Pul, qulaqcıq, özəl xəbər istəyən kim, zürafə arzusunda olan kim... Pul, qulaqcıq, özəl xəbər istəyən kim, zürafə arzusunda olan kim...
  • Toplum
  • 19 Mart 2019 12:14
  •  10 298

Jurnalistlər papaq atdılar, sovqat istədilər - FOTOLAR

Pul, qulaqcıq, özəl xəbər istəyən kim, zürafə arzusunda olan kim...

Novruz xalqımızın ən sevimli, təntənəli şəkildə keçirdiyi bayramıdır. Əslində, Novruzu maraqlı edən lap qədimdən tarixin süzgəcindən keçib bu dövrümüzə qədər gələn adət-ənənələridir. Təbii ki, hamısına əməl etməsək də, bəzi adətlər hələ də aktuallığını qoruyub saxlayır. Qulaq falına çıxmaq, tonqal üzərindən tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, papaq atmaq, üzük falına baxmaq, süfrədə şam yandırmaq, küsülüləri barışdırmaq, qonaq getmək və. s bu kimi adətlərdəndir. Bütün bu sadalananların da hər birinin xüsusi məna yükü var. Amma bunlar içərisində uşaqların ən çox sevdiyi adət papaq atmaqdır. Əslində, nə yalan deyim, elə mən də Novruz bayramının papaq atmaq adətini çox sevirəm və bunun yaşadılmasının tərəfdarıyam. Novruzda papaq atmaq nemətlərin paylaşılması üçün ən gözəl fürsətdir. Hər kəsin evində Novruzun bütün naz-nemətlərindən olmur. Amma bu ənənə ilə hamı evində olanını qonşusu ilə bölüşür və ən əsası da, kimin kimə nə verdiyini heç kim görmür.

Biz də "Novruz yazıları” ənənəmizi davam etdirərək, media işçiləri arasında sorğu keçirdik. Həmkarlarımızdan soruşduq ki, hansı kütləvi informasiya vasitəsinə papaq atmaq və papaqlarına nə qoyulmasını istəyərlər?

"ARB24”-ün aparıcısı Rəhman Rəsulov deyir ki, radioda işlədiyi vaxtlar üçün çox darıxıb, ona görə, əvvəlki iş yerlərinə papaq atmaq istəyir: " Mən əvvəllər çalışdığım 100.5 fm və "Xəzər” radiosuna papaq atıb, radio ilə bağlı hər hansısa bir hədiyyəni götürmək istəyirəm. Çünki radio üçün çox darıxmışam. Novruz sovqatlarını onsuz da yeni iş yerim "ARB24”də də dadıram”.

Mətbuat.az saytının jurnalisti Günay Elşadqızı isə həyat yoldaşının çalışdığı redaksiyaya papaq atmaq istədiyini deyir: "Papağı yoldaşımın çalışdığı "Sim-sim.az” saytınına atardım. Papağıma "poverbank” qoyulmasını istəyərdim (gülür). Çünki "poverbank”ım xarab olub”.

Sputnik.az saytının müxbiri Təranə Xudabaxşıyeva ilə söhbət zamanı bəlli oldu ki, xanım həmkarımız bir yox, bir neçə media qurumuna papaq atmağı düşünür: "Əslində, bir neçə media qurumuna papaq atıb onların hərəsindən bir nemət götürüb böyük bir xonça düzəltmək istərdim. Sonra da həmin xonçanı həmkarlarımla birlikdə yeyərdik (gülür). Konkret adlara gəlincə isə "Report.az”, "Antenn fm”, ONA, ARB24 kimi media orqanlarına papaq atmağı düşünürəm”.

Publika.az saytının əməkdaşı Sevinc Xanqızı bu sualımız haqqında heç düşünmədiyini deyir: "O qədər maraqlı sualdır ki, düzü, bu barədə heç vaxt düşünməmişdim. Sayənizdə bütün dost saytlara səslənirəm ki, fərz edin, papaq atmışam, mənə paxlava yollayın. Çünki Novruz mənim bayramımdır, bahar uşağıyam. Açığı, cəmi 3 papağım qalıb, hamısını itirmişəm (gülür). Birini "Asan radioya”, digərini ARB-nin "Faydalı saat" verilişinə, sonuncunu isə mənim üçün doğma olan keçmiş iş yerim TRT-nin Bakı ofisinə atardım. "Asan radio”da Emin Musəvi, Kəmalə Onur, Ruslan Zeynal kimi dostlar var, özləri yaxşı bilir, papağı necə yola salırlar. "Faydalı saat" kollektivinin mətbəxi onsuz da boldur, yəqin papaq yerinə çuval atmaq lazım olacaq”.

