Ötən əsrin səkkəzinci illərinin sonlarında başlayan milli azadlıq hərəkatı zamanı yaranan Azərbaycan Xalq Cəbhəsinin müstəqilliyin yenidən elan olunmasında, eləcə də sonrakı siyasi proseslərdə müstəsna rolu olub. Ötən əsrin səkkəzinci illərinin sonlarında başlayan milli azadlıq hərəkatı zamanı yaranan Azərbaycan Xalq Cəbhəsinin müstəqilliyin yenidən elan olunmasında, eləcə də sonrakı siyasi proseslərdə müstəsna rolu olub.

Tanınmışlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA

Ötən əsrin səkkəzinci illərinin sonlarında başlayan milli azadlıq hərəkatı zamanı yaranan Azərbaycan Xalq Cəbhəsinin müstəqilliyin yenidən elan olunmasında, eləcə də sonrakı siyasi proseslərdə müstəsna rolu olub.



Bu mübarizə nəticəsində AXC 1992-ci ildə hakimiyyətə gəlib, təşkilatın lideri Əbülfəz Elçibəy prezident seçilib. 1993-cü il iyun hadisələrindən sonra AXC hakimiyyəti devrilib və Elçibəy Bakını tərk edərək, anadan olduğu Kələki kəndinə yollanıb. Bütün bunlar çox da uzaq tarix deyil və təbii ki, AXC-nin Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasındakı rolunu danmaq mümkün deyil.



Araşdırmamıza AXC-dən bəhs etməklə ona görə başladıq ki, uzun illərdir siyasi arenada baş verən proseslərin əksəriyyəti həm də bu təşkilatın bazasında yaranan AXCP-nin ətrafında cərəyan edib. Əslində AXC hakimiyyəti zamanında milli-azadlıq hərəkatı başlayan zaman Bakı Dövlət Universitetinin bir qrup tələbəsinin yaratdığı "Yurd" İctimai Birliyi proseslərə bu və ya digər şəkildə müdaxilə edib. Hətta AXC hakimiyyəti zamanında bu və ya digər vəzifələrdə təmsil olunan "Yurd" üzvləri qurumun gələcəyə hesablanan təşkilatlanma prosesini dayandırmayıblar.
Bu yerdə qeyd edək ki, 1995-ci ildə "Yurd"çuların istəyi sayəsində AXC partiyaya çevrilib, o vaxt Kələkidə olan Elçibəy sədr seçilsə də, yeni yaranan partiyanın təşkilatlanma, idarə olunma prosesi "Yurd"çuların nəzarətində olub. Biz "Yurd"la bağlı bu nüansları heç də əbəs yerə xatırlatmırıq. Çünki AXCP-nin yarandığı gündən bəri, belə demək mümkünsə, başına gələnlər "Yurd"un adı ilə çox vaxt birbaşa bağlı olub. İllər ötdükcə AXCP daxilində baş verən qarşıdurmalar, bir qrupun özünü "islahatçılar", digər qrupun özünü "klassiklər" kimi təqdim etməsi nəticəsində müşayiət olunub. Daha sonralar "Yurd"un lideri kimi təqdim olunan Əli Kərimli ilə uzun illər yanaşı mübarizə aparan şəxslərin ayrılıb özlərinə yeni partiya yaratmalarının da şahidi olmuşuq. Bu gün qətiyyətlə söyləmək olar ki, əgər AXCP-də parçlanmalar olmasaydı, indi bu qurum ölkənin ən mütəşəkkil siyasi təşkilatı idi.
Təəssüf ki, AXCP-dən kimlərinsə uzaqlaşması prosesi indi də davam edir. Bunun təqsirkarı kimdir? Əlbəttə, indiki siyasi situasiyada buna birmənalı cavab vermək olar, yəni cavab çoxumuza bəllidir. Ancaq onu da qeyd etmək lazımdır ki, AXCP-nin necə deyərlər, xəmiri belə yoğrulub...
2000-ci ildə eks-prezident Əbülfəz Elçibəyin ölümündən sonra AXCP-də başlanan qarşıdurma son nəticədə partiyanın parçalanması ilə nəticələndi.

"İslahatçılar" və "klassiklər" davası AXCP-ni parçaladı



AXCP-nin parçalanması ilə bağlı ilk böyük proses 2000-ci ildə eks-prezident Əbülfəz Elçibəyin ölümündən sonra başlayıb. AXCP daxilində başlayan qarşıdurma sonda partiyanın parçalanması ilə nəticələnib. AXC 1995-ci ildə partiya kimi fəaliyyətə başlaynadan bəri Əli Kərimlinin "islahatçılar" adlanan komandası ilə Mirmahmud Mirəlioğlunun "klassiklər"i arasında bəzən gizli, bəzən açıq şəkildə gedən mübarizə 2000-ci ilin parlament seçkiləri ərəfəsində daha ciddi xarakter aldı. O zamankı mübarizənin əsas fiqurlarından biri həm də Qüdrət Həsənquliyev sayılırdı..

