- Köhnə - Siyasət
- 10 Sentyabr 2014 12:47
- 2 285
Bakıda Azərbaycan və Serbiya xarici işlər nazirlərinin görüşü keçirilib
“Azərbaycan və Serbiya arasında geniş və dərin əməkdaşlıq mövcuddur. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr aparılır.
Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik". APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan serbiyalı həmkarı İvitsa Daçiç ilə keçirdiyi görüşdən sonra deyib.
Birgə mətbuat konfransında çıxış edən nazir bildirib ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir: "Gələn il Serbiya ATƏT-ə sədrlik edəcək. Biz bu məsələni də müzakirə etdik. Serbiyaya sərmayə yatırırıq. Serbiya Azərbaycan qazının Balkanlara nəqlində maraqlıdır. Yaxın gələcəkdə iki ölkə arasında biznes-forum və müştərək komissiyanın iclasının keçirilməsi nəzərdə tutulub".
İ. Daçiç isə Azərbaycana ilk dəfə səfər etdiyini söyləyib: "Azərbaycan və Serbiya arasında dostluq münasibətləri var. İki ölkə arasında strateji əməkdaşlıq çərçivəsində münasibətlər inkişaf edəcək. Siyasi iradə mövcuddur, amma iqtisadi əməkdaşlığımız o qədər də inkişaf etməyib və biz bu inkişafa nail olmaq üçün əlimizdən gələni etməliyik. Bizi yeni layihələri müzakirə etməliyik, bu xüsusda Azərbaycan və Serbiya arasında biznes-forumun təşkil olunması zəruridir".
AzNews.az