- Toplum
- 13:31
- 1 207
Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayır

Azərbaycanda qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılır.
AzNews.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir.
Qeyd edilir ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.
Təsərrüfatlarını azad olunuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək 9 aprel, saat 10.00-dan etibarən qeydiyyatdan keçə bilərlər.
Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.
Fermerlərin köç portalına daxil etdikləri məlumat və sənədlərin tələblərə uyğunluğu yoxlandıqdan sonra təsdiq ediləcək. Müraciəti təsdiq edilmiş fermerin ANAMA tərəfindən keçirilən təlimdə iştirak etməsi üçün Nazirlik tərəfindən fermerə təlimin yeri və vaxtı barədə SMS bildiriş göndəriləcək. Təlimlərdə iştirak etmiş fermerlərə mərhələli şəkildə öz təsərrüfatlarını yaylaqlara köçürüməyə icazə verildiyi barədə SMS bildiriş göndəriləcək.
Köç prosesində iştirak etmək istəyən fermerlərin öz təsərrüfatlarındakı iribuynuzlu və xırdabuynuzlu heyvanları identifikasiya etməsi və identifikasiya ilə bağlı məlumatları EKTİS-ə daxil etməsi tövsiyə olunur.
Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.