Qeyd edək ki, bəzi mənbələrin iddiasına görə, buna qədər hakimiyyətdə təmsil olunan ən yüksək vəzifəli məmur öz emissarını yollayaraq Qüdrət Həsənquliyevin AXCP-dən ayrılmasını təklif etsə də, o, razılaşmamışdı. Ancaq üstündən bir müddət keçəndən sonra Qüdrət Həsəquliyev Əli Kərimli ilə yollarını ayırmaq qərarını verdi.

Hələ 1995-ci ildə keçirilən parlament seçkilərində (o vaxt seçkilər həm proporsional, həm də mayoritar sistem üzrə keçirilirdi) AXCP-dən Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Qulamhüseyn Əlibəyli, Nizami Quliyev deputat seçilmişdilər. Beş il müddətində AXCP-nin deputat qrupu AMİP-dən olan deputat həmkarları ilə parlamentdə müxalifəti yüksək səviyyədə təmsil edir, müzakirələrdə öz mövqelərini açıqlaya bilirdilər. Bu həm də AXCP-nin o dövr üçün ciddi siyasi qurum olmasının sübutu idi. Bu səbəbdən 2000-ci ildə keçirilən parlament seçkilərində AXCP parlamentdə 8 nəfərlə təmsil olunmaq kimi ciddi uğur əldə edib. Deputat seçilənlər isə Əli Kərimli, Qulamhüseyn Əlibəyli, Asim Mollazadə, Cəmil Həsənli, Mirmahmud Mirəlioğlu, Əliməmməd Nuriyev, Qüdrət Həsənquliyev, Nizami Quliyev idi.

Lakin Əbülfəz Elçibəyin ölümündən sonra AXCP parçalandı və nəticədə Mirmahmud Mirəlioğlu deputat mandatından imtina etdi.

AXCP parçalandı, BAXCP yarandı



Qüdrət Həsənquliyev 2001-ci ildən AXCP-nin parçalanan tərəflərinin birləşdirilməsi kampaniyasına başlayır. Lakin Müsavat, ADP və digər müxalifətçi siyasi partiyaları onun bu niyyətinin arxasında tamam fərqli məqsəd olduğunu iddia edirlər. Müsavatda və ADP-də düşünürdülər ki, "birləşmə" planını hakimiyyət ortaya atıb və məqsəd müxalifəti sıradan çıxarmaqdır. Bir müddət sonra Əli Kərimli də bəyan edir ki, birləşmə məsələsində kifayət qədər qapalı və şübhəli məqamlar var. Bundan sonra "islahatçılar" prosesdən kənarlaşırlar.

"İslahatçılar"ın dəstəyindən məhrum olan Qüdrət Həsənquliyev "klassiklər"in böyük bir hissəsini birləşmə planına inandıra bilir və "klassiklər"in böyük bir hissəsi onunla "birləşmə" prosesinə qoşulur. Mirmahmud Mirəlioğlunun sərt etirazı vəziyyəti dəyişdirir. Nəticədə 2002-ci ilin iyul ayında bir qrup AXCP üzvü "birləşdirici qurultay" adı ilə toplaşıb partiyanın birləşdiyini bəyan edir. Bir müddət sonra Ədliyyə Nazirliyi Qüdrət Həsənquliyevin rəhbər olduğu birləşən AXCP-ni rəsmən tanıyır. Bu, beynəlxalq arenada ciddi qalmaqala səbəb olur. ABŞ Dövlət Departamentinin sərt etirazından sonra Ədliyyə Nazirliyi AXCP-nin qeydiyyatını ləğv edərək, Əli Kərimlini yenidən partiyanın sədri kimi tanıyır. Bundan sonra Q.Həsənquliyevin partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) adlanır və o, sədr olur.

AXCP-dən onunla birgə Mikayıl Rəhimov (hazırda BAXCP-nin MSK-dakı nümayəndəsidir), Söhrab Abdullayev (baş katib), Vaqif Abışov (Ali Məclisin sədri), Yeganə Mehdibəyli (Mərkəzi-Nəzarət Təftiş Komissiyasının sədri), Yaşar Kələntərli (Təşkilati məsələlər üzrə müavin), Dünyamalı İmaməliyev (Humanitar məsələlər üzrə müavin), Telman Siyabov (Təbliğat və ideologiya məsələləri üzrəö müavin) və digərləri yeni partiyaya getdilər.

