- Köhnə - Siyasət
- 15 Aprel 2015 14:31
- 2 399
İlham Əliyev İtaliyanın iqtisadi inkişaf nazirini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir Federika Quidi İtaliya Prezidenti Sergio Mattarellanın və Baş nazir Matteo Renzinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Federika Quidi ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib. Əlaqələrimizin möhkəmləndirilməsində enerji sahəsində əməkdaşlığın önəmini vurğulayan italiyalı nazir TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Dövlətimizin başçısı Romada İtaliyanın Baş naziri Matteo Renzi ilə keçirdiyi görüşləri xatırlayaraq səfər zamanı qəbul edilmiş "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamənın ölkələrimiz, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri baxımından əhəmiyyətini qeyd edib. Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımızın önəmini vurğulayıb. Dövlətimizin başçısı "Cənub" qaz dəhlizi layihəsinə toxunaraq, TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, sənayenin inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Sergio Mattarellanın və Baş nazir Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.