- Köhnə - Siyasət
- 12 Sentyabr 2014 15:24
- 2 803
Hesablama Palatası yoxlamalara başladı
Hesablama Palatası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, “Bakıelektrikşəbəkə” ASC-də yoxlamalar aparacaq.
Hesablama Palatasından AzNews.az-a verilən məlumata görə, Hesablama Palatasının 2014-cü il sentyabr ayının 11-də keçirilən Kollegiya iclasında "Aztelekom" İstehsalat Birliyi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair həyata keçirilmiş audit tədbirinin nəticələri barədə Hesabat və Rəy geniş müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiyada, eyni zamanda, dövlət büdcəsinin yerli xərclərindən Zaqatala Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və onun tabeliyində olan struktur vahidlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə və dövlət əsaslı vəsait qoyuluşundan "Bakıelektrikşəbəkə" ASC-yə ayrılan vəsaitlərdən istifadəyə dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.
AzNews.az