"Report.az” saytının müxbiri Səid Qərib isə sualımıza bir az fərqli cavab verdi: "Açığı, hansısa KİV-ə papaq atmaq fikrim yoxdur. Amma belə məcburiyyətdə qalsaydım, adını çəkmək istəmədiyim bir sayt var ki, onun redaksiyasına qətiyyən papaq atmazdım. Çünki gün ərzində o qədər digər mətbuat orqanlarının istehsal etdiyi xəbərləri oğurlayırlar ki, atacağım papağın özünü də oğurlayacaqlarından qorxuram” (gülür).

"Antenn 101fm” radiosunun aparıcısı Əzizə İsmayılova isə Novruz adətinə uyğun olaraq, 7 media qurumuna papaq atmaq istəyir: "Əvvəlcə, fürsətdən istifadə edib "Kaspi" kollektivi başda olmaqla bütün media əhlinin Novruz bayramını ürəkdən təbrik edirəm. Papaq atmağa gəlincə, atacağamsa, mütləq Novruz adətinə uyğun 7 qapıya atardım. Yeni yaranan "ONA”dan başlayıb, keçərdim "Report”az-a, oradan "Modern.az”-a, yolüstü "FED.az”-a, 106.3 və "ASAN radio”ya, ən sonda isə AzTV-yə papaq atardım. Papaqda nə olacağına isə "dost payı şirin olar, hər nə olsa razıyam" prinsipi ilə yanaşardım.

"Sputnik Azərbaycan”ın radio bölməsinin müxbiri Elvin Səlimov bizim ən fəal oxucularımızdan imiş: "”Kaspi” qəzetinə papaq atmaq istərdim, papağıma da qəzetin ömürlük abunə kartı qoyulsa, əla olardı. Qəzetin hər həftənin 5-ci günü nəşr olunan "Gənclik əlavəsi”ni sevə-sevə oxuyuram. Oradakı yazılar məni motivasiya edir. Baxın görün, nə edirsiniz (gülür)”.

"Aznews.az” saytının əməkdaşı Nigar Cəfər isə papaq atacağı saytdan qulaqcıq istədiyini deyir: "Novruz bayramında papaq atmaq istədiyim redaksiya "Yeniçağ.az” saytının redaksiyasıdır. Saytın baş redaktoru Aqil bəyin də mənim kimi yeməkləri sevdiyini bildiyim üçün düşünürəm ki, papağa dadlı nemətlər qoyar. Bir də papağımın içinə bir ədəd qulaqcıq qoysa, əla olar. Çünki bayramqabağı yenə qulaqcığım qırılıb”.

"Cebhe.info”nun jurnalisti Hicranə İsmayılova isə düzgün, qərəzsiz xəbər axtarışına çıxıb: "Uşaqlıqdan indiyədək bəlkə də cəmi 5 dəfə papaq atmamışam. Ancaq bu adət Novruz bayramının yaraşığıdır və insanların bir-birinə gizli şəkildə yardımıdır. Əvvəlki qədər də olmasa, bu adətimizi hələ də yaşadan uşaqlar və böyüklər var. Media qurumları arasında isə fərq qoymaq istəməzdim. Düzgün, qərəzsiz xəbərlərlə çıxış edən qurumların hamısına baş çəkmək istəyərdim. Hədiyyə olaraq isə hərəsi bircə, özəl xəbər pay versələr, şad olardım. Media işçisi olaraq mənim üçün özəl xəbərdən, hadisədən başqa önəmli pay ola bilməz. Fürsət düşmüşkən, sizin vəsilənizlə bütün media işçilərini Novruz bayramı münasibətilə təbrik edirəm”.