1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən Qüdrət Həsənquliyev bir müddət Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, AXC hakimiyyəti zamanı dövlət katibinin köməkçisi, sonralar isə Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.

1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət Heyətinin üzvü olub. 2001-ci ildən iki yerə parçalanan AXCP-nin birləşdirilməsi istiqamətində fəaliyyətə başlayıb. 2002-ci ilin avqustunda AXCP-nin birləşdirici qurultayında partiyanın sədri, (2004-cü il aprelin 3-də keçirilən növbəti təsis konfransında onun partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) adlandırılıb). 2003, 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində partiyanın namizədi kimi iştirak edib. 2003, 2005 və 2010-cu illərdə Milli Məclisinə keçirilən seçkilərdə nəvbəti dəfə deputat seçilib.

"Klassiklər"in Xalq Cəbhəsi



AXCP daxilində "Yurd"çulara qarşı ən qətiyyətli mübarizə aparanlardan biri Mirmahmud Mirəlioğlu olub. O, istər Əbülfəz Elçibəyin sağlığında, istərsə də onun dünyasını dəyişməsindən sonra "Yurd"çuların AXCP-ni ələ keçirmək niyyətini bəzilərindən fərqli olaraq gizlətmir, əksinə, yeri gələndə bunu açıq-aşkar söyləyirdi. Amma onun və digər həmfikirlərinin apardığı mübarizə AXCP-ni "Yurd"çulardan xilas etməklə nəticələnmədi. AXCP adına iddia Klassik Xalq Cəbhəsi Partiyasının yaranması ilə başa çatdı. Bu partiyanın təsis qurultayı 2006-cı ilin mart ayında keçirilib. Mirmahmud Mirəlioğlunun sədr seçildiyi KXCP-də AXC hakimiyyəti zamanı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi işləmiş Məmməd Zeynalov, keçmiş vergilər naziri İsa Bağırov, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu, tanınmış ziyalı Kamil Vəliyev, "Cümhuriyyət" qəzetinin keçmiş baş redaktoru Yadigar Məmmədli, Milli Qəhrəman Maşallah Abdullayev, daxili işlər nazirinin keçmiş müavini Qabil Məmmədov, Ülvi Həkimov, Cahandar Bayoğlu, Tofiq Seyidov, Əli Mustafayev, Arzu Səmədbəyli və digər tanınmışlar təmsil olunurdular. Qeyd edək ki, 5 saylı xəstəxananın baş həkimi Ziya Əsədov da o vaxtlar KXCP-də təmsil olunurdu (Bu partiya ilə də bağlı araşdırmamız olacaq).

AXC hakimiyyəti zamanı Nəsimi rayon İcra Hakimiyyətinin başçısı olmuş Əli Quliyev, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı işləmiş Ehtiram Əliyev AXCP-dən istefa verərək (onların "Yurd"un təzyiqlərindən sonra bu addımı atdıqları iddia olunurdu) Müsavat Partiyasına keçiblər.

AXCP-də hər iki tərəfdə olub, ayrılan Fazil Mustafa



1992-93-cü illərdə Prezident Aparatının hüquq şöbəsinə rəhbərlik etmiş Fazil Mustafa iyun hadisələrindən sonra prezident Əbülfəz Elçibəyin Türkiyədəki səlahiyyətli nümayəndəsi olub. 1995-ci ildə Azərbaycana qayıdan F.Mustafa o dövrdə partiyanın "islahatçılar" qanadında təmsil olunaraq Əli Kərimli ilə birgə "klassiklər"ə qarşı mübarizə aparıb. 1998-ci ildən sonra Əli Kərimli ilə yollarını ayırıb və "klassiklər"in tərəfinə keçib. O bir müddət Əli Kərimli və "islahatçılar"a qarşı ən kəskin mübarizəsi ilə seçilib. 2000-ci il parlament seçkilərində partiya siyahısının ilk yerlərindən kənarda saxlanılan Fazil Mustafa alternativ siyahı hazırlayıb və o zaman Türkiyədə müalicə olunan Əbülfəz Elçibəyə təsdiqlətdirib. Oun bu addımı partiya daxilində ciddi qalmaqala səbəb olub. Qalmaqal pik nöqtəsinə çatdığı vaxt Elçibəy vəfat edib. AXCP parçalanıb və Fazil Mustafa "klassiklər"in sədr müavini olub. Bir müddət sonra hərbi xidmətə göndərilən Fazil Mustafa geri qayıtdıqdan sonra partiyada qalıb. 2003-cü ildəki prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbəri dəstəkləyən Fazil Mustafa seçkilərdən sonra yeni yaratdığı Böyük Quruluş Partiyasının başqanı seçilməklə konstruktiv müxalifətə keçdiyini bəyan edib. 2005 və 2010-cu il seçkilərində deputat seçilən Fazil Mustafa 2008-ci il prezident seçkilərində də iştirak edib.

