- Toplum
- 5 Dekabr 2019 12:27
- 5 379
Antisanitariya hökm sürən yerlərdən qida alınmamalıdır - Təhsil eksperti
Amma baş verən hadisələrin BDU-nun yeməkxanası, tələbələrin qidalanması ilə bağlılığı yoxdur
“BDU-nun 24 mindən çox tələbəsinin fərdi qidalanmasına nəzarət etmək mümkün deyil. Çünki onlar bir yerdə yox, ayrı – ayrı yerlərdə yaşayırlar”.
AzNews.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov son günlər tələbələr arasında baş verən zəhərlənmə hallarını şərh edərkən deyib.
O, qeyd edib ki, Bakı Dövlət Universitetində hal – hazırda 24 mindən çox tələbə təhsil alır:
“Gün ərzində əyani təhsil alan 20 mindən çox tələbə, 4 minə yaxın əməkdaş BDU-da olur. Onların 16 mini hər gün BDU-nun yeməkxanasından istifadə edir. Onlar arasında 500-dən çox xarici ölkələrdən gəlmiş tələbələr var ki, BDU-nun yeməkxanalarından davamlı olaraq istifadə edirlər və razılıqlarını bildirirlər. Təəssüflər olsun ki, son 1 ay ərzində Bakı Dövlət Universitetində dövlət başçısının siyasətinə uyğun olaraq həyata keçirilən islahatlardan narahat olan qüvvələr, BDU-nun son 6 ay ərzində əldə etdiyi uğurları, inkişafı gözü götürməyənlər, tədrisdə, idarəetmədə müasir tələblərə cavab verən strukturun formalaşdığını görənlər həqiqəti əks etdirməyən informasiyaları yayırlar. BDU-da təhsil alan hər bir tələbə bizim üçün əzizdir, doğmadır. Onların təkcə bizim universitetdə təhsil almasında yox, eyni zamanda şəxsiyyət kimi formalaşmağında, sağlam həyat şəraitində yaşamalarında maraqlıyıq. BDU-nun yeməkxanalarının hər biri 2019-2020-ci tədris ili başlayana qədər yenidən qurulub, tələbələrin zövqünü oxşayacaq şərait qurulub. Hər gün səhər saatlarında gigiyenik sanitar qaydalara uyğun yeni ərzaqlardan yeməkxana üçün yeməklər, şirniyatlar hazırlanır. BDU-nun bufetində satılan, yeməkxanalarında istifadə olunan bütün məhsulların uyğunluq, təmizlik sertifikartı vardır. Əlbətdə ki, heç bir tələbənin fiziki, psixoloji naraharlığını arzu etməzdik. Amma baş verən hadisələrin BDU-nun yeməkxanası və ya BDU-da tələbələrin qidalanması ilə bağlılığı yoxdur".
Kamran Əsədov vurğulayıb ki, ölkədə prezident tərəfindən sosial tədbirlər həyata keçirilir:
"BDU rəhbərliyi də bu siyasəyə uyğun olaraq ehtiyacı olan, aztəminatlı tələbələrə dəstək məqsədi ilə onlara BDU-nun yeməkxanalarından istifadə etmələri üçün pulsuz kuponlar verir. Bəziləri məhz onların qidadan zəhərləndiyini deməsi qərəzli məlumatdır. Belə ki, hər həftə ərzində BDU-nun 4 minə yaxın tələbəsi pulsuz kupon əldə edir. Əgər həqiqətən də qidalarla bağlı bir problem olsa idi, bu kütləvi şəkildə baş verərdi. Bildiyiniz kimi mövsüm dəyişir. Payız həm də qida zəhərlənməsi mövsümüdür. BDU rəhbərliyi bununla bağlı davamlı olaraq tələbələrə tövsiyələrini verir. Bu mövsümdə tələbələr qida məhsulları alarkən ehtiyatlı olmalı və qidaların saxlanma qaydalarına riayət etməlidirlər. Ərzaqların düzgün olmayan istifadəsi, saxlanılması, temperatur rejiminə, sanitar-gigiyena qaydalarına əməl olunmaması qida zəhərlənmələrinin əsas səbəblərindəndir. Bu cür hallardan qaçmaq üçün qidaların saxlanma rejiminə riayət olunmalı, mikrobların öldürülməsi məqsədi ilə termik emal həyata keçirilməli, antisanitariya hökm sürən yerlərdən qida alınmamalıdır".
Ekspert bildirib ki, BDU-nun 24 mindən çox tələbəsinin fərdi qidalanmasına nəzarət etmək mümkün deyil:
"Çünki onlar bir yerdə yox, ayrı – ayrı yerlərdə yaşayırlar. BDU-nun tələbə yataqxanalarında isə yeməkxana yoxdur və yemək verilmir. Hər bir tələbə fərdi qaydada bu məsələni özü həll edir. Buna baxmayaraq, bütün BDU kollektivi, tələbələri universitet rəhbərliyinin nəzarətindədir. Harda olmalarından asılı olmayaraq onların həyat və sağlamlığı bizim üçün önəmlidir".
Bahar RÜSTƏMLİ
AzNews.az