"Mümkündürsə, hər redaksiyadan papağıma 10 manat qoysunlar” deyən isə "Axar.az”ın əməkdaşı Billurə Yunusdur: " Qonşu saytlarımız olan "Publika.az” və "Teleqraf.com”-a papaq atardım. Mümkündürsə, hər redaksiyadan 10 manat qoysaydılar əla olardı, 15 də ola bilər (gülür). Zarafat bir kənara, papağa nə qoysalar qəbulumdur. ARB24 telekanalına da papaq atmaq istərdim. Tələbə vaxtı orada təcrübə keçmişəm. Həm də kollektivin əksəriyyəti mənə doğmadır. Onlardan isə şəkərbura istəyirəm. Bir də AzTV-yə papaq atmağı düşünürəm. Səbəbini özüm də bilmirəm. Bu televiziya mənə həmişə maraqlı gəlib”.

"Salamnews” saytının müxbiri Orxan Kərimov deyir ki, papağa hər hansı bayram sovqatı qoyulduqda, insanlarda xoş təəssürat yaradır: "Report.az”, "Asan Radio”, "Azərtac”a papaq atardım. İstərdim ki, papağa Novruz adət-ənənələrinə uyğun bayram sovqatları qoyulsun. Ümumiyyətlə, atılan papağa, hər hansı bayram sovqatı qoyulduqda, insanda xoş təəssüratlar yaradır. Bütün jurnalistlərin bayramını təbrik edirəm”.

"Mövqe.az” saytının jurnalisti Zülfiyyə Quluyevapapaq atmaq üçün televiziyalardan birini seçdi: "Novruz bayramının çox gözəl adət-ənənələri var. Papaq atmaq da onlardan biridir. Yaxşı olardı ki, digər ənənələri də belə yaşadaq. ATV-yə papaq atmaq istəyərdim. Çünki orada yaxın dostlar çoxdur. Əminəm ki. papağımı layiqincə doldurub geri qaytararlar”.

"Aznews.az” saytının əməkdaşı Pərvanə Ağazadə isə papağına zürafə qoyulmasını istəyir: "Novruz bayramında ONA redaksiyasına papaq atmaq istəyirəm. Redaktorlardan biri olan Gülşən Hacıyevanın papağımı doldurmasını arzulayıram. Əminəm ki, o, ən sevdiyim heyvan olan zürafəni papağıma yerləşdirməyi bacaracaq (gülür)”.

"Azvision.az” saytının jurnalisti Elvin Əbdülqədirov sorğumuzu çox bəyəndiyini, hətta, bunu video formatında işləyib hazırlamağımızı təklif etdi: "Həqiqətən, maraqlı sorğudur. Hətta bunu reallaşdırmaq da olar. Fikrimcə, mətbuat nümayəndələrindən "papaqatanlar dəstəsi” yaradıb, baş verənləri videoya çəkib bu işi daha maraqlı etmək olar. Yəni sorğu olaraq qalmamalıdır. İmkan olsa, bütün media qurumlarına papaq atardım. Amma daha çox "Trend” və "Report” informasiya agentliklərinin qapısını döyəcləmək istərdim. Papağa nə qoymalarına gəlincə, qoz və fındığı bol eləsələr yaxşı olar”.

"Modern.az” saytının müxbiri Aysel Aslan isə əvvəl çalışdığı qəzetin redaksiyasına üz tutur: ”Novruz bayramının ən çox sevdiyim adəti axır çərşənbədə papaq atmaqdır. Amma düzünü deyim, redaksiyalardan hansına papaq ata biləcəyimi indiyə qədər düşünməmişdim. Məncə, 3 əsrin qəzeti olduğuna görə, "Kaspi”yə papaq atmaq daha bərəkətli olar Elə nə çıxsa, sizin papağınızdan çıxar. Papaq atmaq istədiyim növbəti redaksiya "Şərq” qəzetidir. Əvvəl "Şərq”də çalışdığıma görə, bilirəm ki, Novruz çərşənbələrində, xüsusilə, axır çərşənbədə redaksiyanın iş stolları çərəzlərlə bəzənir. İstərdim ki, "Şərq”in əməkdaşları, xüsusilə Fazilə xanım və Məlahət xanım Novruz bayramında redaksiyadakı bayram nemətlərindən papağıma yığsınlar”.