İsa Qəmbəri ittiham edən Asim Mollazadə də AXCP-dən getdi



"Yurd"un əsas ideoloqlarından biri olan Asim Mollazadə 1993-cü ildə prezident Elçibəyin müşaviri işləyib. 2000-ci ildən deputat seçilən A.Mollazadə Azərbaycanın Avropa Şurasındakı ilk nümayəndə heyətinin üzvü olub. O, 2005 və 2010-cu il seçkilərində yenidən parlamentə düşə bilib. 2005-ci il parlament seçkiləri ərəfəsində Milli Məclisdə keçirdiyi brifinqdə Müsavat Partiyasının başqanı İsa Qəmbəri müxalifətin əməkdaşlığına ciddi əngəl yaratmaqda ittiham edən Asim Mollazadə bir müddət sonra AXCP-dən istefa verib və Demokratik İslahatlar Partiyası yaratdığını elan edib. Konstruktiv müxalifət mövqeyindən çıxış edən Mollazadə 2005-ci il iyulun 4-də DİP-in təsis qurultayında sədr seçilib.

Hər iki tərəfin siyahısında olan Fərəc Quliyev



Fərəc Quliyev 1994-cü ildə həbs edilsə də, onun adı uzun müddət AXCP-nin rəhbər vəzifələrində saxlanılıb. Hətta 2000-ci ildə iki yerə parçalanan AXCP-nin hər iki tərəfi həbsdə olan Fərəc Quliyevi qiyabi olaraq İdarə Heyətinə seçib. 2001-ci ildə azadlığa buraxılan Fərəc Quliyevin AXCP-nin "birləşdirilməsi" prosesinə qoşulacağı ilə bağlı ümidlər isə puça çıxır. Bu prosesdən kənarda qalan keçmiş məhbus bir müddət siyasi fəaliyyətlə də məşğul olmur. Nəhayət, Fərəc Quliyev 2003-cü ildə özünün Milli Dirçəliş Hərəkatı Partiyası yaradr. O, 2005-ci il mayın 7-də keçirilən ilk qurultayda partiyanın sədri seçilib. 2010-cu ildə isə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilib.

Əli Məsimlinin partiya yaratmaqla bağlı uğursuz cəhdi



Göründüyü kimi, AXCP-dən ayrılan tanınmışların demək olar hamısı tərəfdarlarını toplayıb yeni partiya yaratmaqla gündəmdə qala biliblər. Uzun müddət AXCP-də rəhbər strukturlarda çalışan Əli Məsimlinin yeni partiya təsis etmək cəhdi uğurlu olmayıb. O, 2005-ci ildən sonra Azad Demokratlar Birliyi Partiyasını təsis etmək niyyətilə təşkilat komitəsi yaradıb. Lakin bu istiqamətdəki fəaliyyəti istənilən səviyyədə olmayıb.

Qeyd edək ki, AXC hakimkiyyəti zamanı baş nazir əvəzi olan Əli Məsimli 2000-ci ildə "klassiklərlə" bir yerdə AXCP-dən gedənlərdən biri idi. 2005-ci ildə "YeS" blokunun namizədi kimi seçkilərə qatılan Əli Məsimli deputat mandatı qazana bilib. O, 2010-cu ildə də 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilib.

AXCP-dən ayrılıb "aydınlığa" çıxanlar



Əli Kərimli ilə birgə addımlamaqdan imtina edən digər bir qrup AXCP üzvü ilə hələ ki ən axırıncı partiyanı Qulamhüseyn Əlibəyli yaradıb. 2008-ci ilin avqust ayınadək AXCP Ali Məclisinin sədri olan Qulamhüseyn Əlibəyli həmin il AXCP-dən istefa verdiyini açıqlayıb. Həmin ilin sentyabr ayında Aydınlar Partiyasının yaradıldığı elan olunub. Yeri gəlmişkən, bu ikinci qrupdur ki, AXCP-dən ayrılandan sonra yaratdıqları yeni partiyanın adında Xalq Cəbhəsi ifadəsi yoxdur. Aydınlar Partiyasının 2008-ci il dekabrın 14-də keçirilən qurultayında Qulamhüseyn Əlibəyli sədr seçilib. Partiya 2009-cu il noyabr ayının 25-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Partiya quruculuğunda AXCP Ali Məclisinin keçmiş sədri ilə yanaşı, "Yurd" birliyinin yaradıcılarından olan Qorxmaz İbrahimli, digər tanınmışlar (onlar həm də "Yurd"çu kimi tanınıblar) keçmiş deputat Nizami Quliyev, Xanoğlan Əhmədov və Qadir İbrahimli də iştirak ediblər. Bu şəxslər həm də Aydınlar Partiyasının rəhbərliyində təmsil olunurlar.

