“Kriminal qiraət” - italyan mənşəli amerikalı rejissor Kventin Tarantinonun kultfilmi belə adlanırdı. “Kriminal qiraət” - italyan mənşəli amerikalı rejissor Kventin Tarantinonun kultfilmi belə adlanırdı.

“Cənub qaz dəhlizi”nə qarşı “Qrillo-Qəmbər alyansı” - Analiz

“Kriminal qiraət” - italyan mənşəli amerikalı rejissor Kventin Tarantinonun kultfilmi belə adlanırdı.

Filmin olmasa da, bu familiyanın Azərbaycanın və onun tərəfdaşlarının reallaşdırdıqları mühüm geoiqtisadi layihəyə - "Cənub qaz dəhlizi"nə birbaşa dəxili var. Axı, "Cənub qaz dəhlizi"nin mühüm hissəsi olan Trans-Adriatik kəməri (TAP) İtaliyanın Apuliya bölgəsindən keçməlidir. Həmin bölgənin sakinləri isə ucdantutma hamısı "Kriminal qiraət"in müəllifinin familiyasına iddialıdır - burda yaşayan romandilli xalq tarantinolar adlanır. Paytaxtdan narazılıq, mərkəzdən qaçma meylləri İtaliyanın digər tarixi-etnoqrafik bölgələri kimi, Apuliyaya da xasdır.



Tarantinoların Romadan yeri gəldi-gəlmədi narazılıq etmək stixiyasından da bu dəfə Azərbaycana qarşı istifadə olunur.

Bakıda "Cənub qaz dəhlizi" layihəsinin təntənəli təməlqoyma mərasimin keçirildiyi vaxt İtaliya parlamentində təmsil olunan müxalif "5-ulduzlu hərəkat"ın lideri, keçmiş komediya aktyoru Beppe Qrillo bəyan edib ki, TAP kəmərinin ölkə ərazisindən çəkilməsi üçün referendum keçirilməlidir. O, TAP-ın əhəmiyyətini aşağılamağa çalışıb və Apuliya bölgəsinin sakinlərini kəmərin tikintisinə imkan verməməyə çağırıb. Qrillonun gətirdiyi arqumentlər isə həqiqətən də onun peşəsinə tam uyğun gəlir: YUNESKO-nun siyahısında olan iki abidəyə guya, təhlükə yaranır, yerli içməli su kəmərləri problemlə üzləşir, hətta Aralıq dənizinin nadir heyvanları olan ağqarın suitilərin cütləşməsinə də təhlükə yaranacqmış. TAP isə bəyan edir ki, yerli əhalinin narazılığı şişirdilir, qaz kəməri yerli mənzərəyə qətiyyən xələl gətirməyəcək, əksinə, qazın qiyməti bütün İtaliyada ucuzlaşacaq.



Bütün bunlar İtaliyanın daxilində müzakirə olunan məsələlərdir və təbii ki, Qrillonun iddiaları İtaliyanın özü üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin qarşısını almaqda acizdir. Amma məsələ tək Qrilloda deyil.

İtalyan mediasını yazdığına görə, Bakıda məlum təməlqoyma mərasimi təşkil olunan zaman Müsavat sədri İsa Qəmbərin oğlu Turqut Qəmbər də İtaliyada "Qrillo-Qəmbər alyansının"nın təməlqoyma mərasimində iştirak edirmiş. Deyilənə görə, həmin vaxt İtaliyada siyasi məhbus və insan haqları ilə bağlı tədbir keçirilib. "TAP-a yox, Azərbaycan qazı Salento üçün tələdir" devizi ilə təşkil olunan tədbirdə Turqut Qəmbər Qərbi enerji layihələrinə görə Azərbaycanda "insan hüquqlarnın pozulmasına" göz yummaqda ittiham edirmiş.

Beləliklə, italyan komediyaçısının ifadəsi ilə desək, "Cənub dəhlizi"nə qarşı olan "böyük bir ordu" əcnəbi siyasətçi-kloun və bizim milli "demokratiya carçılarından" ibarətmiş. Məsələnin maraqlı tərəfi isə TAP-a qarşı kampaniyanın arxasında duran qüvvələrdir. "Cənub dəhlizi" kimi rahatsız edir?

