- Toplum
- 28 İyun 2019 10:16
- 7 875
17 yaşadək uşaqlara uşaq pulu veriləcək - Analara şad xəbər
Mərhələli şəkildə Azərbaycanda uşaq pulunun bərpasını müşahidə edə biləcəyik
İqtisadçı ekspert Vüqar Bayramov 17 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulan uşaq pulunun bərpası ilə bağlı təklifləri hökumətə təqdim edib.
Bununla bağlı AzNews.az-a açıqlama verən ekspert sosial islahatların bir elementi olaraq mərhələli şəkildə Azərbaycanda uşaq pulunun bərpasının mümkin olduğunu dedi:
“Təkliflərimizi zamanla dövlət qurumlarına təqdim edirik. Onların bir qismi sosial paketin bir elementi olaraq artıq qəbul edilib. Nəzərə alsaq ki, əmək haqqı və pensiyalarda artım davam edir, biz pensiya amnesitiyasının verilməsini təklif etmişik. Elə vətəndaşlarımız var ki, onların pensiya çıxış imkanlarında müəyyən çətinliklər var. Onlara amnistiyanın verilməsi və pensiyanın təmin edilməsinə ehtiyac var. Əmək haqqı artımları zamanı sektoral olaraq aşağı əmək haqqı alan sektorlarda daha çox artımların həyata keçirilməsinin tərəfdarıyıq. Nəzərə alsaq ki, rəsmi statistikaya görə Bakı və regionlar arasındakı əmək haqqı məbləğində iki dəfə yaxın fərq var, ona görə də əmək haqqı artımlarının ünvanlı olaraq daha çox regionları əhatə etməsinin tərəfdarıyıq. Eyni zamanda biz, beyin mərkəzi olaraq 17 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulan sosial ödənişlərin (uşaq pulu ) mərhələli şəkildə tətbiq olunmasının tərəfdarıyıq. Güman edirəm ki, sosial islahatların bir elementi olaraq mərhələli şəkildə Azərbaycanda uşaq pulunun bərpasını müşahidə edə biləcəyik”.
Bahar RÜSTƏMLİ
AzNews.az