AXCP-dən gedən Cəmil Həsənli yenə AXCP ilə bir yerdədir



1989-cu ildə yaradılan AXC-nin BDU təşkilatında təmsil olunan Cəmil Həsənli 1994-2005-ci illərdə AXCP sədrinin humanitar məsələlər üzrə müavini olub. 2005-ci ildə AXCP üzvlüyündən çıxıb. O, 2009-cu ildə təsis edilən Azərbaycan Ziyalılar Forumunun həmtəsisçilərindən biridir. 2013-cü ildə prezident seçkiləri ərəfəsində yaradılan Demokratik Qüvvələrin Milli Şurasının qurucularındandır. Sonradan həmin qurumun prezidentliyə vahid namizədi kimi seçkilərdə iştirak edib. 2013-cü il dekabrın 3-də Milli Şuranın sədri seçilib. Prezident seüçkilərindən sonra Milli Şurada təmsil olunan bütün partiyalar ayrılıblar. İndi bu qurumda partiya olaraq yalnız AXCP təmsil olunur.

AXCP-nin Sumqayıt təşkilatı VHP-yə birləşdi

Bu partiyada nələr baş verməyib? AXCP-yə kimlər gəlib, kimlər gedib? Belələrinin sayı-hesabı yoxdur. Bəlli olduğu kimi AXCP parçalanıb, bu, baş tutmayanda bəziləri öz tərəfdarları başına toplayıb yeni partiya yaradıb, bəzi tanınmışlar isə sakitcə gediblər. AXCP-nin Sumqayıt təşkilatında isə özəl bir olay baş verib. Yusif Salmansoy adlı siyasətçini tanıyırsınızmı? Vaxtilə AXCP-nin Sumqayıt şəhər təşkilatının sədri olub (o həm də Sumqayıt şəhər bələdiyyəsinin üzvüdür). 2006-cı ildə Salmansoy ilginc bir ideya ilə çıxış edib. Onun təşəbbüsü ilə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər təşkilatlarının birləşdirici konfransı keçirilib. Bu, həmin ilin iyun ayında AXCP-nin Sumqayıt şəhər təşkilatının müstəqilliyini elan etməsindən bir ay sonra baş verib. Yusif Salmansoyun sədri olduğu Sumqayıt təşkilatının VHP-də təmsil olunmaq üçün partiya rəhbərliyinə etdiyi müraciət qəbul olunub. Avqustda hər iki şəhər təşkilatı Məclisinin birgə toplantısı keçirilib və VHP-nin Sumqayıt şəhər təşkilatının Məclisi formalaşdırılıb.

Birləşdirici konfransda Sumqayıt şəhər təşkilatının yeni sədri Yusif Salmansoy, müavini isə Hilal Əliyev seçilib. Qeyd edək ki, bu zamana qədər VHP-nin Sumqayıt təşkilatının sədri H.Əliyev olub.

Həmin Salmansoy 2013-cü ilin avqust ayında VHP sədrinin təbliğat məsələri üzrə müavini təyin olunub.



Əhməd Oruc da AXCP-dən gedənlərdəndi

1994-cü ildə AXCP-dən ayrılan Əhməd Oruc isə 1995-ci ildə Azadlıq Partiyasını yaradıb. Partiya 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Daha kimlər...

AXCP sədrinin vaxtilə Pənah Şahsevənli adlı müşaviri də olub. AXCP üzvü Hüseyn Məlik Müsavata keçib. AXC hakimiyyəti zamanı Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri işçləmiş Siyavuş Mustafayev, keçmiş deputat Hüseynağa Qəniyev, Fərəməz Novruzoğlu da AXCP-nin keçmiş üzvləridirlər.

AXCP-ni tərk edən komitə sədri

AXC hakimiyyəti zamanı Dövlət Gömrük Komitəsinin sədri işləmiş İbrahim Vəliyev də 2011-ci ildə AXCP-dən gedib. Keçmiş komitə sədri Bakı Dövlət Universiteti hüquq fakültəsinin müəllimidir. Onun istefasının AXCP -yə qarşı aparılan əks təbliğat kampaniyasının nəticəsi olduğu bildirilsə də, bu gözlənilməz addımın əsl səbəbi haqda açıqlama verilməyib.

