- Köhnə - Siyasət
- 2 May 2015 12:01
- 4 098
"Yeganə yol torpağın geri qaytarılmasıdır" – Ekspertlərin rəyi
Artıq uzun illərdir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər" keçirilir.
Separatçı rejim sabah mayın 3-də də parlament "seçkiləri" keçirməyi nəzərdə tutub. Artıq bununla bağlı rəsmi Bakı öz iradını bildirib, hətta vurğulayıb ki, "seçkilər"də iştirak edəcək beynəlxalq müşahidəçilər Azərbaycan qanunları qarşısında cavab verəcək.
Bu gün ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Patke də Dağlıq Qarabağda keçirilən parlament "seçkiləri"nin nəticələrini tanımayacağını deyib. O, bu fikrini ABŞ-ın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı ilə əsaslandırıb.
Azərbaycanın tanınmış siyasətçiləri də bu olaya öz münasibətini bildirib.
Politoloq Rasim Musabəyov AzNews.az-a deyib ki, Azərbaycan Dağlıq Qarabağda keçirilən qondarma parlament "seçkiləri"nin tanınmaması üçün həmişə tələblər qoyur: "Bu tələblər Minsk Qrupunun həmsədrləri tərəfindən dəyərləndirilir. Hamısı da bu "seçki"ni tanımadığını açıqlayır. Azərbaycan isə indiki mərhələdə bundan artıq nəsə etmək imkanında deyil".
Politoloq Ərəstun Oruclu isə vurğulayıb ki, Dağlıq Qarabağda "seçkiləri"n bir daha keçirilməməsi üçün ən etibarlı vasitə işğal altında olan ərazilərin Azərbaycana qaytarılmasıdır: "Başqa variant yoxdur. Ona görə ki, həmin ərazini işğal edən Ermənistan hökuməti müxtəlif vasitələrlə və eyni zamanda "seçkilər" keçirməklə beynəlxalq aləmə təqdim edir. Təbii ki, çalışır ki, bu işğalı, eləcə də Dağlıq Qarabağın hazırkı statusunu legitimləşdirə bilsin. Amma hələlik buna nail ola bilməyiblər. Sonda buna nail olacaqlarına da inanmıram, çünki beynəlxalq aləm Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunub. Nə qədər ki, bu məsələ gündəmdədir, ərazi bütövlüyü tanınır, orada keçirilən "seçkilər"in də kiminsə tərəfindən tanınacağı qeyri-mümkündür. Avropa Birliyi, Amerika Birləşmiş Ştatının Dövlət Departamenti bununla bağlı açıqlama verdi ki, nə o "seçkilər"ə qatılır, nə də o "seçkilər"i legitim sayır. Buna baxmayaraq erməni tərəfi çalışacaq ki, kimlərinsə vasitəsilə beynəlxalq aləmə mesaj versin. Onlar da danışacaq ki, "seçkilər" ideal keçirilib, orada hakimiyyət orqanları var. Bu kimi bəyanatlar olub və yenə də olacaq. Azərbaycanın isə o "seçkilər"in keçirilməsinə mane olmaq imkanı yoxdur. Çünki əraziləri işğal altında saxlayan tərəf də bunun əksində maraqlıdır. Yeganə yol Dağlıq Qarabağ münaqişəsinin bu və ya digər yollarla həllidir və həmin ərazilərin Azərbaycana qaytarılmasıdır".
Bahar RÜSTƏMLİ
AzNewa.az