- Köhnə - Siyasət
- 25 Sentyabr 2014 10:55
- 3 104
Ərdoğan BMT-də Qarabağdan danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 69-cu sessiyasında çıxışı zamanı dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsinə çəkib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, R.Ərdoğan çıxışında qeyd edib ki, Türkiyə hər zaman Azərbaycan torpaqlarını azad olunmasını dəstəkləyib.
Prezidentin sözlərinə görə, Türkiyə Azərbaycan olmaqla, Ukrayna və bölgənin digər dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyir
Türkiyə Prezidenti, həmçinin deyib ki, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ədalətinə ümidini itirmiş insanlar onu terrorçuların sıralarında axtarırlar.
Onun sözlərinə görə, hazırda İraqda, Suriyada, Fələstində, Liviyada, Əfqanıstanda və Ukraynada ciddi siyasi böhran müşahidə olunur.
Ərdoğan deyib ki, Türkiyə terrorizmlə daha effektiv mübarizə aparan ölkələrdən biridir.
Suriyada "İslam Dövləti" yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlara toxunan Türkiyənin dövlət başçısı bildirib ki, İD qanlı terror təşkilatıdır: "İraqda terrorçuların fəallaşmasına səbəb ölkədə əvvəllər yürüdülən və bütün dini konfessiyaların birləşdirilməsinə yönəlməyən siyasətin nəticəsidir".
"İslam Dövləti " (əvvəllər "İraq və Şam İslam Dövləti") 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə "Əl-Qaidə" terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islam qruplaşması daxildir.
Suriyada silahlı müxalifətlə hökumət qoşunları arasında hərbi toqquşmalar başladıqdan sonra terror təşkilatı 2013-cü ildə Suriyaya soxulub. Bundan sonra "İslam Dövləti" təşkilatı "Əl-Qaidə"nin andını qəbul etməkdən imtina etdiyini və bütün qruplaşmalara, eləcə də hökumət qoşunlarına "cihad" elan etdiyini bəyan edib.
"İslam Dövləti"nin Suriyada mövqelərinin möhkəmlənməsi onun İraqa qayıda bilməsinə gətirib çıxarıb.
İyunun 10-da "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə İŞİD yaraqlıları İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.
Bu il iyunun 25-də İraqdakı sünni qruplaşmaların "İraq və Şam İslam Dövləti" terror təşkilatının yaraqlılarına qarşı birləşdikləri barədə məlumat verilir. Həmçinin yaraqlılara qarşı 2007-ci ildə İraqda "Əl-Qaidə"yə qarşı fəal mübarizə aparan "1920-ci il İnqilabçıları briqadası" da silahlanıb. Həmçinin İraq İslam Milli Müqavimətinin, İraq İslam Ordusu, Mücahidlərin Sünni Ordusunun fəalları da silahlanmağa başlayıb.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "islam xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.