Bundan əvvəl isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim, baş müəllim, beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dekan müavini vəzifələrində çalışan və Əli Kərimlinin ən yaxın silahdaşı sayılan Fuad Mustafayev də AXCP-ni tərk edənlərin sırasına qoşulub.



O, 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra dekan müavinliyindən istefa verib və 1989-cu ildən üzvü olduğu Azərbaycan Xalq Cəbhəsinin aparatında çalışmağa başlayıb. AXC (1995-ci ildən AXCP) Ali Məclisi Rəyasət Heyətinin üzvü olub. 2000-ci ildən AXCP sədrinin siyasi məsələlər üzrə müavini idi. 2009-cu il sentyabrın 4-də AXCP Ali Məclisi Rəyasət Heyətinin iclasında Fuad Mustafayevin istefa ərizəsinə baxılıb və partiya üzvlüyündən çıxarılıb.

Bir neçə partiya dəyişən Arif Paşa



Keçmiş döyüşçü, Laçın alayının keçmiş komandiri Arif Paşa AXCP-dən çıxandan sonra BXCP-yə - Qüdrət Həsənquliyevin yanına getmişdi.
2009-cu il oktyabrın 19-da isə Ümid Partiyası sədrinin müavini təyin olunub.
Qeyd edək ki, Arif Paşa Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 1992-ci ilin iyulundan 2002-ci ilədək AXCP sədrinin müavini olub. O, sonradan BAXCP-nin ardından Müasir Müsavat Partiyasında da təmsil olunub.

Eks-deputatın AXCP-dən getməyi...



"Konstitusiya" Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də uzun illər birgə mübarizə apardığı partiyadaşlarını sonradan tərk edib. "Yurd"un fəallarından biri sayılan Nuriyev 1989-1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. 1992-1993-cü illərdə Prezident Aparatında çalışıb. 1994-2001-ci illərdə BDU-da hüquq fakültəsində müəllim işləyib. 2001-ci ildə deputat seçilib. 2005-ci ilin əvvəllərində AXCP-dən ayrılıb. Həmin il 71 saylı Masallı kənd seçki dairəsindən namizədliyini irəli sürsə də, ikinci dəfə mandat qazana bilməyib.

Arzuları AXCP-də çin olmayan Arzu Səmədbəyli...

Milli azadlıq hərəkatının fəal iştirakçılarından olan Arzu Səmədbəyli 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri, Müdafiə Nazirliyinin baş referenti, 1993-2000-ci illərdə AXCP-nin İnformasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.
2004-cü ildən Müsavat Partiyası başqanının müavini, bu il mayın 27-də keçirilən qurultaya qədər Müsavatın Məclisinin sədri və Divan üzvü olub. Arzuları AXCP-də çin olmayan Arzu Səmədbəyli 2005-ci ildə deputat seçilib.

Üç tanınmışın AXCP-dən səssiz-səmirsiz gedişi...

Azərbaycanın tanınmış müğənnisi Akif İslamzadə, tanınmış teoloq-alim Nəriman Qasdımoğlu və tanınmış iqtisadçı Zöhrab İsmayıl da Əli Kərimlinin komandasını tərk edənlər arasındadır. Nəriman Qasımoğlu AXCP sədrinin müavini, Akif İslamzadə ilə Zöhrab İsmayıl isə Rəyasət Heyətinin üzvləri olublar.
2010-cu ilin dekabr ayında AXCP-dən ayrılan Akif İslamzadə addımının səbəbini bu partiyanın Müsavatla birləşmək niyyəti ilə bağlı olduğunu açıqlayıb: "Mən əvvəldən də bilirdim ki, Müsavatla Azərbaycan Xalq Cəbhəsi Partiyasının birliyi alınmayacaq. Zaman da göstərdi ki, bu birlik müxalifəti uğursuzluğa apardı. Bu, lazım olan addım deyildi. Çünki bu partiyaların başçılarının özlərinin öz şəxsi ambisiyaları olmaqla yanaşı, buna partiyaların daxilində razı olmayan qüvvələr də vardı. Belə birliyi yaratmaqdansa, ayrı-ayrı təşkilatlar şəklində mübarizə aparıb bir nöqtəyə vurmaq daha yaxşı olardı. Amma hadisələr göstərir ki, bu partiyalarda olan rəhbərlər başqa məqsədlər güdürlər".

