- Köhnə - Siyasət
- 17 Sentyabr 2014 21:21
- 2 193
ABŞ-Azərbaycan münasibətləri 3 təməl üzərində qurulacaq
“ABŞ Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirir”.
APA-nın Vaşinqtondakı xüsusi müxbiri xəbər verir ki, bunu Amerika Senatının Xarici Əlaqələr Komitəsində keçən dinləmələrdə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Robert Çekuta deyib.
Səfirliyə namizəd xatırladıb ki, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın o vaxtki prezidenti Heydər Əliyev terrorla mübarizədə ABŞ-a öz yardımını təklif edən ilk dünya liderlərindən olub. Əməkdaşlığın bu gün də davam etdiyini deyən diplomat Azərbaycan sülhməramlılarının Kosovo və İraqdan sonra Əfqanıstanda amerikalı hərbçilərlə çiyin-çiyinə xidmət etdiyini vurğulayıb.
R. Çekuta ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin bundan sonra da 3 əsas təməl üzərində– təhlükəsizlik, enerji və demokratiya üzərində qurulacağını deyib. O, sabit və çiçəklənən Azərbaycanla əməkdaşlığın təkcə ABŞ və onun müttəfiqləri üçün deyil, bütün bölgə üçün də əhəmiyyətli olduğunu vurğulayıb.
ABŞ diplomatının sözlərinə görə, Azərbaycanın enerji layihələrində marşrut çeşidliliyinə verilən dəstək ölkəmizin müstəqil xarici siyasət yürütməsi baxımından da əhəmiyyətlidir.
Dinləmələrdə həmçinin ABŞ-ın Ermənistanda səfiri vəzifəsinə namizəd Riçard Millsin də çıxış edib. Bir saat davam edən dinləmələrdə ABŞ-ın bölgə ilə bağlı əməkdaşlığının müxtəlif aspektləri müzakirə olunub.
AzNews.az