- Toplum
- 11:51
- 1 121
"Banklar mütəmadi olaraq tətbiqlərini yeniləməlidir" - ekspert
“Son zamanlar bankların mobil tətbiqində yaşanan problemlər vətəndaşları təşvişə salıb. Belə halların tez-tez baş verməsi və səbəbi barədə məlumat verilməməsi insanları narahat edir. Nəticədə də vətəndaşların banklara inamı azalır”.
“Bu tipli hallar narahatlıq yaradır və vətəndaşların banklara olan inamına təsir edə bilər. Bankların mobil tətbiqlərində yaşanan texniki problemlər, ödənişlərin həyata keçməməsi və ya tətbiqin açılmaması, istifadəçinin nararahat olmasına səbəbdir. Hər birimiz empatiya quraraq bunu anlaya bilərik. Problemlərin səbəbləri çox müxtəlif ola bilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.
Ekspert qeyd edib ki, bankların texniki infrastrukturu, tətbiqlərin yaxşı optimallaşdırılmaması, serverlərin yüklənməsi və ya proqram təminatında səhvlər bu cür halların təkrarlanmasına səbəb ola bilər.
“Lakin, bu problemlər barədə istifadəçilərə zamanında və dəqiq məlumat verilməməsi onların narahatlığını artırır. Bu cür vəziyyətlərdə banklar istifadəçilərə şəffaflıqla yanaşmalı və problemlər barədə daha açıq məlumat verməlidirlər. Həmçinin, banklar müştəri xidmətlərini gücləndirərək, istifadəçilərin dərhal kömək almasını təmin etməlidirlər. Bankların texniki dəstəyi və tətbiqlərin sistematik şəkildə yenilənməsi də bu kimi problemlərin qarşısını almağa kömək edə bilər. Əgər bu cür bir problem yaşayırsınızsa, bankın müştəri xidmətlərinə müraciət edib vəziyyət barədə məlumat öyrənmək olar. Bununla yanaşı, mütəmadi olaraq tətbiqləri yeniləmək lazımdır”.
Rəfiqə NAMAZƏLİYEVA