"Azadlıq" qəzeti – "Yurd"un qalası



Uzun illər "Azadlıq" qəzetinin baş redaktoru olmuş Gündüz Tahirli AXCP-də "Yurd"un ən fəal təbliğatçılarından biri olub. Qəzetə onun rəhbərlik etdiyi dönəmdə "Azadlıq" qəzetinin yaradıcı heyətinin "Yurd"laşdırılması uğurla həyata keçirilib. Əli Kərimli və "Yurd"un digər tanınmış simalarının səyləri ilə bu birliyə üzv olmaqdan imtina edənlər müxtəlif bəhanələrlə qəzetdən uzaqlaşdırılıblar. Nəticədə digər mətbu orqanlarda "Yurd"un təbliğatını aparan jurnalistlər "Azadlıq" qəzetinə gətiriliblər. İndi Az.TV-nin aparıcı simalarından olan İbrahim Məmmədov Gündüz Tahirlidən sonra "Azadlıq"da Əli Kərimli və digər "Yurd"çuların mənafeyinə uyğun yaradıcılıq prosesi müyyənləşdiriblər. İndi də müxtəlif KİV-lərdə çalışan onlarla tanınmış digər jurnalistlər vaxtilə AXCP-də "Yurd"u təmsil ediblər.
1994-cü ildən "Azadlıq" qəzetinə rəhbərlik edən Gündüz Tahirli 2001-ci ildə istefa verib. O uzun müddət bizneslə məşğul olub.

Osman Gündüz AXC hakimiyyəti zamanı Balakən rayon İcra Hakimiyyətinin başçısı işləyib, 1993-cü il hadisələrindən sonra yerli iş adamı, sonralar sui-qəsd nəticəsində öldürülən Əli Ansuxskinin tərəfdarları tərəfindən girov götürülüb. Girov götürülən zaman ayağından güllələnən içra başçısı bir müddət Gəncə təcridxanasında saxlanılaraq, sonra azadlığa buraxılıb. Osman Gündüz uzun illər Əli Kərimlinin tərəfdarı kimi AXCP-də də qalsa da, sonradan qeyri-hokumət təşkilatı yaradaraq siyasi fəaliyyətinə son verib.

Asif Mahmudov AXCP-nin Mərkəzi Seçki Komissiyasında üzvü olub. O, 2003-cü il prezident seçkilərindən sonra müxalifətin iradəsinin əleyhinə gedərək, seçkinin yekin nəticələrini əks etdirən protokolu imzalayıb. Bundan sonra AXCP-dən uzaqlaşan Asif Mahmudov hazırda Zərdab rayonunda yaşayır və onun kifayət qədər böyük fermer təsərərrüfatının olduğu bildirilir.

Hərə bir bəhanə ilə gedir

AXCP sədrinin müavini Asəf Quliyev 2013-cü il prezident seçkilərinə 4 gün qalanda Milli Şuradan və partiyadan istefa verib. O istefasının səbəblərindən biri kimi Müsavat Partiyası Mərkəzi İcra Aparatının o vaxtkı rəhbəri Arif Hacılının Milli Şuranın rəhbərliyinə gətirilməsi, Milli Şuraya qarşı olduqları halda Pənah Hüseyn və Rauf Arifoğlunun Cəmil Həsənlinin vəkili təyin edilməsini göstərib. Adları çəkilən şəxslər Asəf Quliyevin məntiqsiz, eyni zamanda yalan danışdığını bildiriblər. AXCP-də isə istefanın səbəblərinin əsassız olduğu bildirilib.

Həbsdən çıxıb iki partiyada olan keçmiş komandan

AXCP-nin taleyi elə gətirib ki, buradan bu və ya digər səbəbdən çıxıb gedənlər indi də var. Fəhmin Hacıyev Ayaz Mütəllibovun prezidentliyi dövründə Azərbaycan Xalq Cəbhəsinin təqdimatı əsasında bir müddət müdafiə nazirinin müavini işləyib. Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə Daxili Qoşunların komandanı olub. 1994-cü ildə həbs olunan keçmiş komandan 10 il həbsxanada yatıb. Azadlığa buraxılandan sonra Müsavat Partiyasına üzv olub. 2011-ci ildə isə AXCP-yə keçib və sədrin müşaviri təyin olunub. Xeyli müddətdir Ukraynada bizneslə məşğul olan Fəhmin Hacıyev 2013-cü il prezident seçkilərindən sonra bu partiyadan da getdiyini bəyan edib.

AXCP sədrinin digər müşaviri Rəsul Mirhəşimli də partiyanı son zamanlar tərk edənlərdəndir. O, 1989-cu ildən bu təşkilatın üzvü, həmçinin AXCP sədr aparatının və Ali Məclisinin üzvü olub.

"Azadlıq"dan "qovulan" Mirzə Sakit AXCP-dən istefa verdi



Tanınmış satirik şair Mirzə Sakit 2011-ci ilin may aytında AXCP-dən istefa verib. Onun sözlərinə görə, həbs olunandan sonra heç bir səbəb olmadan "Azadlıq" qəzetindən işdən çıxarılıb. Azadlığa buraxılandan sonra işə bərpa olunması ilə bağlı AXCP sədri Əli Kərimliyə və "Azadlıq" qəzetinin baş redaktoru olan qardaşı Qənimət Zahidə olunan müraciət və xahişlərə cavab verilməyib. Bundan narazı qalan satirik şair uzun illər üzvü olduğu parrtiyadan istefa verib.

