• Toplum
  • 27 İyun 18:03
  •  2 480

Payızda meyvə qıtlığı yaranacaqmı? - AÇIQLAMA

“Yağışın, leysanın, o qədər də payızlıq meyvələrə ziyanı yoxdur. Ancaq, harada ki, dolu yağıb ciddi zərər dəyir. Yetişməyən meyvələr var, həmin meyvələri dolu döyüb tökür. Tez-tez olan yağışların müəyyən mənfi təsirləri var. Meyvələrdə xəstəliklər yaradır. Hazırda artıq narın çiçəkləyən vaxtlarıdır. Yağışlar narın tozlanma prosesini əngəllədi. Ola bilsin ki, nar bu il qıt olsun. Payızlıq meyvələrə dolu və yağış müəyyən qədər zərər vurur və bu məhsuldarlığa təsir edə bilər. Amma hər hansı bir proqnoz vermək çətindir, çünki biz yerli informasiyaları, necə deyərlər, tam olaraq əldə edə bilməmişik”.

Bu sözləri AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

İqtisadçı ekspert qeyd edib ki, dəymiş ziyan açıqlandıqdan sonra payızda qıtlığa səbəb olub-olmayacağını tam biləcəyik:

“Hazırda hər yerə də elə ciddi yağmur, dolu yağmır. Dolu bilirsiniz ki, müəyyən istiqamətlərə düşür. Kəndin bir tərəfinə dolu düşür, digər tərəfinə isə yox. Belə müşahidələr olur. Yəni harda dolu düşübsə, orada ziyan, zərər var. Həmçinin yağışın da müəyyən qədər zərəri var. Meyvələrdə xəstəlikləri provakasiya edir, sürətləndirir. Bu da sözsüz ki, məhsuldarlığa təsir göstərir. Elə fermer var ki, vaxtında dərmanlama prosesi aparır. Eləsi də var ki, vaxtında bunu etmir və meyvədəki xəstəlikləri duya bilmir. Bu xəstəliklər sonradan zərər vura bilir. Ümumiyyətlə, havanın temperaturunun aşağı olması meyvələrin yetişməsinə, gəlişməsinə əngəl törədən amillərdəndir. Zərərlərin həcmi geniş olarsa, əlbəttə, payızda meyvə qıtlığı yaşana bilər”.

Rəfiqə NAMAZƏLİYEVA