• Toplum
  • 25 Mart 16:03
  •  1 490

Elektromobil sahiblərinə xidmət göstərən sahibkarlar "Azərişıq"dan narazıdır

Son illər Azərbaycanda vətəndaşların elektrikli avtomobillərə marağını artırmaq üçün bir sıra addımlar atılır.

Ölkəyə gətirilən elektromobillərlə yanaşı, onların elektrik doldurucuları da vergidən azad edilib.

Bununla belə, elektromobil sahiblərinə elektrik doldurma xidməti göstərən bir qrup sahibkar "Azərişıq" ASC-dən narazıdır. Üzləşdikləri problemlər barədə Baku TV-yə danışan iş adamları deyir ki, səhmdar cəmiyyəti onların fəaliyyətinə əngəl törədir, ölkənin müxtəlif ərazilərində quraşdırdıqları elektrik stansiyalarına görə texniki şərt almağı tələb edir. Buna əməl etmədikdə isə stansiyaların elektrik enerjisi təchizatı dayandırılır. Artıq Rusiya ilə dövlət sərhədinə qədər olan magistral yolda, eləcə də Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Şəkidə quraşdırılmış onlarla stansiya söndürülüb.

"Azərişıq"ın idarə rəisi Vaqif Mustafayev isə deyir ki, əlavə elektrik güclərinin hamısı dövlət qeydiyyatına alınmalıdır: "Nəzərə alınmayan güclər şəbəkəyə qoşulduqda gözlənilməz açılmalar, izafi yüklənmədən qəza halları baş verir ki, bu da həmin zonada digər istehlakçıların, xüsusilə vətəndaşların elektrik enerjisi ilə təchizatında fasilələr yaradır".