ABŞ ermənilərindən Konqresə anti-Azərbaycan çağırışı: “Fürsətdən istifadə edin...”

Bu həftə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycan və Ermənistanla münasibətləri gündəmə gətirəcək. Buna səbəb Birləşmiş Ştatların Azərbaycandakı və Ermənistandakı yeni səfirləri postuna namizədlərə görə komitədə dinləmələrin keçirilməsidir.

Virtualaz.org saytı xəbər verir ki, Birləşmiş Ştatlardakı erməni lobbisi ABŞ-ın Azərbaycandakı yeni səfirinin Senatda təsdiqlənməsi prosesindən həmişə olduğu kimi bu dəfə də anti-Azərbaycan fəaliyyəti üçün istifadə etməyə hazırlaşır.

Amerika Erməni Milli Komitəsi (ANCA) Senatdakı dinləmələr ərəfəsində bəyanatla çıxış edib.

Bəyanatda deyilir: "Senatda ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədi Robert Cekutanın məsələsinə baxılması Konqres üçün ABŞ-ın durmadan müharibəyə can atan və başqa cür düşünənlərə qarşı təqibləri artıran Azərbaycan hökuməti ilə münasibətlərinə nəzərə salmaq üçün olduqca zəruri imkan açır".

Komitənin rəhbəri Aram Ambryan bildirir ki, erməni təşkilatı Azərbaycandakı səfir postuna namizədin təsdiqlənməsini "diqqətlə izləyəcək" və Ermənistandakı səfir postuna namizəd Riçard Millzin "soyqırımın" 100 illiyi ilə bağlı öz planlarını açıqlamaq imkanlarını alqışlayır.

Senatda Robert Cekutanın namizədliyinə dair dinləmələr sentyabrın 17-də keçiriləcək. Belə görünür ki, ABŞ-dakı erməni lobbisi həmişə olduğu kimi bu dəfə də yeni səfirin namizədliyinin müzakirəyə çıxarılmasından Azərbaycana qarşı ittihamlar yağdırılması üçün istifadə etməyə çalışır.

Senatın Xarici Əlaqələr Komitəsində yer alan ermənipərəst senatorlar, o cümlədən bu sahədə "əvəzolunmaz" Riçard Menendez və digərləri erməni diasporundan alqıqları sifariş əsasında Azərbaycan hakimiyyətini "Qarabağda müharibəyə can atmaqda" və "müxalifəti təqib etməkdə" günahlandırmağa çalışacaq.

Eyni zamanda erməni lobbisi ABŞ-ın Ermənistandakı səfiri postuna namizəd R.Millzə "soyqırımı" ifadəsini işlətməsi üçün təzyiq edəcək.

AzNews.az