2005-ci il avqustun 4-də həbs olunaraq 7 il azadlıqdan məhrum olunan Ruslan Bəşirli azadlığa çıxandan bir müddət sonra AXCP-dən istefa verib.

AXCP mətbuat xidmətinin rəhbəri də getdi



Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş mətbuati katibi, illər öncə partiyanın aparıcı simalarından olan İsaq Əvəzoğlu xeyli müddətdir siyasi müstəvidə gözə dəymir. Hətta onunla bağlı məlumatlara nadir hallarda rast gəlmək mümkündür. Fəaliyyəti dövründə mətbuatla sıx əlaqədə olan İ.Əvəzoğlunun Azərbaycanı tərk edəndən sonra AXCP-dən çıxıb.
İsaq Əvəzoğlunun hazırda Ukraynada yaşadığını deyilir.
AXCP-nin keçmiş mətbuat katibi İsaq Əvəzoğlu 2010-cü ildə Azərbaycanı tərk edərək Ukraynaya gedib. Onun gözlənilməz gedişinin nə ilə bağlı olması izah olunmur..

Ramiz Tağıyev

Ramiz Tağıyev Milli Azadlıq Hərəkatının öndə gedən şəxslərindən biri olub. 31 dekabr sərhədlərin açılması ideyası məhz onun tərəfindən önə sürülüb. Ramiz Tağıyev 2003-cü ildə də həbs edilib və Avropa Şurası onu "siyasi məhbus" kimi qiymətləndirib. 2005-ci ildə prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.
Culfa rayonunun sabiq icra başçısı olmuş Ramiz Tağıyev sonralar Canımız Azərbaycan Naminə Partiyası (CANP) adlı qurum yaradaraq, onun sədri seçilib.

Tanınmış jurnalistin AXCP-dən gedişi



Bahəddin Həziyev Azərbaycanın tanınmış jurnalistlərindən biridir. Jurnalistikaya milli azadlıq hərəkatı dalğasında gəlib. "Turan" İnformasiya Agentliyi, "Azadlıq" radiosu, "Azadlıq", "Çağ", "Ekspress" qəzetlərində çalışıb, bəzi nəşrlərin, o cümlədən "Avropa" qəzetinin köşə yazarı olub. 2006-cı ildən "Bizim yol" qəzetinin baş redaktorudur.
Siyasi fəaliyyətə 1980-90-cı illərində Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi başlayıb. Bir neçə il bunadan qabaq AXCP sədrinin müavini təyin olunub. 17 sentyabr 2008-ci ildə partiya sıralarından istefa verib.
Jurnalist fəaliyyəti dövründə dəfələrlə təzyiqə məruz qalıb. 2006-cı mayın 18-dən 19-na keçən gəcə naməlum şəxslər onu oğurlayaraq son dərəcə ağır xəsarətlər yetiriblər və baş redaktor uzun müddət yataq xəstəsi olub. 2010-cu ilin iyulun 22-də prezidetin sərəncamı ilə "Əməkdar jurnalist" adına layiq görülüb.

AXCP-dən gedənlər...

İsrail Musayev, Hafiz Həsənli, Elçin Rüstəmli, Mirəli Hüseynov, Abil Bayramlı, Ərəstun Orucov
kimi QHT və media sektorunda təmsil olunan çoxsaylı layihə rəhbərləri də vaxtilə məhz Əli Kərimlinin arxasındaydılar. Əli Kərimlini Gündüz Tahirli, Bahəddin Həziyev, İsrail Musayev, İbrahim Məmmədov, Nəsib İsmayılov, mərhum Mahir Səmədov kimi onlarla tanınmış imzası olan jurnalist dəstəkləyirdi. Amma sonda onlar da AXCP-dən üz döndərdilər...
Tanınmış köşə yazarı Hüseynbala Səlimov da AXCP üzvü kimi sonradan Müsavat Partiyasına keçib.

AXCP-dən BAXCP-yə

2012-ci il mayın 5-də rüşvət almaqda ittiham olunaraq həbs edilən BDU hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı da vaxtilə AXCP-nin ən fəal üzvlərindən biri olub. O, sonralar AXCP-ni BAXCP-yə dəyişərək, Qüdrət Həsənquliyevin yanında olub.


Modern.az, "Siyasi partiyalara gəlib-getmiş tanınmışlar" layihəsi