Xatırladaq ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən bu layihəyə müəyyən xarici dairələrin yuxusunu ərşə çəkmişdi. Arada Gürcüstandakı ictimai fəallar da BTC əleyhinə səfərbər edildi. Əvvəl Gürcüstanın erməni etnik icmasının etirazları eşidildi, sonradan hətta meqrel icmasının belə BTC əleyhinə qaldırılmasına cəhdlər edildi. BTC marşrutunun guya hansısa tarixi abidələri korlayacağı, Borjom dərəsinin ekologiyasına ziyan vuracağı, marşrut boyu yerləşən ərazilərdə kənd təsərrüfatına yararlı torpaqların azalmasına səbəb olacağı haqda iddialar səngimək bilmirdi. Hətta Londonda belə etiraz aksiyaları təşkil edilir, rusiyalı politoloqlar, ekspertlər isə ciddi cəhdlə bu kəmərin "əhəmiyyətsizliyini" əsaslandırmağa çalışırdılar. Amma torpaq üçün sakinlərə və bələdiyyələrə verilən sanballı kompensasiyalar, tarixi abidələrlə ehtiyatlı rəftar, bütün ekoloji normalara riayət edilməsi layihənin rəqiblərinin bəhanələrini yox etdi. Onda da neftin tranziti müqabilində əlavə tarif haqqı, bp-dən sosial layihələr üçün qrantlar tələb olunmağa başladı. Bu, artıq əndazəni aşmaq idi.



Azərbaycanda layihəni əngəlləmək üçün siyasi şantaj cəhdləri də olmuşdu. Əvvəl Rəsul Quliyev BTC-nin "qeyri-rentabelli" olduğunu sübut etməyə çalışırdı. Hazır marşrut kimi Bakı-Novorossiysk xətti, daha sərfəli xətt kimi isə İran üzərindən boru çəkilməsi təklif olunurdu.



İsa Qəmbərin sədr olduğu Müsavat isə əvvəldən İran marşrutu üzərində israr edir, bunun guya Cənubi Azərbaycanda muxtar iqtisadi infrastruktur yaradacağı, beləliklə də siyasi muxtariyyət ideyasının gündəmə gələcəyi haqda cəfəngiyat da uydururdu. İllər sonra bəli oldu ki, Qərbin bəzi dairələrinin ağlında hətta Ermənistan marşrutu varmış, R.Quliyev və İ.Qəmbər kimilərinin funksiyası isə BTC-nin çəkilişinə mane olmaq imiş. Bundan sonra əsl məqsəd -Ermənistan marşrutu gündəmə gələcəkdi. Təbii ki, hadisələrdə o zamankı İran və Rusiya şirkətlərinin də öz oyunları var idi: Azərbaycana öz karbohidrogen ehtiyatlarının Qərbə müstəqil şəkildə çıxarmasına yol verməmək. BTC-yə qarşı kampaniyaların arxasında duran ən fəal suliet isə, təbii ki, "Qazprom"a məxsus idi.

Bəs, "Cənub "qaz dəhlizindən kimlər narahatdır?

İlk növbədə TANAP və TAP-ı özlərinə real rəqib sayan digər şirkətlər. Hər halda kifayət qədər bacarıqlı lobbistləri varmış. İkinci narazı qüvvə isə, BTC-nin çəkilişi zamanı olduğu kimi, yenə də Qərbin öz daxilindədir. Dəst-xətt çox oxşardır: etnik icmaların narazılığının stimullaşdırılması, ekoloji səbəblərin qabardılması və Azərbaycanın regionun lideri olması yolunda bütün ciddi təşəbbüslərinə müxaliflik edən milli reneqatlardan istifadə. İsa Qəmbər qocalıbsa da, onun etirazçılıq missiyasını şərəflə davam etdirəcək varisi var. Estafet etibarlı əllərdədir.



Türkiyə mətbuatının yazdığına görə, Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) hökumətin təlimatı ilə Azərbaycan qazının Avropaya nəqlinə yönəlmiş enerji layihələrini izləyib. BND-nin hədəfi TANAP, "Nabukko" layihələri və İraqın şimalındakı kürd administrasiyası ilə Türkiyə arasında ehtimal edilən "gizli enerji sövdələşmələri" də olub. Belə ki, həmin dövrdə Azərbaycan qazının Avropaya nəqli üçün hansı marşrutun seçilməsi məsələsi ətrafında çox gərgin danışıqlar gedirdi. Avropa İttifaqı "Nabukko" kəməri layihəsində maraqlı idi. Daha sonra Azərbaycanla Türkiyə arasında TANAP layihəsinə dair sazişin imzalanması vəziyyəti dəyişdirdi, "Şahdəniz" qazının Avropaya nəqli üçün "Nabukko"dan daha ucuz və daha az riskli yeni dəhliz imkanı yarandı. Amma bu, alman kəşfiyyatının anti-TAP fəaliyyətinin bitməsi demək deyildi. Ortaya nüfuz agentləri, Avropanın müəyyən qurumlarından maliyyələşən QHT fəalları və jurnalist şəbəkəsi salındı.



Lakin bir şey unudulur: skeptiklər heç vaxt qalib olmur və heç nə əldə etmirlər. Azərbaycan xalqı iyirmi il öncə Bakı-Tbilisi-Ceyhan kəmərinin inşa ediləcəyinə inanmayanlar üzərində necə qalib gəlmişdisə, "Cənub" qaz dəhlizinə maneçilik törətmək istəyənlərin, bu məqsədlə ona qarşı kampaniya təşkil edənlərin və onların əlaltılarının da arzularını puça çıxaracaq.

Məmməd Əsgərli