“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir” “Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”

Polad Bülbüloğlu: “Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir“

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”



"Azərbaycan suveren ölkədir. Əlbəttə ki, bir sıra ölkələr müxtəlif yollarla Azərbaycana təsir göstərmək istəyirlər. Lakin dəqiq deyə bilərəm ki, bütün bunlar Azərbaycanın xarici siyasətinə heç bir təsir göstərmir. Ölkə başçımız İlham Əliyevin başçılığı ilə həyata keçirilən xarici və daxili siyasət nəticəsində Azərbaycan qonşuları ilə yüksək səviyyəli münasibətləri inkişaf etdirir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İTAR TASS informasiya agentliyində keçirilən ABŞ və Avropa ölkələrinin iqtisadi sanksiyaları ilə əlaqədar Azərbaycan-Rusiya ticarət münasibətlərinin inkişaf perspektivlərinə dair mətbuat konfransında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

Səfir qeyd edib ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlardır: "Rusiya Azərbaycanın şimal qonşusudur. İki ölkə arasında münasibətlərin tarixi qədimdir. Bizi bir-birimizə sıx tellər bağlayır. İndi də Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir. Tez-tez iki ölkənin hökumət rəsmilərinin qarşılıqlı səfərləri olur. İki ölkə arasında humanitar, iqtisadi və mədəniyyət sahəsində əlaqələr günü gündən inkişaf etməkdədir. Azərbaycanla Rusiya arasında hər həftə 140 aviareys həyata keçirilir. Təkcə, gündə Bakı ilə Moskva arasında yay aylarında 9 aviareys, qış aylarında isə 7 aviareys həyata keçirilir. Bu faktın özü iki ölkə arasında əlaqələrin hansı səviyyədə olduğunu göstərir".

Səfir jurnalistlərin sualına cavab olaraq Ukraynada baş verənlərə də münasibət bildirib: "Ukraynada baş verənlər sovet dövründə doğulan insanlar üçün kədərli bir tarixdir. Ukraynada vətəndaş müharibəsi gedir. Əlbəttə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz II Dünya müharibəsindən sonra yaradılan nizamın dağılmasını istəmirik. Təəssüflər olsun ki, son 20 ildə bu nizam dağıldı. İlk olaraq Kosovo, daha sonra digərləri...Azərbaycan Ukraynadakı problemin siyasi yolla həllinin tərəfdarıdır. Bildiyiniz kimi, Azərbaycan artıq 20 ildən çoxdur ki, Dağlıq Qarabağ problemini yaşayır. Bu gün Azərbaycan hərbi cəhətdən çox güclü ölkəyə çevrilib. Lakin buna baxmayaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Ona görə də, istərdik ki, Ukraynadakı problem də siyasi danışıqlar yolu ilə həll olunsun".

Səfir deyib ki, Azərbaycan 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair danışıqlar aparır: "ATƏT-in Minsk qrupu ilə birgə çalışırıq ki, müharibə olmasın, qan tökülməsin, bu münaqişəyə digər dövlətlər, o cümlədən qonşu dövlətlər cəlb olunmasın. Çünki bunun nəticələri bütün tərəflər üçün çox acınacaqlı ola bilər".

AzNews.az