Bu sahə Mədəniyyət Nazirliyinin tabeliyindən çıxmalıdır Bu sahə Mədəniyyət Nazirliyinin tabeliyindən çıxmalıdır
  • Toplum
  • 10 Aprel 2023 16:15
  •  10 880

Azərbaycanda animasiya problemi: "Onlar mütəxəssis deyillər" - Tanınmış animasiya rejissoru

Bu sahə Mədəniyyət Nazirliyinin tabeliyindən çıxmalıdır

Azərbaycanda yerli, müasir cizgi filmləri, animasiyalar, demək olar ki, yox səviyyəsindədir. Bu gün telekanallar, teatrlar uşaqlar üçün sovetdən qalma cizgi filmləri təqdim edir. Nə zaman uşaqlar üçün yerli, müasir cizgi filmləri çəkiləcək? Bu sahədə inkişafın olmamasının səbəbi nədir, kadr, yoxsa maliyyə çatışmazlığı?

Mövzu ilə bağlı suallarımızı Azərbaycanın tanınmış animasiya rejissoru, əməkdar mədəniyyət işçisi Elçin Axundova ünvanladıq.

E. Axundov bildirdi ki, burada həm maliyyə, həm də kadr çatışmazlığı rol oynayır:

“Animasiya filmlərinin çəkilişində mütəxəssislərin iştirak etməsi mütləqdir. Sovet dövründə hər 5 ildən bir kurslar təşkil edirdim. Cavan rəssamları dəvət edib animasiya qanunlarını öyrədirdim. Sonra da onlara animasiyaların çəkilməsində yardım edirdik. Biz əvvəllər il ərzində 7-8 animasiya çəkirdik. 1990-cı illərdən sonra bu sahədə maliyyələşmə olmadı”.

Mütəxəssis qeyd etdi ki, 1995-cı ildən sonra maliyyə probleminə görə animasiya çəkilməsi dayanıb:

"Daha sonra bu sahə Mədəniyyət Nazirliyinin sərəncamına keçdi. İldə bir filmə pul ayırırdılar. Mütəxəssislərdən də xaricə gedənlər oldu. Bəziləri vəfat etdi. Əvvəllər 50-yə yaxın rəssam işləyirdisə, həmin vaxtlar 10-12 rəssamı çətinliklə tapırdıq. Onları işə cəlb etdik. 2012-ci ildə mən Mədəniyyət Nazirliyi ilə yola getmədiyimə görə işdən ayrıldım. Düşünürəm ki, film, animasiya sahəsi Mədəniyyət Nazirliyinin tabeliyindən çıxmalı, əvvəllər olduğu kimi müstəqil olmalıdır. Təkcə animasiyalar deyil, həm də bədii və sənədli filmləri nəzərdə tuturam. İkincisi isə animasiyalar üçün kurslar açmaq və studiyalar yaratmaq lazımdır".

Rejissor vurğulayıb ki, bu gün animasiya çəkənlər mütəxəssis deyillər:

"Bu animasiyaların çəkilməsi Azərbaycanda animasiya olduğu demək deyil. Biz artıq 6 ildir ki, Rəşid Ağamalıyevlə (Azərbaycanlı gənc animasiya mütəxəssisi və filmmeyker, “ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı”nın yaradıcısı - red.) beynəlxalq animasiya festivalları keçiririk. Bununla dövlətin diqqətini animasiyaların çəkilməsinə cəlb etmək istəyirik. Bunun üçün studiyalar yaratmaq mütləqdir. Bütün qonşu ölkələrdə animasiya filmləri çəkilir, amma bizim ölkədə bu problemdir".

Ayan Rzayeva,

AzNews.az