- Toplum
- 30 Noyabr 2018 13:05
- 24 498
“Maşa və Ayı” Azərbaycan dilində yayımlanacaq - İTV-də
İTV Azərbaycanda xarici telelayihələrin lisenziyalı yayımını davam etdirir
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTRYŞ) Rusiyanın məşhur “ANIMAKKORD” studiyası ilə əməkdaşlıq müqaviləsi imzalayb.
Bu haqda informasiya AzNews.az-a Teleradionun İctimaiyyətlə Əlaqələr Departamentindən verilib.
İTRYŞ və “ANIMAKKORD” arasında imzalanan müqaviləyə əsasən uşaqların sevimli qəhrəmanları “Maşa və Ayı” (Маша и Медведь) - animasiya serialı artıq İctimai Televiziyada Azərbaycan dilində yayımlanacaq. Gələn ildən etibarən həftəiçi hər səhər balacaların görüşünə gələcək sevimli cizgi filminin Azərbaycan dilində dublyajı televiziyanın “Kino və Dublyaj Departamenti”ndə reallaşdırılır.
İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bu addımın atılmasında əsas səbəb Azərbaycanda xarici telelayihələrin lisenziyalı yayımını inkişaf etdirməkdir.
2009-cu ildən etibarən yayımlanan “Maşa və Ayı” (Маша и Медведь) üçölçülü qrafikanın köməyi ilə yaradılıb və bütün auditoriya üçün nəzərdə tutulub. Hər bölümü 6-7 dəqiqə davam edən animasiya filminin yaradıcıları bu zaman kəsiyinin uşaqların cizgi filminə baxmağı üçün ən ideal müddət olduğunu düşünürlər.
“Youtube” portalında ümumi auditoriyası 20 milyarddan çox baxış sayına malik sözügedən animasiya serialının müxtəlif epizodlarının gün ərzində 3 milyona qədər izləyicisi olur. Təkcə “Maşa və sıyıq” epizodu 2 milyarddan çox baxış ilə onluq reytinqinə düşən animasiya videosu kimi qeydə alınıb.
İTV, geniş auditoriyaya sahib, bütün beynəlxalq səviyyəli layihələrin lisenziyalı versiyalarının Azərbaycanda yayımını həyata keçirməkdə davam edəcəkdir.
AzNews.az