- Toplum
- 18 Mart 12:38
- 4 939
Mediatorun intizam məsuliyyətinin artırılması ilə bağlı dəyişiklik ilk oxunuşda qəbul edilib

Yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora irad tutma intizam məsuliyyəti tədbirləri də tətbiq ediləcək.
Bununla bağlı “Mediasiya haqqında” qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, qanun layihəsinə yeni maddə də əlavə olunub. Belə ki, qanunun 16.2-ci maddəsində göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
Eyni zamanda layihədə tərəflərin ailə və əmək mübahisələri üzrə mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikləri təqdirdə ilkin mediasiya sessiyasının keçirilməsinin tələb olunmaması təklif edilir.
Həmçinin mediasiya fəaliyyətinin həyata keçirilməsi hüququnun dayandırılması faktiki olaraq mediasiya prosesinin xitamına səbəb olur. Qeyd olunanları nəzərə alaraq mediasiya prosesinə xitam verilməsi əsaslarına mediator və ya mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması halının əlavə edilməsi təklif edilir.
Bundan başqa, təqdim edilən qanun layihəsində həmçinin etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsinin genişləndirilməsi təklif edilir.
Belə ki, təklif olunan dəyişikliklərə əsasən, din xadimləri, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular mediator ola bilməzlər.
Bundan başqa, bu siyahıya hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna ( o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.
Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.