- Köhnə - Siyasət
- 19 Sentyabr 2014 11:44
- 2 276
Səməd Seyidovdan Avropa Parlamentinin bəyanatına - Cavab
"Bəlkə suverenlik, qanunun aliliyi termini Avropa Parlamentindən götürülüb, bizim xəbərimiz yoxdur?”
"Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə əslində daha çox Azərbaycanla deyil, Avropa Parlamentinin özü ilə bağlıdır. Təəssüflər olsun ki, son zamanlar biz Avropa Parlamentində gedən prosesləri müşahidə edərkən Avropa dəyərlərinin, ümumbəşəri prinsiplərin, məhz Avropanın ən vacib olan strukturunda - Avropa Parlamentində pozulub tapdandığını görürük".Bunu APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə cavab olaraq bildirib.
S.Seyidov qeyd edib ki, əgər belə olmasaydı, AP-nin qəbul etdiyi qətnamələr, sülhə, barışığa və Avropanın inkişafına gətirib çıxarardı: "Amma qəbul etdikləri qətnamələrin əksəriyyəti nəticəsində bu gün Ukrayna alovun içərisindədir, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü pozulub, Azərbaycanın Dağlıq Qarabağ problemi faktiki olaraq dondurulmuş şəkildə qalıb. Əslində regionda çox ciddi və təhlükəli proseslər gedir, Moldovanın problemləri günü-gündən gərginləşir, daha çox kəskin mövqedə dayanan insanların sayı artır, Avropanın içərisində ekstremist qüvvələr çoxalır. Avropa Parlamentinin əsas prinsipi sülh, inkişaf, demokratiya, insan haqları, qanunun aliliyi və sair istiqamətdə iş aparmaqdır. Bəs belə olan halda bunların gördüyü iş nəticəsində hər şey tamamilə əks istiqamətdə cərəyan edirsə, niyə Azərbaycanla bağlı qəbul olunmuş qərar barədə düşünülməlidir ki, bu bizə xeyir gətirib və Azərbaycanı insan haqları və qanunun aliliyinə xidmət edən addımları atmağa vadar edəcək?"
S.Seyidov deyib ki, əslində qəbul olunmuş qərar qanunun aliliyinə zərər vurma fəlsəfəsini daşıyan qətnamədir: "Çünki qanunun aliliyi o deməkdir ki, dövlət tərəfindən qəbul olunmuş, onun parlamenti tərəfindən qəbul olunmuş qərarlara heç kim müdaxilə edə bilməz. Həqiqət naminə deməliyəm ki, orada qətnamə qəbul olunarkən müzakirələr zamanı Çexiyadan olan nümayəndə Azərbaycanın müstəqil və suveren dövlət olduğunu, Avropa Parlamentinin ona konsepsiyasını qəbul etdirmək haqqı olmadığını, Azərbaycanın daxili işinə hörmətlə yanaşmalı olduqlarını dedi. Amma görün qətnamədə nə əksini tapdı: "qanunları dəyişdirin, istintaqı gedən şəxslər üzərindən, - halbuki hələ heç bir nəticəsi yoxdur və istintaq bitməyib, - bütün ittihamlar götürülməli və dərhal azadlığa buraxılmalıdırlar. Hansısa bir iş törədən başqa insanlar isə dərhal tutulmalıdır". Bu, hansı dildə danışmaqdır? Necə yəni göstəriş verilir ki, kimsə azadlığa buraxılsın, kimsə tutulsun? Bəlkə artıq suverenlik, qanunun aliliyi terminləri Avropa Parlamentindən götürülüb, bizim xəbərimiz yoxdur?"
S.Seyidov onu da deyib ki, bu qətnamə AP tərəfindən qəbul olunsa da, oranın çox cüzi bir tərkibi tərəfindən təklif olunmuş sənəddir: "Ən maraqlı məqam odur ki, o qətnamənin qəbulunda iştirak edən müxtəlif partiyaların təmsilçilərinin heç biri Azərbaycanda heç bir dəfə də olmayıb. Burada gedən proseslərdən, ümumiyyətlə, xəbərləri yoxdur".
Azərbaycan nümayəndə heyətinin rəhbəri onu da deyib ki, AP-də qəbul olunan sənədi təklif edənlər birbaşa erməni lobbisinin çox ciddi təsiri altındadırlar: "Azərbaycana edilən bu təzyiqlərin ən əsas səbəbi də odur ki, Azərbaycan nə Qərbin, nə Şərqin, ümumiyyətlə, heç kimin diqtəsi altında yox, millətin maraqlarına uyğun addımlar atır, öz yolu ilə inkişafı edir".
Belə bir qətnamənin Azərbaycanda "Əsrin müqaviləsi"nin 20 illiyi ərəfəsində qəbul olunmasını təsadüfi saymayan S.Seyidov deyib ki, burada böyük geostrateji oyun var: "Bu təzyiqin arxasında erməni lobbisinin Azərbaycan haqqında təqdim etdiyi tamamilə düzgün olmayan məlumatlar və erməni lobbisinin təsiri altında düşmüş parlamentarlar var".
AŞPA sədrinin Azərbaycana səfəri ərəfəsində belə bir qətnamənin qəbul edilməsinin düzgün hal olmadığını şərh edən S.Seyidov onu da deyib ki, Azərbaycana qarşı təzyiqlərdən ibarət olan qətnamələr heç vaxt işləməyib, işləmir və bundan sonra da işləməyəcək.
Qeyd edək ki, AP-də Azərbaycanla bağlı qətnamə qəbul olunub. Qətnamədə Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində ciddi islahatlar aparmağa, vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət partiyalarına, müstəqil jurnalistlərə hücumları dayandırmağa, sərbəst toplaşma azadlığı ilə bağlı qadağanı aradan qaldırmağa çağırılıb. Həmçinin bir qrup hüquq müdafiəçisinin həbsdən "dərhal və qeyd-şərtsiz azad olunması" tələb olunub, Azərbaycanla əməkdaşlıq üçün "insan hüquq və azadlıqlarının qorunmasını bu münasibətlər üçün şərt hesab edildiyi" vurğulanıb.