan öz coğrafi mövqeyi və çox əhəmiyyətli infrastrukturu baxımından Argentina üçün Mərkəzi Asiya ölkələrinə giriş qapısıdır, qarşılıqlı olaraq Argentina da Azərbaycan üçün Cənub Konusu bazarına giriş rolunu oynayır.
Təhsil sahəsində əməkdaşlıq üzrə də yüksək nəticələr əldə olunmuşdur. ADA Universiteti ilə Milli Diplomatik Xidmət İnstitutu (İSEN) arasında möhkəm əlaqələr qurulmuşdur. Dövlət və özəl universitetlər arasında da təmaslar yaranmışdır. La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutu tərkibində, İberoamerikada Azərbaycan üzrə ilk elmi mərkəz sayılan Azərbaycanşünaslıq Kafedrasının yaradılması və Azərbaycan Dilllər Universiteti tərkibində bizim ölkəmizdə də ilk latınamerikan ölkəsi üzrə elmi mərkəz olan Argentinaşünaslıq Kafedrasının yaradılması xalqlarımız arasında elmi və mədəni əlaqələrin inkişafına böyük bir töhfədir".
AzNews.az