- Köhnə - Siyasət
- 22 Sentyabr 2014 13:27
- 3 328
Ermənilər Sınıq Körpüyə çıxışı bağlamaq istəyir
QAT-dan rəsmi Bakıya və rəsmi Tiflisə çağırış
Qarabağ Azadlıq Təşkilatı (QAT) Gürcüstanda ermənilər tərəfindən Azərbaycana qarşı hazırlanan təxribatla bağlı ciddi narahatçılığını bildirir. Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, burada proseslərə Ermənistan vətəndaşı, "Qafqaz Sülh Təşəbbüsləri" deyilən qeyri-hökumət təşkilatının rəhbəri Georgi Vanyan rəhbərlik edir: "O, xeyli vaxtdır ki, "Təkəli prosesi" deyilən plan əsasında Ermənistan xüsusi xidmət orqanlarının məkrli niyyətlərini həyata keçirməyə başlayıb. O, bu məqsədlə Gürcüstanın Marneuli rayonu ərazisində, Təkəli kəndi ilə "Sınıq körpü" ("Qırmızı körpü") keçid məntəqəsi arasında torpaq sahəsi alıb, həmin ərazidə "Dostluq bazarı" yaradacağını elan edib. O, ilkin olaraq 4 ha torpaq sahəsini ələ keçirmişdi, indi həmin ərazini 100 hektara çatdırmağa çalışır, bizdə olan məlumatlara görə, artıq məsələni həll edib". QAT bəyan edir ki, bu ərazi Təkəli kəndi ilə "Sınıq körpü" sərhəd-keçid məntəqəsinin arasında yerləşir, digər tərəfdən isə Ermənistana birləşir: "Artıq bu əraziyə Ermənistandan avtomobil yolunun çəkilişinə başlanılıb. Hər kəs üçün aydın olmalıdır ki, ermənilər burada "dostluq bazarı" deyil, bazar adı altında Azərbaycana qarşı təxribat və təhlükə bazası yaratmaq istəyirlər. Ermənilər istənilən vaxt burada təxribat törədə və Gürcüstanda yaşayan azərbaycanlıların "Sınıq körpü"yə çıxışını bağlaya bilərlər. Digər tərəfdən, ermənilər buradan keçəcək "İpək yolu"na da istənilən vaxt təhlükə yarada biləcəklər".
Təşkilat təəssüflə bəyan edir ki, ermənilər bu məkrli planlarını həyat keçirmək üçün bəzi azərbaycanlılardan da istifadə edirlər: "Vanyan və onun dəstəsi azərbaycanlıların yaşadıqları Təkəli kəndini özlərinə yuva seçiblər, toplantılarını orada keçirirlər. Onlar Ermənistan rəhbərliyinin və bəzi ermənipərəst beynəlxalq mərkəzlərin maliyyəsi ilə vaxtaşırı burada toplantılar keçirir, adamları pulla şirnikləndirərək bu prosesə cəlb edirlər. Bu toplantılarda Azərbaycandan da Zərdüşt Əlizadə, Seymur Baycan, Xamis Məsimov kimi "xadimlər" iştirak edir, bilərəkdən və ya bilməyərəkdən düşmənin niyyətlərinə, Azərbaycan üçün təhlükə mənbələrinin yaradılmasına yardımçı olurlar".
Biz bütün bunları nəzərə alaraq QAT hesab edir ki, Azərbaycan hüquq-mühafizə orqanları bu faktlarla bağlı dərhal və ciddi araşdırmalar aparmalı, Azərbaycana qarşı yönəlmiş təxribatları zərərsizləşdirmək üçün təsirli tədbirlər görməlidir. Azərbaycan tərəfi Gürcüstan xüsusi xidmət orqanlarının diqqətinin bu məsləyə cəlb olunması üçün addımlar atmalıdır. Təkəlidə gedən proseslərin qarşısı alınmalı, ermənilərin məkrli niyyətlərinin həyata keçməsinə imkan verilməməlidir. Azərbaycandan gedib Təkəli tədbirlərində iştirak edənlərlə bağlı ölçü götürülməlidir. Təkəli kəndinin əhalisi adlarının ləkələnməsinə imkan verməməli, ermənilərin orada qurduqları oyunbazlıqlara son qoymalıdır. QAT hesab edir ki, Azərbaycan və Gürcüstan dövlət, həmçinin cəmiyyət səviyyəsində birgə hərəkət etməli, erməni fitnəkarlıqlarının qarşısını vaxtında almalıdırlar.