• Toplum
  • 5 Fevral 23:02
  •  1 080

Niyə bütün şagirdlər qeydiyyatda olduqları ərazidə məktəbə getmir? - Rəy və təkliflər

Tez-tez şahidi oluruq ki, kənarda yaşayan valideyinlər hər gün uşaqlarını mərkəzdəki məktəblərə gətirir. Bu da kütləvi hal aldıqda artıq gərəksiz tıxaca səbəb olur. Bəs, valideynlərin bu addımı atmasına səbəb nədir?

Mərkəzdən kənarda yaşayan şagirdlərin öz yaşadıqları ərazilərdəki məktəblərə getmələri üçün hansı işlər görülə bilər?

Mövzu ilə bağlı Trend-ə danışan təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, son dövrlər valideyinlərin əksəriyyəti övladlarının şəhər mərkəzlərində yerləşən təhsil müəssisələrində təhsil almalarına çalışırlar:

“Amma düşünürəm ki, bu yanlışdır. Çünki təhsil haqqında qanunvericilikdə də, Elm və Təhsil Nazirliyinin hər dəfə çağrışlarında da qeyd olunur ki, ən yaxşı məktəb sizə yaxın olan məktəbdir. Yəni, məsafə baxımından, uşaqların yorulmaması baxımından, eyni zamanda uşaqların məktəbə daha rahat gediş-gəlişi baxımından ən yaxında olan məktəb daha əlverişlidir. Bəzi valideynlər düşünürlər ki, şəhərin mərkəzində yerləşən məktəblərdə daha yaxşı, keyfiyyətli tədris həyata keçirilir. Amma bu düşüncə mənim fikrimcə yanlışdır. Çünki istənilən halda təhsil müəssisələrində çalışan təhsilverənlərin hər biri müvafiq olaraq Elm və Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada işə qəbul imtahanları ilə işə qəbul edilir. Yəni, onların bilik və bacarıqları həm müəllimlərin işə qəbul imtahanlarında, həm də sertifikasiya əsasında, o cümlədən müvafiq diaqnostika əsasında yoxlanılır. Bu da onu deməyə əsas verir ki, bir məktəbdə yaxşı, digər məktəbdə pis müəllim var prinsipi deyil. Sadəcə olaraq seçdikləri məktəbin mərkəzdə olması və ya mərkəzdən kənar olması valideynlərin diqqətində olan məsələdir”.

Ekspert qeyd edib ki, valideynlər bu addımla özləri də bilmədən qanunvericiliyin tələblərini pozurlar.

“Sanki onlar düşünürlər ki, mərkəzdə olan məktəblərdə keyfiyyətli təhsil var. Bu zaman valideynlər özləri bilmədən qanunvericiliyin tələblərini pozmuş olurlar. Çünki əsasən qeydiyyatda olduqları rayon və ya yaşadıqları ərazilər üzrə məktəblərdə qeydiyyata alınmaları vacibdir. Halbuki onların övladı şəhər mərkəzində təhsil alır amma yaşayış yeri hansısa kənar bir rayondur. Bu zaman həmin valideyn mərkəzdə yaşayan vətəndaşların da təhsil hüququnu pozmuş olur. Ona görə də bu amillər mütləq nəzərə alınmalıdır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi şagirdlərin məktəbə qəbulu qaydalarını bir qədər sərtləşdirməlidir ki, konkret olaraq həmin ərazidə yaşayan şəxslər qeydiyyata alınsınlar. Əlavə olaraq valideynlərin fikrində formalaşan "şəhərin mərkəzində daha yaxşı müəllimlər çalışır" prinsipini qırmaq lazımdır. Hər bir təhsil müəssisəsi rəhbəri də çalışmalıdır ki, həmin məktəbin nüfuzu daha da yüksək olsun. Belə olan halda həmin ərazidə yaşayan valideynlər də övladlarının yaşadıqları yerdə təhsil almalarına çalışacaqlar. Bu amillər həm də şəhərdə sıxlıq məsələsinin də qarşısını ala bilər. Çünki valideyn daha uzaq məsafəyə övladını apararkən tıxacın da yaranmasına bir qədər təsir göstərir. Fikrimcə, bununla bağlı da qarşıdakı zamanda müvafiq tədbirlər görüləcək”,- deyə o əlavə edib.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə Trend-ə bildirib ki, məktəblərin kənar zonalarla şəhər mərkəzlərində eyni vəziyyətə gətirilməyi ideal bir haldır.

"Bu, bir çox ölkənin nail ola bilmədiyi məsələdir. Kənddə, şəhər mərkəzində olan bütün məktəblər aşağı-yuxarı təhsilin keyfiyyəti baxımından eynidir. İnsanlar əsasən, məktəbin sosial vəziyyətinə görə, idman zalı, laboratoriya, mühit, müəllimlərin keyfiyyəti məsələlərinə görə, məktəb seçimi edir. Seçim zamanı valideyn də, şagird də istəyər ki, məsafə yaxın olsun. Amma bəzən məsafənin uzaq olmasına rəğmən, insanlar hər gün bir saatlıq yolu, məsafəni qət edir və yaxşı məktəbdə təhsil almaq üçün bunu seçir. Bəzən də çox qəribədir ki, xüsusən də Bakıda insanlar anası, atası hansı məktəbə gedibsə, uşaq da o məktəbdə təhsil almaq istəyir. Daha doğrusu valideynləri tərəfindən buna təşviq olunur ki, sən bu məktəbdə oxu. Halbuki o məktəbin xüsusi bir cəhəti yoxdur. Bəzən insanlar sadəcə təhsilin keyfiyyəti üçün məktəb seçimi etmir, elə ata-anasının seçimi səbəbilə gedib şəhər mərkəzindəki məktəbdə təhsil alır. Halbuki Nardaranda, Maştağada və ya Binədə, Zirədə olan məktəblər şəhər mərkəzində olan məktəblərdən bəlkə də daha keyfiyyətlidir",- deyə o əlavə edib.

O qeyd edib ki, rayon, kənd yerləri ilə şəhər mərkəzlərində yerləşən məktəblər arasında çox fərqlər var:

"Əlavə olaraq ölkə miqyasında fikirləşsək rayon, kənd yerləri ilə şəhər mərkəzlərində yerləşən məktəblər arasında çox fərqlər var. Fikrimcə, bu fərqləri aradan qaldırmaq da infrastrukturla, qazlaşdırma, internetləşdirmə ilə əlaqədardır. Bu yerdə müəllimin keyfiyyəti çox da ön plana çıxmır. Bununla bağlı da işlər görülür. Xüsusilə Elm və Təhsil Nazirliyinin müvafiq idarələri bu məsələlərə baxır. Məktəblərdə ildən-ilə qazlaşdırma, internetləşdirmə işləri görülür. Bu işlər tamamilə yekunlaşdıqdan sonra düşünürəm ki, şagirdlərin kənardan mərkəzə üz tutması məsələsi həll ediləcək"