• Toplum
  • 19 Dekabr 15:04
  •  3 735

Tovuzda məktəbdəki tüstülənməyə görə 60 nəfər xəstəxanaya çatdırılıb - - YENİLƏNİB-3

Tovuzda məktəbdəki tüstülənməyə görə 60 nəfər xəstəxanaya çatdırılıb.

Bu barədə TƏBİB-dən bildirilib.

Son məlumata görə, 60 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb.

13:47

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə 55 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.

11:57

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobadakı tıxanma səbəbindən yaranan tüstülənmədə 20 nəfərə yaxın şagird özünü pis hiss edib.

Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində tüstülənmənin genişlənməsinin qarşısı alınıb:

"Şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20 nəfərə yaxın şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət olunub. Onların səhhəti diqqət mərkəzində saxlanılır".

İdarədən bildirilib ki, hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

"Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə vurğulanıb.

11:39

Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.

Zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, şagirdlər sobanın tüstüsündən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.