- Köhnə - Siyasət
- 23 Sentyabr 2014 11:12
- 3 739
Namizədlərdən hansı geri çəkiləcək? – Açıqlamalar
Müsavat partiyasının qurultayına, yeni başqan seçiminə az qalıb. Adətən seçki günü yaxınlaşdıqca namizədlər arasında biri digərinin xeyrinə geri çəkilmək haqqında razılıq anlaşması “imzalanır”.
Bəs görəsən, Müsavat partiyası başqanlığına iddiali olan namizədlərdən hansısa geri çəkiləcəkmi?
Qubad İbadoğlu özünü Müsavat başqanlığına ən şanslı namizəd hesab edir: "Məni ən şanslı namizəd adlandırırlar. Qurultay yaxınlaşdıqca hər gün mənim dəstəyim artır. Əgər kimisə özümdən güclü hesab etsəydim, heç namizədliyimi verməzdim. Mən qələbə əzmində və qalib olaraq, Müsavat Partiyasını idarə etmək iradəsindəyəm".
Səxavət Əlisoy isə fərqli düşünür. Onun sözlərinə görə, kiminsə xeyrinə geri çəkilməyi məsələsi bu həftənin 5-6-cı günü tərəfdaşları arasında müzakirə olunacaq: "Tərəfdaşlarımla məsləhətləşmələr aparacağıq. Konkret olaraq, mənim səsimin nə qədər olduğunu müəyyən edəcəyik. Ondan sonra buna uyğun addım atacağıq. Hər şey mümkündür. Ehtimal var ki, ikinci tur ola. Bir də variant var ki, elə birinci turdan dəstək vermək söhbəti olsun. Onu qeyd edim ki, hazırda geri çəkilmək barədə düşünmürəm. Sadəcə, deyirəm ki, bu məsələ müzakirə olunacaq. Mən tamam fərqli bir kampaniya aparmışam. Mən tərəfdaşlarıma yasaq qoydum ki, məni dəstəklədiklərini mətbuata açıqlamasınlar. Səsləri hesablayandan sonra qərar verəcəyəm. Namizədliyimi götürəcəyim təqdirdə bunu kimin xeyrinə edəcəyim barədə hələ düşünmürəm".
Tural Abbaslı isə bu seçkidə heç bir namizədin xeyrinə geri çəkilməyəcəyini deyir: "Mən qərar verəndə ilk öncə onu analiz edirəm. Düşünürəm ki, məni dəstəkləyən gənclər ətrafındayam. Bu qərarı verəndə hər tərəfini götür-qoy edib addım atdım. Geri götürməkdən, namizədlikdən geri çəkilməkdən söhbət belə gedə bilməz. Mən dedim ki, bu seçkidə sona kimi gedəcəm. Bu Müsavat partiyasında bir nümunə olacaq".
Müsavat partiyası başqanlığına ən iddialı namizəd Arif Hacılı ilə əlaqə yarada bilmədiyimizdən onun rəyini öyrənə bilmədik.
Bahar RÜSTƏMLİ
AzNews.az