"Azadinform.az” saytının əməkdaşı Aygün Nəbiyeva isə qonşu redaksiyaların qapısını döymək istədiyini deyir: "Əslində özəlliklə papaq atmaq istədiyim redaksiya yoxdur. Amma əgər belə bir şey olsaydı, birinə deyil, bir neçəsinə papaq atardım. Elə ən birinci də öz qonşularımız "Kaspi" qəzetindən və "Aznews" saytından başlayardım. Bayram payının nə olacağınız fərqi yoxdur. Amma sözün düzü, Novruz bayramında bişirilən şirniyyatların görünüşü, səliqəsi diqqətimdə olub. Məsələn, şəkərburanın üstünün bəzənməsi, paxlavanın kəsimi və bu kimi hallar. Əsas odur ki, bayram hər bir ailəyə ruzi-bərəkət, bol-bol uğurlar, sevinc gətirsin. Bayramımız mübarək”.

"Palitra” qəzetinin jurnalisti Tural Tağıyev də "Kaspi” qəzetinə papaq atmaq istəyənlər sırasındadır: "Düzü, bu sualla uşaqlığımı yadıma saldınız. Uşaqlıqda da papağı atanda içində nələrinsə olmasını arzu edirdik. İndi belə bir imkan olsa, elə "Kaspi” qəzetinə atardım. Çünki oradakı kollektivdə bir neçə yaxın dostlar çalışır. Hədiyyəyə gəldikdə isə uşaqlığımı yadıma salacaq bayram sovqatları - şəkərbura, paxlava, çərəzlər, yəni Novruzu xarakterizə edəcək məhsullar olsa, bəsdir”.

"Xəzər” telekanalının aparıcısı Aynur Kərimli də əvvəlki iş yerinə papaq atmağı istəyənlərdəndir: "Elə öncə sizin redaksiyaya atacağam, hazırlıqlı olun ki, əliboş qayıtmayım. Əvvəlki iş yerim olan "Axşam.az” saytına papaq atmaq istəyərdim. Bir də "Prime Time” saytına da ata bilərəm. "Qafqazinfo”ya da atmaq olar, amma inanmıram ki, onlar papağı yaxşı doldura bilsinlər”.

"Şərq” qəzetinin redaktoru Ayyət Əhməd isə papaq atmaq istədiyi media qurumlarının adını sayıb bitirə bilmədi: "Qısa deyim ki, mənim bu papaq atmaq işində bəxtim heç gətirməyib. Ömrümdə cəmi bir dəfə papaq atmışam, papaq gedib elə bir yerə düşdü ki, ev sahibi çıxıb nə qədər axtardısa, tapa bilmədi. Sonda özüm utana-utana içəri girib papağımı götürəsi oldum. Düzdü, papağın içərisini Novruz sovqatı ilə doldurmaq istədilər, amma utandığımdan yaxın durmadım. Redaksiyalara gəlincə, mənə "525-ci qəzet" və "Yeni Müsavat"ın redaksiyaları daha maraqlı gəlir. İstərdim, bu redaksiyalara papaq atım, hörmətli Rəşad müəllim də fransız dilinə tərcümə etməyim üçün bir şerlər kitabı qoysun. Rauf bəydən isə bir qəzet nüsxəsi istərdim. Həmin sayda Rauf bəyin "Qəzetlər niyə yaşamalıdır?” başlıqlı geniş məqaləsi dərc olunsun! Yurd qonşumuz olan "Ədalət" qəzetinə papaq atıb, Aqil müəllimdən qonaqlıq istəyərdim. Digər yurd qonşumuz "Bakı- Xəbər" qəzetinə papaq atıb, Aydın müəllimdən açıqlama istəyərdim. "Ölkə.az”-ın da kollektivi maraqlıdır. "Modern.az”-a papaq atıb, məndən müsahibə götürmələrini istərdim. "Moderator.az"a papaq atıb, Seymur Əliyevin haralarda olduğunu öyrənmək maraqlı olardı. ONA-ya papaq atıb, bol çeşidli Novruz xonçası istərdim. Kulis.az-dan isə xahiş edərdim ki, "İP” xətrinə Səməd Vurğunu həftə səkkiz, mən doqquz, vətən xaini çıxarmaq fikrindən dönsünlər (gülür). Amma bu, adlarını çəkmədiyim redaksiyaları sevməməyim anlamına gəlmir. Bütün jurnalistlər və redaksiyalar mənə doğmadır”.

Sorğumuzda iştirak edən bütün həmkarlara təşəkkür edirik. Hər kəsin bayramı mübarək.(kaspi.az)

AzNews.az