- Toplum
- 17 Sentyabr 15:00
- 3 629
Bakının tarixi malikanələrinin qapıları təmir olunur
Bakıda yerləşən tarixi malikanələrin taxta qapıları təmir olunur.
Bu barədə Bakı Abadlıq Xidmətindən məlumat verilib.
Məlumata görə, paytaxtda baş tutacaq COP29 tədbiri ilə bağlı "Baku Doors" (Bakı qapıları) layihəsi davam etdirilir.
Layihə rəhbəri, bərpaçı memar Rüfət Quliyev bildirib ki, ötən əsrin əvvəllərində şəhər mərkəzində tikilən malikanələrin taxta qapıları orijinal sənət nümunələri sayıldığına görə əsaslı təmiri qərara alınıb.
“Bu məqsədlə xüsusi emalatxana yaradılıb. Təmir olunacaq qapılar sökülüb, sakinlərə narahatlıq yaranmasın deyə yerlərinə müvəqqəti başqa bir qapı qoyulub. Tarixi qapılar emalatxanaya gətirilib və yüz il əvvəl çəkilən boya qatları təmizlənib. Son olaraq bərpa olunmuş qapıların üzərinə yağışa, küləyə, isti-soyuğa davamlı olması üçün bir neçə qat xüsusi qoruyucu lak örtüyü çəkilib”, - deyə memar qeyd edib.
Layihə rəhbəri COP29-dan sonra da bərpa işlərinin davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, əlaqədar qurumlarla birgə həyata keçirilən bu layihəyə 2021-ci ilin mart ayında start verilib. Bakıda aparılan monitorinq zamanı tarixi binalardakı köhnə orijinal qapıların əksəriyyətinin təmirinə ehtiyac olduğu aşkarlanıb.