XİN-dən sərt- Açıqlama

Ermənistan tərəfi dərk etməlidir ki, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fiziki mövcudluğu münaqişənin həlli prosesinə və regional sülh və sabitliyə ən başlıca təhdiddir.

AzNews.az-a daxil olan məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan xarici işlər naziri Eduard Nalbandyanın Avstriya xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

E.Abdullayev bildirib ki, NATO-nun 4-5 sentyabr tarixində Uelsdə keçirilmiş sammitində NATO üzv dövlətlərinin dövlət və hökumət başçıları qəbul etdikləri yekun bəyanatda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstəyini ifadə edərək, Cənubi Qafqazda həlli uzadılmış münaqişələrin məhz bu prinsiplər əsasında həllinə çağırıblar: "Bu bir daha onu göstərir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı beynəlxalq birlik tərəfindən qəti şəkildə dəstəklənir. Ermənistan xarici işlər naziri tərəfindən Uelsdə NATO üzv dövlətləri tərəfindən qəbul edilmiş qərara qarşı ifadə edilmiş mövqe Ermənistanın çarəsiz durumunun təzahürüdür".

XİN sözçüsünün fikrincə, NATO üzv dövlətlərinin qərarını şübhə altına almağa cəhd göstərən Ermənistan xarici işlər naziri bir daha ölkəsinin beynəlxalq hüququn prinsiplərinə hörmətsizliyini açıq şəkildə nümayiş etdirir: "Tamamilə ziddiyyətli və başını itirmiş Ermənistan rəhbərliyinə xas olan bir tərzdə Ermənistanın xarici işlər naziri beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn norma və prinsiplərini pozmağa çağırır.

Öz ənənələrinə sadiq qalaraq, Ermənistanın xarici işlər naziri ölkəsinin rüsvayçı işğalçılıq siyasətini etiraf etmək və buna son qoymaq əvəzinə, beynəlxalq ictimaiyyəti, ilk növbədə, Ermənistan cəmiyyətini çaşdırmaq və Ermənistanın diplomatik məğlubiyyətinə uğursuz şəkildə bəraət qazandırmaq məqsədi güdür".

AzNews.az